Şəhərin bu günü sabahına açılan geniş qapıdır
Mən bu şəhər haqqında çox yazmışam. Zəhmət adamları ilə dəfələrlə görüşmüş, park və xiyabanlarını, bəlkə də, şəhər sakinləri qədər gəzmişəm. Mingəçevir ölkənin hər gecəsini, mən isə qələmlə bu şəhərin bir neçə gecəsini “işıqlandırmışam”. Tikinti, quruculuq, abadlıq sahələrindəki göstəricilər ildən-ilə dəyişdiyinə, uğurlar artdığına görə həmişə yeni yazılara ehtiyac olub. Mingəçevirlilər yeni nailiyyətlərə imza atmaqdan yorulmadıqları kimi, mən də bu gözəl şəhər haqqında söz açmaqdan usanmamışam. Həmişə də Kürün üstündəki qağayıları xoşbəxt adlandırmışam ki, onlar “Nur şəhəri”nin gözəlliklərini yerə qonanda da görə bilirlər, suyun dalğalarında da, göyün üzündə də...
Yeni xiyaban – yeniləşmənin timsalı
Təxminən 3 ayın söhbətidir. Mingəçevirdəki Heydər Əliyev prospektində –20 Yanvar və Mirzə Fətəli Axundov küçələrinin aralığında yerləşən Xiyabanda görülən quruculuq və əsaslı təmir işlərinə baxış keçirilirdi. Tədbirdə biz – mətbuat təmsilçiləri də iştirak edirdik. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov dedi ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə respublikanın hər yerində olduğu kimi, Mingəçevirdə də reallaşan quruculuq işlərinin sahəsi genişlənir. Şəhər icra hakimiyyətində təsdiq olunmuş cari ilin tədbirlər planına müvafiq olaraq sakinlərin rifah halının yaxşılaşdırılması, mənalı istirahətinin təmin olunması üçün parklarda və istirahət məskənlərində yeni əlavələr edilir, nümunəvi məhəllələr yaradılır, uşaqların və gənclərin sağlamlığı üçün idman və əyləncə qurğuları quraşdırılır.
Mətbuat işçilərinin suallarını cavablandıran şəhər rəhbəri bildirdi ki, Mingəçevirin gözəlləşməsi, sakinlərin rahatlığı üçün küçə və məhəllələrdə yeni layihələrə başlanılıb, nümunəvi məhəllələr yaradılır, yaşıllığın qorunması üçün suvarılma işləri aparılır. Əsas məqsədimiz vətəndaşların mənalı istirahətinin təminatı üçün gözəl şərait yaratmaqdır.
Burada zamanın səsi duyulur
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, İkinci Qarabağ müharibəsindən sonra yaratdığımız yeni reallıqlar, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq başlanan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə ötən illər ərzində genişmiqyaslı işlər həyata keçirilib. Şəhər icra hakimiyyətinin buradakı sosial-iqtisadi inkişafın vəziyyəti və qarşıda duran vəzifələr haqqında hesabatlarında bu, xüsusilə vurğulanır. Qeyd etmək yerinə düşər ki, həmişə olduğu kimi, bu il görülən quruculuq işlərinin sahəsi daha da genişlənib. Şəhər rəhbərliyinin birbaşa nəzarəti ilə aparılan əsaslı təmir və abadlıq işlərinə məsuliyyətlə yanaşılır. Və yerlərdə işlərin gedişatı ilə bağlı monitorinqlər keçirilir.
Mingəçevirin həmin günlərinin şahidi olanlardan kim yaşayır?
Bakıya gələndə tez-tez keçmiş iş yoldaşımız, qocaman həmkarımız, Əməkdar jurnalist İttifaq Mirzəbəyli ilə paytaxtın müxtəlif muzeylərinə baş çəkirik. Bir dəfə o mənə dedi ki, sən Mingəçevirin 75 illiyi münasibətilə mükəmməl bir qəzet materialı hazırlamışdın. Ancaq həmin gün yada salınmalı bir faktı niyə unutmuşdun, bilmədim. Soruşdum, hansı faktı? Dedi ki, Mikayıl Abdullayevin 1948-ci ildə çəkdiyi “Mingəçevir işıqları” tablosunu.
