Vətən müharibəsinin beyləqanlı qəhrəmanı

post-img

Ramiz Qasımovun yurd sevgisi və hünəri gənclərə örnəkdir

Şəhid polkovnik-leytenant haqqında yazı tapşırığı alanda onun doğulduğu Beyləqanla əlaqə saxladıq. Qardaşı ilə söhbətləşdik. O, ailədə Çingiz, Hafiz, Ramiz və Mübariz adlı 4 qardaş olduqlarını, atası Vaqif Qasımovun və anası Şölə Həsənovanın 2012-ci ildə vəfat etdiklərini bildirdi. Qardaşı Hafizin 1992-ci ildə itkin düşdüyünü, Ramizin isə Vətən Müharibəsi Qəhrəmanı kimi tarixə düşdüyünü dedi.

Ramizin ömür-gün yoldaşı Günel Qasımovaya zəng edib məqsədimi açıqlayanda “İndi Ramizin yanına gedirəm, Fəxri xiyabana. Qayıdıb sizinlə əlaqə saxlayacağam” – dedi. “Ramizin yanına” kəlmələri məni duyğulandırdı. “Dərdini danışmağa, söhbətləşməyə, ürəyini boşaltmağa gedir”, – deyə düşündüm. Allah baiskara lənət etsin. Bu müharibədə ailə həyatı yarıda qırılan neçə-neçə bir üzü qız – bir üzü gəlinlərimiz qaldı. Hamısı bir-birindən gözəl, gənc, fədakar və güclü.

Görüşümüz baş tutdu. Gözünün hər açılması, kipriklərinin sıxılıb-qalxması ilə yanaqları aşağı axan selin qarşısını al, görüm, necə alırsan? Amma dik duruşu məni qürrələndirdi. An sonra duyğularına hakim kəsilib sözə başlaması məni heyrətləndirdi. Söhbəti maraqlı, nitqi rəvan, güclü bir xanımla üz-üzə oturduğumu anladım...

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, Usta dərəcəli pilot, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Vaqif oğlu Qasımov 1975-ci il, fevralın 17-də Beyləqanda doğulmuşdu. 45 illik ömrünün 28 ilini hərb sənətinə bağlamışdı. O, 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin ilk saatlarında “SPAYK” uzunmənzilli raketlərilə silahlanan “Mi-17” hücum vertolyotu ilə cəbhənin Tərtər–Madagiz– Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi.

Ramiz Qasımov Beyləqan şəhər 4 nömrəli tam orta məktəbdən 1992-ci ildə məzun olmuşdu. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı müharibə yeni-yeni alovlanırdı. O, Vətənə daha faydalı xidmət üçün hərbçi olmağa üstünlük verib, 1992-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.

Təhsil aldığı 5 il müddətində həm pilot, həm də hərbçi kimi yetişir və 1997-ci ildə təhsilini başa vurub. R.Qasımov 1992-ci ildən başlayaraq, həm də Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər rayonu ərazisində yerləşən Qala aviabazasında xidmətdə olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün tip vertolyotlarda uçuşlar edib. Hər növ helikopteri idarə etməkdə özünü sınadığından ali məktəbi başa vuranda həmin illər qədər təcrübə və “dəmir qanadlı” pilot ləqəbini qazanıb.

Döyüş təcrübəsi vardı

2016-cı ildə Aprel döyüşlərində iştirak edən Ramiz Qasımov artıq oddan-alovdan keçib bərkimiş, döyüş təcrübəsi qazanmışdı. Amma özü etiraf edirdi ki, onun daha ciddi döyüş yolu, hərbi xidməti əsasən, Tovuz döyüşlərindən başlayıb. 2020-ci il iyulun 12-də günorta saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutmuşdu. Ordumuzun bölmələrinin cavab tədbirləri nəticəsində hücum cəhdinin qarşısı alınaraq mənfur düşmən geri oturdulmuşdu. Döyüşlərin elə ilk saatlarında hərbi qulluqçularımızdan 3 nəfər şəhid olmuş, 4 nəfər isə ağır yaralanmışdı.

