Ölməz musiqinin əfsunlu sədaları

post-img

Dörd gündür ki, dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, icti­mai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü böyük təntənə ilə qeyd olunur. Üzeyir Musiqi Günü uğurla başa çatıb. Hazırda Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı davam edir. 

Festival çərçivəsində Bakıda və böl­gələrdə, açıq və qapalı məkanlarda kon­sertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri keçirilir. ABŞ, Almaniya, Xorvatiya, Avstriya, Türkiyə, Rusiya, Ko­reya Respublikası, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər də festivalda iştirak edirlər. 

“Mədəniyyətimiz naxışların izi ilə” sərgisində maraqlı konsert proqramı təq­dim olunub. Ü.Hacıbəyli adına Azərbay­can Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahi­mov), Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar ar­tistlər Ramil Qasımov (tenor), İnarə Baba­yeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (ba­riton) çıxış ediblər.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Firuzə” ope­rasından “Firuzənin ariyası”, xor və or­kestr üçün “Bahar nəğməsi”, bariton, xor və orkestr üçün “Kantata”, “Milli marş”, “Cəngi” rapsodiyası, Süleyman Ələsgəro­vun “Eşq olsun sənətkara” balladası, Musa Mirzəyevin “Böyük ustada ithaf” poeması, Ərtoğrol Cavidin Üzeyir bəyə ithaf olun­muş 9 variasiyası (orkestr üçün işləyəni Ayaz Qəmbərli), Fikrət Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf”, Vasif Allahverdiyevin “Aşıqsayağı” (əsər Üzeyir bəyə ithaf olu­nub) və Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi səsləndirilib.

Heydər Əliyev Fondu və Mədəniy­yət Nazirliyinin təşkilatçılığı ilə realla­şan beynəlxalq musiqi festivalı 15 ildir ki, ənənə halını alıb. Builki festivalın bir önəmli məqamı da 2021-ci ildən bayra­mın xəritəsinə mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin əlavə olunmasıdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ifasında Şərqin ilk muğam operası – Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”u nümayiş olunacaq, görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyi münasibətilə konsert təşkil ediləcək. 

Ənənəvi festival çərçivəsində Azər­baycan Milli Konservatoriyasında başlanmış “Türk Dünyasında Musiqi və Rəqs” və “Qlobal Musiqi Tarixi” Araşdırma Qruplarının “Qədim mira­sın əks-sədaları: musiqi və rəqs irsinin öyrənilməsi” adlı birgə simpoziumda çıxış edən mədəniyyət nazirinin müavi­ni Murad Hüseynov ölməz Üzeyir Ha­cıbəylinin doğum gününün bütün mu­siqi müəssisələrində qeyd olunduğunu deyib:

– Milli Konservatoriyada keçirilən bu simpoziumda bir çox ölkələrdən məşhur alimlər, musiqiçilər iştirak edir. Azərbay­can musiqisinə, əbədiyaşar bəstəkar Üze­yir bəyə maraq, diqqət çox yüksəkdir. Üze­yir zirvəsinin əzəməti hər yöndən özünü aydın göstərir.

Konservatoriyanın Bakı, Qarabağ və Fikrət Əmirov adına zallarında bütün gün ərzində panellər keçirilir. Mövzular bir-bi­rindən maraqlı olması və aktuallığı ilə se­çilir. Simpoziuma bir sıra ölkələrdən qo­naqlar təşrif buyurublar. Panellər tərcümə olunmaq şərtilə Azərbaycan və ingilis dil­lərində aparılır. 

Lissabon Nova Universitetinin profes­soru Salva Elşavan Kastelo-Brankonuin “Postkolonial dünyanın siyasəti və estetika­sı: Qahirədə ərəb musiqi irsi”, sənətşünas­lıq üzrə elmlər doktoru Gültəkin Şamillinin “Azərbaycan qlobal tarixin xəritəsində: mu­siqi və rəqs sərhədləri üzərindən diskurs”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundovanın “Şuşanın musiqi sülalələ­ri dahi yerlər nəzəriyyəsi kontekstində” mövzularında təqdimatları xüsusilə böyük maraq doğurub. “Musiqi və rəqs sənətinin inkişaf tarixində görkəmli şəxsiyyətlərin rolu” mövzusunda paneldə isə musiqişünas­lar “Üzeyir Hacıbəyli portretinə eskizlər”, “Üzeyir Hacıbəyli: XXI əsrdən bir baxış”, “Üzeyir Hacıbəyli musiqi bacarıqları haqqında” mövzuları da diqqət çəkib. 

