Gəncə kuklaçıları Almatıda

post-img

II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı başlanıb. Budəfəki sənət bayramında Çin, Rusiya, Polşa, Çexiya, Bolqarıstan, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstanın ən yaxşı kukla teatrı kollektivləri ilə bərabər, Azərbaycan təmsilçiləri də iştirak edirlər.

Festivalı Qazaxıstan Dövlət Kukla Teatrı Almatı şəhər rəhbərliyinin dəstəyi ilə keçirir. Məqsəd seyrçilərə çağdaş kukla tamaşalarını təqdim etmək, beynəlxalq yaradıcılıq əlaqələrini gücləndirmək və bu sahədə yaradıcı ideyaları dəstəkləyəcək platforma yaratmaqdır.

Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Fərmayıl Paşayev bildirib ki, festival çərçivəsində qeyri-adi kukla personajları ilə müxtəlif ab-havada tamaşaların nümayişi maraqla qarşılanacağına şübhə yoxdur. Onun rəhbərlik etdiyi kollektiv qardaş ölkədə Azərbaycanın Xalq şairi Rəsul Rzanın şeirinin motivləri əsasında səhnələşdirilmiş “Ana qaz” tamaşası ilə təmsil olunur. Birhissəli uşaq tamaşasının quruluş müəllifi və musiqi tərtibatçısı teatrının baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir. Tamaşada əsas rolları Zülfiyyə Əliyeva, Şamil Məmmədli, Nahidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova və Məhəmməd Hacıyev ifa edirlər. Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində maarifləndirici yaradıcılıq görüşləri və ustad dərsləri də keçiriləcək.

XQ

Mədəniyyət