Bu yerdə xüsusi olaraq qeyd etməliyik ki, həmin döyüşlərdə Ermənistan ordusunun dayaq məntəqələrinə və canlı qüvvələrinə səmadan zərbələr, məhz Ramiz Qasımovun idarə etdiyi “Mi-17” döyüş vertolyotu tərəfindən endirilmişdi. İyulun 13-də günorta saatlarında da bölmələrimiz tərəfindən cəza tədbirləri davam etmişdi. Həmin tədbirlər nəticəsində qarşı tərəfin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və digər hərbi hədəflər darmadağın edilmişdi.

Suqovuşan – son döyüş

2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verildi. Polkovnik-leytenant Ramiz Qasımovun döyüş yolu İkinci Qarabağ müharibəsində davam etdi. Suqovuşanın azadlığı uğrunda gedən savaş onun son döyüşü oldu.

Müharibənin qızğın çağında hərbi hədəflərin məhv edilməsindən sonra Ramizin idarə etdiyi “Mi-17” hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən vurulur. Nəticədə vertolyot sürətlə hündürlüyünü itirməyə başlayır. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan “atılma” əmrini verir. Özü isə 1500 nəfərin yaşadığı kəndə düşməməsi üçün sürətlə hündürlüyünü itirən helikopteri xüsusi ustalıqla boş sahəyə tərəf istiqamətləndirməyə başlayır. Nəhayət, Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənir. O, son anda vertolyotdan atılsa da, başından ağır zərbə alır. Onu dərhal Bərdə Rayon Xəstəxanasına, sonra isə Silahlı Qüvvələrin Baş Hospitalına gətirirlər. 25 gün koma vəziyyətində qalandan sonra oktyabrın 22-də şəhidlik məqamına ucalır.

Polkovnik-leytenant Ramiz Qasımov II Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən Ramiz Qasımov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Dövlət başçısının digər sərəncamlarına əsasən, Ramiz Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” və digər medallarla təltif edilib.

Onun məhv etdiyi qurğular

“Dəmir qanadlı” Ramiz Qasımovun rəhbərliyi altında müharibə zamanı “Mi-17” hücum vertolyotu ilə “Dağlıq Qarabağ” arsenalında olan 3 ədəd “9K33 OSA” Zenit Raket Kompleksi məhv edilmiş və qarşı tərəfə ümumi olaraq 30 milyon 900 min ABŞ dolları məbləğində ziyan dəymişdir. Ramiz Qasımovun rəhbərliyi altında məhv edilən dörd qurğudan üçü motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qoruyan “9K33 OSA” özüyeriyən Zenit Raket Kompleksi olub. Həmin qurğuların Rusiya Federasiyasında istehsal olunduğu və Ermənistan Silahlı Qüvvələrinə satıldığı məlumdur. Ermənistan Silahlı Qüvvələri tərəfindən isə qurğuların bir qismi qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərinə yerləşdirilir və qondarma “Dağlıq Qarabağ” Müdafiə Ordusunun tabeliyinə verilirdi. Ramiz Qasımovun rəhbərliyi altında məhv edilən dördüncü qurğu isə Rusiya istehsalı olan Repellent “P-19” radiolokasiya stansiyasıdır. Həmin qurğu uzaq məsafədən Pilotsuz Uçuş Aparatlarının idarəetməsini ələ alır, onun iş rejimini pozur və məhvinə səbəb olur. Müharibə zamanı ordumuzun arsenalında olan PUA-lardan geniş istifadə olunmaqla həmin qurğuların məhv edilməsi önəmli hədəflərdən biri idi.

Polkovnik-leytenant Rəşad Nadirov, döyüş yoldaşı:

– Ramiz Qasımov usta pilot idi. Pilotlar üçün bundan yüksək zirvə yoxdur. Ordu aviasiyasında olan bütün tip vertolyotlarda uçuşları vardı. O, həm təlimatçı, həm də sınaqçı pilot olub. Bütün yeni növ silahların tətbiqinə buraxılışı vardı. Ölkəmizin əldə etdiyi yeni növ silahların tətbiqini gənclərə öyrədirdi. Helikopterin vurulma anında özünün atılma imkanı vardı. Amma təcrübə cəhətdən daha gənc pilotların kabinədən öncə çıxmasına şərait yaratdı. Heyət üzvləri atılandan sonra həmin təhlükəli anda da o, yaşayış məskəninə düşməmək, dinc sakinlərə xətər toxundurmamaq üçün vertolyotu boş sahəyə yönəltmişdi. Amma saniyələr gedir, vertolyot sürətlə enirdi. Ramiz Qasımov yaşayış məskənindən uzaqlaşdığına əmin olduqdan sonra helikopteri tərk etdi. Onun paraşütü açılmışdı, amma elə səmada atəşə tuş gəldi.