Həmkarım həmin tablonun fotosunu internetdən tapıb mənə göstərdi, baxdım və böyük rəngkarın təxəyyülünə min rəhmət oxudum. Mən o tablonun çəkilməsindən 11 il sonra dünyaya gəlsəm də, elə bildim ki, həmin tablodakı mənzərənin şahidi olmuşam və necə xatirələr yaşadımsa, bir Allah bilir.
Xatırladım ki, dünya şöhrətli rəssamın Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan bu əsərində Kür çayının sahillərində inşa edilən Mingəçevir Su Elektrik Stansiyası əks olunub. Ən maraqlısı odur ki, çayın hər iki sahilindəki elektrik fənərləri Mingəçevirin ilk işıqlarıdır. Sol tərəfdə Bozdağ görünür. Qabaqda hansısa keçid məntəqəsi, tikintidə iştirak edənləri görməyə gəlmiş insanlar, ekskavatorlar, traktorlar... Sanki Səməd Vurğunun “Muğan” poemasının rəngli təsviridir.
Ən maraqlısı isə odur ki, bu əsər elə çəkildiyi il Moskvada, sonra Buxarest, Sofiya, Belqrad, Tirana, Praqa, Paris, Monreal şəhərlərində və Livan, İraq, Suriya kimi ölkələrdə də nümayiş etdirilib. Yəni dünya ölkələri Mingəçeviri təkcə bu gün deyil, hələ ötən əsrin 40-cı illərindən tanıyırdı.
Mənə 60 illik yubileyimdə Mingəçevir icra hakimiyyətində bir tablo hədiyyə etdilər. Əsərin müəllifinin kim olduğunu bilməsəm də bu qiymətli hədiyyəni böyük məmnuniyyətlə gətirib “Xalq qəzeti”nə hədiyyə etdim. Mingəçevir Su Elektrik Stansiyasının, ilk dəfə qoyulan “Ana dili” abidəsinin işığa bürünmüş tablosu indi redaksiyamızda otaqlardan birini bəzəyir. Redaksiyaya hər gəlişimdə həmin otağa mütləq girirəm, divardan asılmış bu əsərə tamaşa edirəm. Sanki, canımdan yorğunluğum çıxır, əsəblərim sakitləşir. Nə isə...
1948-ci ilə açılan pəncərə
Mingəçevirə hər gəlişimdə bu şəhərdəki həmkarlarımızın iş yerinə gedir, “Mingəçevir” qəzetinin yeni nömrəsini vərəqləyirəm. Qəzetin redaktoru ilə mətbuatın bugünkü problemlərindən, qayğılarından danışırıq. Tələbə yoldaşım Mirsədi Daşdəmirov bir dəfə söhbət zamanı bildirdi ki, qəzet əvvəllər “Mingəçevir işıqları” adıyla çıxıb. Bu 1948-ci ildə şəhərin yaradılmasında iştirak edənlərin hazırladığı divar qəzetinin adından götürülüb. 1948-ci ildən “Mingəçevir inşaatçısı”, 1954-cü ildən “Mingəçevir işçisi” adı ilə nəşr olunub və 1965-ci ildən “Mingəçevir işıqları”na çevrilib. Uzun illər bu qəzet Əməkdar jurnalist Fidail Abdullayevin rəhbərliyi ilə işıq üzü görüb. Ruhu şad olsun!
Doxsanıncı illərin əvvəlində ölkənin bütün qəzetləri kimi “Mingəçevir işıqları” da çoxsaylı problemlərlə üzləşmiş və fəaliyyəti dayanmışdı. 1999-cu ildən sonra isə “Nur şəhəri”nin qəzeti adına layiq fəaliyyət göstərir. İndi bu qəzetin istənilən materialı ürək açır. Şəhər icra hakimiyyəti başçısının səyyar qəbulları, ictimai-siyasi məzmunlu, mədəni və elmi-kütləvi tədbirlər, idman yarışları, şəhərin rəsmi qonaqları, tikinti-quruculuq işlərinin genişlənməsi, iqtisadi sahədəki uğurlar... Bir sözlə, mingəçevirli həmkarlarımız üçün, sözün həqiqi mənasında, mövzu bolluğu mövcuddur.
