Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və “Eight Group” şirkətinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə tələbə rəssamların dünən COP29-a həsr olunmuş sərgisi açılıb. Bakının “QGallery” sərgi salonunda keçirilən “Yaşıl Dünya Naminə Həmrəylik” sərgisində müasir insanın düşdüyü ekoloji vəziyyətlə bağlı gerçəkliyi əks etdirən sənət əsərləri nümayiş etdirilir.
Sərginin konsepsiyasının əsasını ekoloji şüurun, şüurlu istehlakın və təbiətə qayğının sadəcə dəb tendensiyası olmadığını ifadə edən çağırış təşkil edir. Bu gün bu, daha çox həyati zərurətdir və ümumi gələcəyimizə töhfədir. Tələbə rəssamların əsərləri “QGallery”də oktyabrın 17-dək nümayiş etdiriləcək.
Sərginin açılışından sonra akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, əvvəlcə ADRA-nın rəngkarlıq ixtisasının müxtəlif kurslarında təhsil alan tələbələrin 120-dək rəsminin təqdim edildiyi müsabiqə keçirilib: “Akademiyanın rektoru və müəllimlərinin, “Eight Group”un nümayəndələrinin daxil olduğu münsiflər heyəti həmin işlərin arasından 33 əsəri seçib. Həmin rəsmlər 21 müəllifə aiddir. Qalib gələn rəsm əsərlərinə mükafatlar təqdim ediləcək. Müsabiqənin 3 finalçısına pul mükafatı veriləcək. Əlavə olaraq, 7 iştirakçıya həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub.
Akademiyanın rektoru Natiq Əliyev başda olmaqla, düşündük ki, COP29-a bizim də töhfəmiz olsun. Tələbələr sevinirlər ki, onların əl işləri sərgilənir. Bugünkü açılışda yüzlərlə ziyarətçinin iştirakı gözlənilir”.
ADRA-nın rəngkarlıq kafedrasının baş müəllimi Ramil Məmmədov isə dedi ki, məqsədimiz incəsənət vasitəsilə tamaşaçının diqqətini təbiətə müdaxilənin nəticələrinə, ekologiyanın insan mədəniyyətinin səviyyəsindən asılılığına, ətraf mühitdə baş verən dəyişikliklərə yönəltməkdir: “Yaşıl Dünya Naminə Həmrəylik” sərgisində təqdim olunan əsərlər arasında insanın və Yer kürəsində həyatın həm təbii fəlakətlər, həm də öz əməlləri qarşısında acizliyini nümayiş etdirən, müəyyən bir reallıq ab-havasına qərq edən akademik şəkildə işlənmiş mənzərələr var”.
Rizvan FİKRƏTOĞLU
XQ