Onu da deyim ki, şəhid polkovnik-leytenant Ramiz Qasımov artıq uzun müddət idi təqaüd imkanı əldə etmişdi, ordu sıralarından gedə bilərdi. Amma o, Vətənə xidməti müqəddəs iş hesab edirdi. Deyirdi ki, dövlət bizi oxudub, yetişdirib. Ona görə, biz bu dövlətə canımızı fəda etməliyik. Ordu sıralarından ayrılsaydı, daha yüksək məvacib ala bilərdi, mülki hava yollarında uça bilərdi. O, bir neçə xarici dil bilirdi, xeyli fərqlənmələri vardı. Amma qəlbindəki Vətən sevgisi, Qarabağı azad etmək arzusu onu şəhidlik zirvəsinə ucaltdı.

Kapitan Coşqun Rüstəmov, döyüş yoldaşı:

– Polkovnik-leytenantla biz digər ekipaj üzvləri ilə döyüş uçuşuna qalxdıq. Ramiz Qasımov “SPAYK” uzunmənzilli raketlərlə silahlanmış “Mi-17” helikopterində uçuşlar həyata keçirirdi. İlk uçuşunda düşmənin bir çox strateji əhəmiyyətli hədəflərini sıradan çıxardı, həmçinin bir neçə OSA zenit raket kompleksini və P19 radiotexniki vasitəsini məhv etdi. Onun idarə etdiyi hücum vertolyotu əməliyyat zamanı təyin olunan vaxtdan 20 dəqiqə tez havaya qalxmışdı. Düşmənə sarsıdıcı zərbələr endirdikdən sonra atəşə məruz qaldı, helikopteri vuruldu. Son anda helikopteri paraşütlə tərk etməyə nail olsa da, başından ağır zərbə aldı. Helikopterdən vaxtında atılsaydı, bəlkə də sağ qalardı. Amma o özünü yox, ilk növbədə, ekipaj üzvlərini və mülki əhalini düşündü.

Baş leytenant Türkay Qəni:

– Bir də gördüm telefonuma zəng gəldi. R. Qasımov idi. Dedim: – Komandir, sənsən? Necəsən? Rəhbərliklə danışmaq istədiyini bildirdi. Telefonu rəhbərliyə verdim. Komandirin tapşırığı ilə xəstəxanaya getdim. Onu həmişə şux, xidmətdə görmüşdüm. Amma reanimasiyada o vəziyyətdə görmək çox ağır idi. Şəhidlər unudulanda ölür. O heç vaxt ölməyəcək. İstər silah sisteminin, istərsə də vertolyotun öyrənilməsində polkovnik-leytenant R.Qasımov bizim üçün bir pedaqoq idi. Onu itirmək bizə ağır gəlir.

Ramiz Günel Qasımova ilə 2005-ci ildə ailə qurmuşdu. Şəhidin Gülanə və Gülay adında qızı, Vaqif adında isə oğlu yadigar qalmışdır. Günelin tibb təhsili olsa da, işləmir, uşaqların təhsil və tərbiyəsi ilə məşğul olur. O, 2002-ci ildə Bakı 1 saylı tibb texnikumunu bitirib.