Şəhidlər əzizdir, ata-anaları urvatlı
Bu ilin avqustunda mənə məlumat vermişdilər ki, şəhər icra hakimiyyətinin başçısı sakinlərlə növbəti görüş keçirəcək. Dəqiq vaxtı bilməsəm də icra hakimiyyətinə getdim. Məlum oldu ki, İlham İsmayılov xəstəxanaya, müalicə alan şəhid valideynlərinin yanına gedib.
Öyrəndim ki, hər iki övladı şəhid olmuş Sevinc Əhmədova və Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Arzu Xəlilova Mingəçevir Mərkəzi Xəstəxanasında müalicə alırlar. İcra hakimiyyətinin başçısı illərdən bəri formalaşdırdığı ənənəni davam etdirərək, həmin şəhid valideynlərinə baş çəkməyə gedibmiş. Görürsünüzmü, hər zaman olduğu kimi, yenə də bu qəbildən olan insanlara hər zaman qayğı göstərilir, diqqət ayrılır. Xəstəxananın rəhbərliyinin təkcə bu iki xəstənin deyil, ümumiyyətlə, bütün şəhid ailələrinin və qazilərin səhiyyə ilə bağlı istənilən probleminin yüksək səviyyədə həll etdiyini istənilən mingəçevirli təsdiq edə bilər.
Rəqəmlərsiz keçinmək olmur
Həmişə belə olur. İstənilən yazını qələmə alanda düşünürəm ki, bu dəfə heç bir rəqəmdən istifadə etməyəcəm. Ancaq neyləmək olar, mingəçevirlilərin fəaliyyət dairəsi geniş olduğu kimi, uğurları da çoxdur. Həmin göstəricilərin hamısı isə rəqəmlərlə ifadə olunur. Ona görə də əvvəllər olduğu kimi, bu dəfə də rəqəmlərdən qaça bilmirik.
Məsələn, şəhər icra hakimiyyətinin müvafiq qurumundan aldığımız məlumatda deyilir ki, Azərbaycan İES ərazisindəki yaşayış massivində Mənzil Kommunal Təsərrüfatı Kombinatı işçilərinin bilavasitə iştirakı ilə ötən 5 il ərzində 59 yaşayış binasında əsaslı təmir işləri aparılıb, 232 giriş dəhlizi və binaların fasadları təmir olunub, 5 nümunəvi məhəllə yaradılıb. Ərazidə 15 küçə, 31 dalan və 5 nümunəvi məhəllədə asfaltlanma işləri aparılıb, 25 küçədə dirəklər quraşdırılıb, yeni işıqlanma nöqtələri yaradılıb.
İlin əvvəlində tərtib edilmiş tədbirlər planına uyğun olaraq bu ilin sonunadək yaşayış massivində dövlət proqramının növbəti mərhələsi olaraq kanalizasiya sistemi yenidən quraşdırılmaqla 2 nümunəvi məhəllənin yaradılması işlərinə başlanılıb. Küçələrdə və dalanlarda işıqlanma nöqtələri yaradılmaqla yeni işıq dirəkləri quraşdırılacaq. Ərazidə binaların qarşısında 30 oturacaq, 10 söhbətgah qoyulacaqdır ki, bu da vətəndaşların rifah halının yaxşılaşdırılmasına, səmərəli istirahətinə imkan yaradacaqdır. Kanalizasiya sisteminin çəkildiyi bu binaların ətrafının asfaltlanması, bordürlərin qoyulması işləri də mərhələli şəkildə davam etdirilir.