Azərbaycan Milli Konservatoriya­sının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi bildirib ki, bu günlər­də ölkəmizdə keçirilən möhtəşəm mu­siqi bayramı Azərbaycan incəsənətinin ümumbəşəri xarakterli olduğunu bir daha nümayiş etdirir:

– 1995-ci ildən başlayaraq, rəsmi ola­raq Üzeyir bəyin ad günü Azərbaycanda əsl musiqi bayramı kimi qədirbilənliklə qeyd edilir. Bu, əlbəttə ki, bizim musiqimizin möhtəşəmliyinin, xalqımızın incəsənətə böyük məhəbbəti olmasının, o cümlədən Üzeyir bəyin ölməz ruhuna böyük ehtira­mın göstəricisidir. Musiqimizin hər zaman yüksəkdə olmasını arzulayıram.

Xalq artisti Mənsum İbrahimov qeyd edib ki, bütün musiqiçilər bundan yüz illər sonra da Üzeyir bəyin qoyub getdiyi irsdən bəhrələnəcəklər:

– Otuz ildən bəri Üzeyir bəyin əsəri­nin ifaçısı olduğum üçün özümü xoşbəxt hesab edirəm. Bütün musiqiçilərin Üzeyir Hacıbəyliyə mənəvi borcu var. Dahi bəstə­kar hər zaman böyük hörmət və ehtiramla xatırlanacaq, ehtiramla yad olunacaq.

Növbəti müsahibimiz Sənətşünaslıq üzrə fəlsəfə doktoru, konservatoriyanın professoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə oldu:

– Dahi bəstəkarı Üzeyir bəyin sayəsin­də Azərbaycan musiqisi dünya miqyasında böyük şöhrət qazanıb. Bununla bərabər deyərdim ki, Üzeyir bəyin irsi hələ tam tədqiq edilməyib. Araşdırdıqca onun barə­sində yeni heyrətamiz faktlar üzə çıxır. Biz çalışırıq ki, simpoziumda bu istiqamətdə olan mövzuları gündəmə gətirək.

Xatırladaq ki, simpozium sentyabrın 22-dək davam edəcək. Musiqi festivalı isə bütün rəngarəngliyi ilə davam edir. Bey­nəlxalq Muğam Mərkəzində XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Ros Unicus” dueti (Avstri­ya-Azərbaycan) Fərid Feyzullayev və Jalə Rəsulova maraqlı konsert proqramı ilə çıxış ediblər.

Filarmoniya səhnəsində düzənlənən qala-konsertdə dahi Üzeyir bəyin Nizami Gəncəvinin 800 illiyinə həsr etdiyi, lakin uzun illər ifa olunmamış gözəl bir kantata­nın səsləndirilməsi olub. Mətninin müəllifi unudulmaz Xalq şairi Süleyman Rüstəm olan kantata bariton, xor və böyük simfo­nik orkestr üçün nəzərdə tutulub. 

Üzeyir bəyin kantatasını məharətlə ifa edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, bey­nəlxalq müsabiqələr laureatı Mahir Ta­ğızadə jurnalistlərə deyib:

– Mənim üçün xüsusi şərəf təkcə bu festivalda iştirak etməyim deyil, həm də Nizami Gəncəviyə həsr olunmuş və bir növ unudulmuş kantatanı ifa etməyimdir. Üzeyir Hacıbəyli Qərb klassik musiqi üs­lubunu Azərbaycan xalq musiqisi, xüsu­silə, muğam ilə birləşdirərək yeni musiqi dili yaradıb. Bu sintez gənc musiqiçilərə və vokalçılara milli adət-ənənələri qoruyub saxlamağa, həm də klassik musiqi texnika­sına yiyələnməyə imkan verib.

Qeyd edək ki, Bakı ilə yanaşı, Gəncə, Şuşa, Şəmkir və Naxçıvanda da dahi bəstə­kara həsr olunan silsilə tədbirlər həyata ke­çirilir. Fərəhi haldır ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni mövsümə "Üzeyir Hacıbəyli həftəsi" layihəsi çərçi­vəsində “O olmasın, bu olsun” tamaşasının 100-cü nümayişi ilə başlayıb. Tamaşanın quruluşçu rejissoru “Şöhrət” ordenli Xalq artisti Cənnət Səlimovadır. Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Əmək­dar artistlər Şövqi Hüseynov, Nadir Xasi­yev, Nahidə Orucova, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəli­yev, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Aydan Həsənova, Elməddin Dadaşov, Telnaz Hüseynova və başqaları çıxış ediblər. Bu gün isə Akade­mik Musiqili Teatrda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası (quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədova) növbəti dəfə nümayiş olunacaq.

Ə.DOSTƏLİ,
Rizvan FİKRƏTOĞLU
XQ

Mədəniyyət