Bazar günü dostum Hamlet Mehdiyev sosial şəbəkədə sinif yoldaşları ilə görüşündən şəkillər paylaşaraq, Avropadan gəlmiş dünyaca məşhur qrafika ustası Fəxrəddin Vəliyevin də Sumqayıtda olduğunu bildirmişdi. Dərhal zəng edib, 17 nömrəli məktəbdə məndən bir sinif yuxarıda oxumuş Fəxrəddinin özü ilə əlaqə saxladım və elə həmin gün gənclik şəhərindəki məşhur “Göyərçin” abidəsinin yanında görüşməyi vədələşdik. Ora gedib çatanda gördüm ki, artıq məni gözləyir.
Doğrusu, məktəbdə oxuduğumuz vaxt Fəxrəddinin qeyri-adi qabiliyyətinin olduğunu bilmirdim. Çox sonra öyrənmişdim ki, onun adı “Ginnesin rekordlar kitabı”na düşüb. Həm də bu fakt Azərbaycan üçün bir ilk olub. O, insanın üzünə bir dəfə baxıb, qayçı ilə kağızda onun siluet obrazını anındaca yaradan, həm də heyrətamiz dərəcədə oxşadan nadir sənətkardır.
Uzun illərdən sonrakı görüşümüzdə həm xatirə yağışına düşdük, həm də çoxdan Avropada yaşayan sənətkarın uğur hekayəsi ilə tanış oldum. Əvvəlcə Sumqayıt üçün qəribsədiyini bildirdi, köhnə dostlarını yada saldı və qarşımızdakı qeyri-adi abidəyə işarə ilə onun müəllifinin mərhum dostu Vaqif Nəzirov olduğunu söylədi. Mən də dedim, bilirəm, Vaqif Nəzirov uzun illər Sumqayıtın baş rəssamı olub. Sonra da əlavə etdim ki, məncə, Azərbaycanın başqa heç bir şəhərində belə bir vəzifə olmayıb. Elə bu fikirlərin mabədi kimi sənət haqqında söhbətimizə davam elədik.
İstedadlı qrafika ustası 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə, yəni hərəyə cəmi 15 saniyə vaxt sərf etməklə dünya şöhrəti qazanıb. 1992–1995-ci illərdə Yunanıstanda və Türkiyədə, sonra başqa ölkələrdə fərdi sərgiləri təşkil edilib. Avropanın böyük şəhərlərinin mərkəzi meydanlarında ona öz bacarığını göstərməsi üçün yerlər ayrılıb. 2003-cü ilin dekabrında məşhur “Belqium” muzeyində Belçika kraliçasının rəsmini çəkib. Kraliça soydaşımıza məktub vasitəsilə təşəkkürünü bildirib.
Fəxrəddin Vəliyev azərbaycanlı sənət adamı kimi Belçika, İspaniya və Fransada yaxşı tanınanlardan biri olmaqla bərabər, ölkəmizi və millətimizi xaricdə təbliğ edə bilməsi ilə öyünən soydaşımızdır. Fransız, ingilis, alman dillərini mükəmməl bilir, özü də çox mütaliəli və ünsiyyətcildir deyə, əcnəbilərlə asan dil tapır. Bu barədə danışmağı sevməsə də, diaspor fəaliyyətinin və fərdi qaydada gördüyü xeyriyyəçilik işlərinin bir qismini aşkarlaya bildim. Belçika Krallığındakı Avropa–Azərbaycan mərkəzinin vitse-prezidenti kimi örnək fəaliyyətləri ilə də tanınıb. Hazırda Fransada, O-de Frans bölgəsinin mərkəzi olan Lill şəhərində, Belçika sərhədinin 10-15 kilometrliyində yaşayır, orada da qeyri-adi sənət qabiliyyətini nümayiş etdirə bilib. Üstəlik, bir Azərbaycan türkü kimi hörmət-izzət qazanıb.
Onunla qəhvə içə-içə 1 saatdan çox söhbət elədik. Sənətdən, millətlərarası münasibətlərdən danışdıq. Fransa haqqında danışanda dedi ki, dövlətin, hökumətin siyasətini bir kənara qoyaraq, xalqın yüksək mədəniyyətə sahib olduğunu xüsusi vurğulamaq istərdim. Camaat sadədir, həssasdır.