Günel Qasımova, həyat yoldaşı:

– Ramizin fikri-zikri Qarabağ idi. Həmişə deyirdi ki, yetər ki, Ali Baş Komandan əmr versin, işğal altında olan torpaqlarımızı azad edək. Ən böyük arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Prezidentin əks-hücum əmri onun böyük sevincinə səbəb olmuşdu. Ailədə mənə, uşaqlara heç vaxt çətinlik yaşatmamışdı. Övladlarına həmişə hörmətlə yanaşırdı. İşinin çox olmasına baxmayaraq, vaxt tapıb onların dərsləri ilə maraqlanırdı, gəzməyə aparırdı, qayğıkeş ata idi. Evdə olan hər problemi özü həll edirdi. Bu gün mənə çətindir, çiyinlərimdə ağır bir yük var. Amma, bu yükü necə olsa da daşımalıyam! Hər gün onun yolunu gözləyirəm. Hər gün uşaqlarımız barədə onunla söhbət edirəm. Gəlmir, özüm yanına gedirəm. Kaş sağ olaydı, Qələbədən özü danışaydı.

Həmişə deyirdi ki, Vaqif mənim yolumu davam etdirməlidir. Çalışırdı ki, övladları həyatda düzgün mövqe tutsunlar, ali təhsil alıb savadlı olsunlar. Sonuncu dəfə evə 2020-ci il sentyabrın 15-də gəldi. Vaqifi 1-ci sinfə yola saldı və 16-da xidmətə qayıtdı. Bir də onun haqqında vertolyotun vurulduğu xəbəri yayılanda eşitdik. 25 gün gecə-gündüz Allaha yalvarırdım ki, komadan ayılsın. Qolu amputasiya olunmuşdu. Amma problem beyinlə bağlı idi. Ayılmadı... Və mən heç vaxt ağlımdan keçirmədiyim həyatla üz-üzə qaldım. Ramizin bu həyatdan gedişindən sonra mənə çox çətin oldu.

Qəhrəmanımın uşaqları da atalarının yoxluğuna nə alışırlar, nə də bu ölümlə barışırlar. Gülanə Mədəniyyət və sənətkarlıq üzrə peşə məktəbində moda dizaynı ixtisası üzrə təhsil alır. Gülay Xətai rayonu 25 saylı tam orta məktəbin 10-cu, Vaqif isə 5-ci sinifdə oxuyur.

Söhbətimiz zamanı daha bir şəhid ailəsinin ağrısını duydum, həsrət könülün dərdinə məlhəm olmaq istədim. “Ramizin yanına gedirəm–Xiyabana” – deyən xanımın ürəyindən keçən məhrəm hissləri nə tərpətmək, nə də duyğulandırmaq istədim. Beləcə, uşaqlarını böyütmək, təhsil vermək yolunda bir ömrü savaşda keçəcək xanımdan ayrıldım. Qəlbimdə ağrı, ürəyimdə yük ilə... Ayrılıq dərdini yaşayan bilər. Onun dərdi mənə tanışdı. Göz yaşları, köks ötürməsi, fikirlərini dilə gətirib yarımçıq kəsməsi, narahat oturuşu, ürkək və nigaran baxışları insanda yerə-göyə üsyan etmək istəyini qabardır. “Müharibə nə qədər gənc xanımların necə gözəl hisslərini məhv etdi” düşünürsən və yağı düşmənə nifrətin birə-beş artır. Şəhidin ömür-gün yoldaşının son sözləri məni xəyaldan ayırır:

– Mən onun qəhrəmanlığı ilə, Vətəni bu qədər sevib canını bu yolda fəda edib şəhidlik zirvəsinə ucalmağı ilə güc tapıram. Artıq dörd il olur onun bu həyatdan gedişi. İllər keçsə də bu yara, bu dərd heç bir zaman sağalmayacaq və duşmənin bizə vurduğu zərbə heç zaman bağışlanmayacaq. Ramiz qəhrəmanlıq, igidlik rəmzidir. Ramiz cəsurluğun, qorxmazlığın rəmzidir. Ramiz Qasımov vətənpərvərliyi, Ramiz Qasımov şücaəti, savadı, əqidəsi hər zaman gələcək nəsillərə örnək olacaq. Mənim bu həyatda ən böyük mükafatım Ramiz Qasımovun həyat yoldaşı olmağımdır. Mən onunla qürur duyuram! Uşaqlarımızı onun istədiyi kimi böyütməyə, onun adına layiq olmalarına çalışacağam. Qismət belə imiş. Təki, Vətən sağ olsun.

Zərifə BƏŞİRQIZI
XQ









Sosial həyat