Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr edilib. Növbəti dəfə “Kritika” nəşriyyatının yayınladığı, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda cərəyan edir.
“Səhra savaşı” XXI yüzildə qloballaşan dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi-əxlaqi çöküş və humanitar böhranla müşayiət olunan bəşəri problemlərə sərt etiraz ruhu ilə seçilir. İnsanlığın keçib gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.
Süjet hörüyü fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın baş qəhrəmanı olan Qocanın timsalında yer üzündə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın gerçək mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.
Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman daha sonra Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanıb, haqqında müxtəlif səpkili araşdırmalar aparılıb.
XQ