Yeni qəhrəmanlar
Yaşadığımız günlər İkinci Qarabağ müharibəsinin qətiyyətlə başlanıb, Zəfərlə qurtarmasını əhatə edən 44 günün dördüncü ildönümünə təsadüf edir. Mingəçevirlilərin bu məzmunda söyləməli olduğu faktlar yetərincədir. Yüzlərlə gənc “Nur şəhəri”nə üzağlığı gətirib. Elə bir əlamətdar gün olmur ki, şəhər rəhbərliyi ictimaiyyət fəalları ilə birlikdə “Şəhidlər xiyabanı”nı ziyarət etməsin. Elə bir şəhid ailəsi yoxdur ki, onun evinə baş çəkilməsin. Elə bir qazi yoxdur ki, şəhərdə kiməsə müraciət etsin və cavabsız qayıtsın.
“Anım günü” ilə bağlı tədbirlər planına əsasən Mənzil Kommunal Təsərrüfatı Kombinatının xidməti ərazisində olan şəhid bulaqları və lövhələri səliqə-səhmana salınaraq, təmizlənib, bayraqları yenisi ilə əvəz olunub, ərazidə ağac və gül kolları əkilib.
Yeri gəlmişkən, Mingəçevirdəki “Şəhidlər xiyabanı”nın ilk “sakini” Vaqif Yaqub oğlu Ağakişiyevdir. Vaqif 1992-ci ildə Xocalı faciəsinin acılarına dözməyərək “Vətən dardadır!” – deyərək döyüşə yollanıbmış. 24 yaşında, nişanlı bir gənc idi. Mingəçevirin könüllülərdən ibarət batalyonuna qoşulmuşdu. Bacısının dediyinə görə, Vaqif cəbhəyə gedəndə Mingəçevirdə hələ “Şəhidlər xiyabanı” yox idi. Həmin yerdə 20 Yanvar şəhidlərinin rəmzi xatirə kompleksi var idi.
“Burada “Şəhidlər xiyabanı”nın həqiqi şəhidləri biz olacayıq. Vətən yolunda ölmək var, dönmək yoxdur” deyən Vaqif hər iki sözünün üstündə durub. Həm geri dönməmək barədə, həm də mingəçevirlilərin and yerinin ilk sakini olduğuna görə.
Söyləyirlər ki, qızğın döyüşlər gedən zaman Vaqif başından yaralanır. Yoldaşları onu döyüşdən çıxarmaq istəyəndə deyir ki, mən cəbhəyə gələndə söz vermişəm ki, öldü var, döndü yoxdu. Geri çəkilmir. Döyüş yoldaşlarına deyir ki, üstümüzə tank gəlir, geri çəkilin. Əlinə qumbaranı alıb tankın qarşısına gedir və... həm zirehli tankı, xeyli erməni əsgərini, həm də özünü partladır. Bu zaman 14 nəfər mühasirədə olan döyüşçü yoldaşları xilas olur.
Kür sahilində teatr...
Mən bilən teatr həvəskarları da, mədəniyyət işçiləri də “çay kənarında teatr” və ya “bilet satılmayan tamaşa” ifadələrini o qədər də tez-tez eşitmirlər. Amma Mingəçevir sakinləri bu il həmin tamaşanı gördülər. Həmin gün Mingəçevir Dövlət Dram Teatrının 57-ci mövsümünün təntənəli açılışı, şəhər sakinləri və teatrsevərlərin marağına səbəb olan unikal bir sənət bayramına çevrildi. Kür sahilində baş tutan tədbir şəhərin mədəni həyatında əlamətdar bir hadisə olaraq yadda qaldı. Mingəçevir Şəhər İcra Hakimiyyəti, Ağdaş Regional Mədəniyyət İdarəsi, Mingəçevir Dövlət Universiteti, eləcə də şəhərin media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir, teatrın milli-mədəni dəyərlərimizin təbliği istiqamətindəki fəaliyyətinə yeni bir nəfəs verdi.