– Qonşuluğumuzda bir tənha qarı yaşayırdı, – deyə davam elədi. – Evdəkilərə tapşırmışdım ki, ona qarşı diqqətli olsunlar, qayğı göstərsinlər. Təsəvvür edin, qarı dünyasını dəyişəndən sonra müvafiq qurumlar mənə zəng edərək bildirdilər ki, o, vəsiyyətnaməsində evini sizə bağışladığını yazıb, birlikdə qapısını açmaq, mənzilə baxıb təhvil-təslim etmək lazımdır. Mənim buna ehtiyacım yox idi, amma xahişə əməl edib ora getdim. Ev geniş idi, hər şeyi vardı. Mərhum qadının 1300-dən çox nadir kitabı olduğunu gördüm və dedim ki, evi istəmirəm, ancaq bu kitabları götürürəm. Beləcə, ailə kitabxanamı xeyli zənginləşdirdim...
Orta məktəb yoldaşlarımız haqqında da danışdıq. Əksəriyyəti ilə görüşdüyünü bildirdi. Dedi ki, məktəbi bitirməyimizdən yarım əsr ötsə də, əlaqələrimiz üzülməyib. Sinif yoldaşlarından bir qrupu onun Vətənə gəlişi münasibətilə ötən gün bir yerə toplaşaraq, xatirələrə dalıb, şənləniblər. Belə görüşlər həmişə yaddaqalan olur.
Sinif yoldaşı Əbülfəz Bünyadov da Fəxrəddin bəylə hər görüşün ona unudulmaz təsir bağışladığını söylədi:
– Mən hüquqşünasam, – dedi, – amma onunla hər söhbətdən sonra incəsənətlə bağlı bilgilərimin xeyli artdığını hiss edirəm. Fəxrəddinin sənət yanğısına heyranam. Həmişə deyir ki, Azərbaycanda çoxlu istedadlar var, son dərəcə gözəl əsərlər yaradırlar. Amma onların xaricdə tanıdılması, populyarlaşdırılması işi zəifdir. Mədəniyyət qurumları, diaspor təşkilatları gərək bu amilə diqqəti artırsınlar. Bildiyim qədərincə, Fəxrəddin özü imkanları daxilində bu fəaliyyətlə də cani-dildən məşğul olur. Əziz dostuma uğurlar diləyirəm!
Fəxrəddin Vəliyevin bacısı oğlu, 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində çalışan Vətən müharibəsi qazisi, mayor Nəsir Zeyni onun haqqında iftixarla danışdı:
– Fəxrəddin dayım bir neçə gündür ki, doğma Vətəndədir. 75 illik yubileyinə görə zövqlə bəzədilmiş, küçələri əlvan işıq effektləri ilə göz oxşayan şəhərimizi həvəslə gəzir, köhnə dostları ilə görüşür. Onun Sumqayıta ötən səfərindən 15 il keçir, öncəki səfəri də ondan 15 il əvvələ təsadüf edib. Amma daim ürəyi Azərbaycanla, Sumqayıtla bir vurub, bizimlə sıx əlaqə saxlayıb. Qayçı və kağızla bir neçə saniyəyə çəkdiyi siluetləri ilə məşhurlaşan və “Ginnesin Rekordlar Kitabı”na düşmüş ilk azərbaycanlı olan dayımla, sözün əsl mənasında, qürur duyuram.
Kiyevdə yaşayan tanınmış soydaşımız – vokalçı, Ukraynanın Xalq artisti Qurbanəli Abbasovla telefon söhbətimiz də Fəxrəddin bəyin xarakter cizgilərini xeyli dolğunlaşdırdı:
– Rusiya–Ukrayna müharibəsi başlananda ilk raket bizim evə düşmüşdü. Başımıza gələnlərdən xəbər tutan Fəxrəddin bəy və Fransadakı digər soydaşlarımız bizimlə əlaqə saxladılar, ailə üzvlərimizi Ukraynadan çıxarmağı məsləhət gördülər. Fəxrəddin bəy şəxsən hər cür kömək etməyə söz verdi. Onda qızımgil xaricdə idilər, geri qayıtmaq istəyirdilər, amma bu, mümkün olmadı. Mən gedib onları Fransaya apardım. Fəxrəddin bəy bizi öz əzizləri kimi qarşıladı və hər vasitə ilə yardımçı oldu: sığınacaq, əyin-baş və sair.
Bax, tale bizi Fəxrəddin bəylə belə görüşdürdü, onun şəxsində özümə gözəl bir dost tapdım. O, həm də heyrətamiz bir sənətin sahibidir. Qayçı ilə işləyən əllərinin, barmaqlarının sanki gözü var, anındaca olduqca oxşar siluetlər kəsib düzəldir. Xalqımızın belə oğulları ilə fəxr edirik. Var olsun!
Əli NƏCƏFXANLI
XQ