Yazıçılar Biriliyinin Natəvan klubunda Azərbaycanın ilk poliqrafiyaçıalimi, naşir-yazıçı Şəddat Cəfərovun salnamə ədəbiyyatı silsiləsindən 5 cildlik xatirələr kitabının təqdimat mərasimi keçirildi.
Məclisi giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi bildirdi ki, Şəddad müəllim ömrünü sözə, onun oxucuya çatdırılmasına həsr etmiş ustad naşir, zəngin həyat təcrübəsi olan yazıçı-publisistdir.
“Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli isə qeyd etdi ki, bir neçə yaradıcılıq missiyasını özündə birləşdirən Şəddad müəllimin Azərbaycan poliqrafiyasında, kitab mədəniyyətində və mediasında xidmətləri böyükdür: “Bizi burada birləşdirən dəyər Şəddad müəllimin sözünün, özünün işığıdır. O çoxillik naşirlik fəaliyyəti ilə xalqımızın milli-mənəvi dəyərlərinin dünyada tanınmasına da töhfə verib”.
Xalq şairi Sabir Rüstəmxanlı Şəddad Cəfərovu ictimai və ədəbi prosesləri dərindən və ardıcıl izləyən söz adamı kimi təqdim etdi: “Kitab təqdimatı keçirmək çətin deyil. Çətini yaxşı əsər ortaya qoymaqdır ki, bunu bizim naşirimiz bacarıb. Şəddad müəllim kitablarımızı nəşr etməklə, ön söz yazmaqla bir çox yaradıcı adamların əziyyətini çəkib. O, çox yaxşı poliqrafçıdır. Təqdim edilən 5 cildlik xatirə əsərləri böyük bir dövr barədə tarixi salnamədir. Şəddad Cəfərov əzəldən sözə, dostluğa sadiq adamdır.
Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli dedi ki, Şəddad Cəfərov Azərbaycan mətbuatının, ölkəmizdə fəaliyyət göstərən nəşriyyatların tarixində dərin iz buraxan nadir bir mütəxəssisdir. Onun xatirələri canlı media və kitab nəşri tarixidir.
Ahıl Jurnalistlər Məclisninin sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu ədəbi aləmdə çoxillik xidmətlərinə görə Şəddad Cəfərova Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim etdi. O bildirdi ki, bugünkü təqdimat mədəni bir hadisədir, Şəddad Cəfərlinin 5 cildlik xatirələri ilk irihəcmli salnamə ədəbiyyatıdır. Ustad naşir milli mediamızın, çap bazasının inkişafına böyük töhfələr vermiş təcrübəli poliqrafçı kimi öz adını media tariximizə həkk edib. Onun xatirələri bu yüksəliş tarixinə ayna tutur.
Məclisdə Şəddad Cəfərova Azərbaycan Yazıçılar Birliyinin diplomu və “Əziz Əliyev mükafatı” təqdim edildi, səmimi təbriklər səsləndi.
Rizvan FİKRƏTOĞLU
XQ