O tədbirdə iştirak eləmiş bir jurnalist dostumuz danışır ki, səhnədəki obrazlar tədbirin əsas diqqət mərkəzində idi. Hər biri özünəməxsus xarakter və rəngarəngliklə təqdim olunan bu obrazlar teatrsevərlərdə xüsusi təəssürat yaratdı. Klassik qəhrəmanlardan tutmuş, müasir Azərbaycan dramaturgiyasının obrazlarına qədər geniş spektrdə təqdim olunan bu səhnə əsərləri teatrın 57-ci mövsümündə hansı yeniliklər vəd etdiyini göstərirdi. Səhnədəki obrazların bir çoxu dərin fəlsəfi məna daşıyır, milli-mənəvi dəyərləri ifadə edir, tamaşaçını düşünməyə və teatrın gələcək tamaşalarını izləməyə çağırırdı.
Amma digər iştirakçının fikrincə, həmin gün teatr tamaşasının ədəbi-fəlsəfi tərəflərini qiymətləndirənlərə nisbətən xoş istirahət günü keçirənlər daha çox idi. Çünki həmin gün səhnədə yaradılan obrazlar, şeirlər və musiqi nömrələri teatrsevərlərin və şəhər sakinlərininin maraq dairəsinə aid idi.
Toplanan bal qədər pul mükafatı
Bu il “Nur şəhəri”ndə yaranan yeni bir ənənənin şahidi olduq. Belə ki, Mingəçevir Dövlət Universitetinin həyətində təşkil olunan mərasimdə təhsil ocağının professor-müəllim heyəti, qonaqlar, tələbələr, valideynlər, ictimai şura üzvləri, şəhid ailələrinin üzvləri, qazilər, mətbuat işçiləri iştirak edirdilər. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ölkə rəhbəri İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışdı. Vurğuladı ki, uzun illərdən sonra ilk dəfə olaraq dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə azad olunan torpaqlarımızda bu gün 8-ə yaxın orta məktəbdə ilk zəng çalındı, Qarabağ Universiteti fəaliyyətə başladı. Bu torpaqlarda həyat yenidən bərpa olunur. Bu gün biz Mingəçevir Dövlət Universitetinin uğurlarından fərəhlə danışır, şəhərimizə verdiyi töhfələrdən bəhs edirik.
Şəhər rəhbəri qətiyyətlə dedi ki, Mingəçevirin ictimai-siyasi həyatında MDU-nun xüsusi yeri vardır. Ötən illərdə universitetin sahəsinin genişləndirilməsi, təhsilin keyfiyyətinin artırılması məqsədi ilə inşasına başlanan yeni korpusda işlər davam edir. Əminliklə demək olar ki, yeni təhsil korpusları hər cür ləzavimatlarla, texniki vasitələrlə təchiz olunmaqla istifadəyə veriləcək və burada tələbələrin sayı artaraq 10 min nəfərə çatdırılacaqdır. Bu gün regionda öz nüfuzu ilə seçilən Mingəçevir Dövlət Universiteti yeni-yeni uğurlara imza atacaqdır.
Çıxışlardan və təbriklərdən sonra universitetdə 500 və ondan yuxarı bal toplayan tələbələrə topladıqları balın miqdarında birdəfəlik pul mükafatları verildi, xatirə şəkilləri çəkdirildi.
“Nur şəhəri” – göz bəbəyi
Vətən Müharibəsi Qəhrəmanı Səfər Qurban oğlu Qurbanovun xatirələri əlimə keçmişdi. Oxudum, xoşuma gəldi. Maraqlıdır. Siz də tanış olun:
“Yuxarı komandanlıqdan tapşırıq verildi, xüsusi önəm kəsb edən Mingəçevir şəhərinin havadan müdafiəsi bizə tapşırıldı. Ora bir raket belə düşməli deyildi. Əks halda, mülki əhali arasında çox böyük itkilər ola bilərdi. Düşmənin olduqca hiyləgər və rəzil olması da deməyə əsas verirdi ki, Mingəçeviri, hava hücumundan müdafiəsi bizə tapşırılan İstilik Elektrik Stansiyasını və Su Elektrik Stansiyasının bəndini hədəf alacaqlar. Biz öz döyüş tapşırığımızı, fəaliyyətimizi yerinə yetirmək üçün Mingəçevirdə döyüş mövqeyimizi tutduq. Cəb-
hədən bir-birinin ardınca sevincli xəbərlər alırdıq. Bilirdik ki, ermənilər qarşımızda çox da tab gətirməyəcəklər, qaçacaqlar. Eyni zamanda, hücumu dayandırmaq üçün həmin günlərdə mülki əhalini hədəf alırdılar, Bərdəni raket atəşinə tutmuşdular.
Oktyabrın 9-da 14:31 radələrində düşmən Mingəçevirə istiqamətlənən “Elbrus” taktiki operativ raket atdı. Bu, olduqca qorxulu, məhvedici bir raketdir. Sonradan Gəncə şəhərinə, dinc əhalini hədəf alan zaman da məhz “Elbrus”dan istifadə etmişdilər. Oktyabrın 9-da Mingəçevirə atdıqları “Elbrus”u izləyib qoruduğumuz şəhərin üzərində, 23 kilometr hündürlükdə “S300" zenit-raket kompleksi ilə havada məhv etdik. Həmin günlərdə sayıqlığımızı bir saniyə belə itirmədik, yuxarı komandanlığın tapşırığının icrası üçün gecə-gündüz bilmədən xidmət apardıq”.
İsmayıl müəllimin dedikləri...
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadəyə hamı ağsaqqal kimi baxır. Əslən Cəbrayıl rayonundandır. Hər dəfə Mingəçevirdə olanda çalışıram ki, ona baş çəkəm, ağsaqqal, böyük məsləhəti alam. Dünyadan vaxtsız köçmüş, unudulmaz Hüseyn Əfəndinin yaxın dostu olub. Həmişə də söhbətimizdə bizim üçün doğma olan o insanı dönə-dönə xatırlamışıq. İsmayıl İmanzadə neçə-neçə kitabın müəllifidir. Poeziyanın təəssübünü çəkən adamdır. Bir dəfə Bakıya gedirdim. Mənə zəng vurdu. “Bu gün Fəxrəddin Əziz adlı bir şairin yubileyini keçirdik, – dedi, – Allah rəhmət eləsin! Bir misrasını deyim, özün qiymət ver.
Vallah şair olmasaydım,
Almazdım şeirin vaxtını.
Misra məni yaman tutdu. Qəzetimizdə həmin tədbirlə bağlı xəbər də verdik. Gözəl şeirləri olan, bir sözlə şeirin vaxtını almayan İsmayıl müəllimə xüsusi təşəkkür elədim.
Bu dəfə onunla söhbətimizi sahil boyunca, gəzə-gəzə davam etdirdik. Onunla danışanda, sözün həqiqi mənasında, nikbinlik dərsi alırsan. “Bizim ölkəmizin də, xalqımızın da, Mingəçevirimizin də daha xoş günləri hələ qabaqdadır”, – deyir. – Biz hələ çox əlamətdar günləri qeyd edəcəyik. Bunu dövlət başçımızın siyasəti, xalqımızın əzmi, iradəsi sübut edir.
Şəhər icra hakimiyyətinin başçısı, az qala, hər həftə bir məhəllənin sakinləri ilə görüşür. Özü də, həmin görüşlərin hamısının xeyiri, səmərəsi olur. Bu gün Mingəçevirin dövlət başçımızın arzuladığı səviyyədə abadlaşdırılması da, insanların rifah halının yaxşılaşdırılması da, turistlərin və şəhərimizin qonaqlarının gündən-günə çoxalması da şəhərə rəhbərlik edən adamın Mingəçevir sevgisinin nəticəsidir.
***
“Mingəçevir sevgisi”– bu ifadə, az qala, Bakıya çatanadək beynimdə təkrarlandı. Sonda əziz müəllimimiz Cahangir Məmmədlinin bir ifadəsini xatırladım: İstənilən məsələdə, işiniz, fəaliyyətiniz, qarşıya qoyduğunuz məqsədə sevginiz yoxdursa, hansısa müsbət nəticə gözləməyə dəyməz.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Mingəçevir