Akademik Nizami Cəfərov – 65
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Cəfərov Türk dünyasında tanınmış alimdir. O vaxtilə fərqlənmə diplomu ilə bitirdiyi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ümumi dilçilik kafedrasının müdiridir, 2022-ci ildən ADA Universitetində “Azərbaycançılıq” kursunu tədris edir.
Ömrünün 65-ci ilini başa vuran akademik Nizami Cəfərov ölkəmizdə “Azərbaycanşünaslığın əsasları”nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş “Azərbaycan mədəniyyəti məsələləri”, “Azərbaycanşünaslığa giriş”, “Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları”, “Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət”, “Azərbaycanşünaslıq məsələləri”, “Heydər Əliyev və Azərbaycan”, “Azərbaycanşünaslığın əsasları”, “Atatürkün Azərbaycan siyasəti”, “Azərbaycan xalqının tarixi və tərcümeyi-halı”, ADA Universitetində oxuduğu mühazirələr əsasında nəşr olunmuş “Azərbaycanşünaslıq mühazirələri” və sair kitabları azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Nizami Cəfərov elmi fikirdə ümumtürk mənşəli Azərbaycançılıq ideologiyasının və nəzəri əsaslara malik Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biridir.
Görkəmli elm xadiminin, ümumilikdə, elmi əsərlərinin sayı 500-dən, xaricdə çıxmış əsərləri isə 50-dən artıqdır. Rus, ingilis və fars dillərini bilir. Akademiyada, “Ədəbiyyat və incəsənət” qəzetində çalışdığı ilk vaxtlardan ciddi araşdırmalar aparmaq ənənəsinə sadiq qalan yubilyarı geniş mənada ziyalı mühitimiz universal düşüncəli alim kimi qəbul edir. O, elmi-ictimai fikrimizin, humanitar düşüncəmizin ən azı bir neçə sahəsində tam professionaldır.
Hazırda ortaq türk əlifbası məsələsi elmi-ictimai mühitdə gündəmdə olan, həm akademik səviyyədə, həm də kütləvi tədbirlərdə müzakirə edilən mövzudur. Bu məsələdə Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvü Nizami Cəfərovun tutduğu mövqe böyük turançılıq təəssüb-keşliyi və qardaş xalqların elmi-mədəni inteqrasiyası baxımından prinsipiallığı ilə seçilir. Bu barədə sualımıza cavabı ilə akademik özünün dərin düşüncə və məfkurəvi zənginliyini bir daha ortaya qoydu:
– Əslində, ortaq əlifba türk xalqlarında həmişə olub. Əksər türk boyları Orxon-Yenisey yazılarındakı runik əlifbasından istifadə edirdilər. Onlar ərəb işğalından sonra islamlaşdılar. Ərəblərin gəlişi ilə runik əlifbası sıradan çıxarıldı. XIX əsrdə Mirzə Fətəli Axundzadə latın qrafikası əsasında əlifba yaratdı. O zaman bu, alınmadı.
Nəhayət, ilk dəfə latın qrafikalı əlifbaya Azərbaycan Demokratik Cümhuriyyəti dövründə keçildi. Onu deyim ki, ruslar buranı işğal edəndən sonra da həmin əlifba işlənirdi. Daha sonra 1926-cı ildə Bakıda ilk Türkoloji Qurultay keçirildi. Onun əsas məqsədi türk xalqları üçün ortaq əlifba yaratmaq idi. Bu məqsədə nail olundu. Belə ki, 1939-cu ilə qədər latın qrafikalı ortaq türk əlifbası istifadə olundu.
– Amma 1939-cu ildə Stalin bu əlifbanı qadağan etdi və rus, yəni kiril əlifbasından istifadə olundu.
– Elədir.Vaxtilə Rusiyanın işğalı altında olan türk ölkələrinin çoxunda hələ də kiril əlifbasından istifadə olunur. Ancaq burada bir məsələ var idi ki, bu, ortaq əlifba deyildi. Yəni eyni səs ayrı-ayrı xalqların əlifbasında müxtəlif işarələrlə verilirdi. Bunun da məqsədi o idi ki, onlar bir-birilərinin yazılarını oxuya bilməsinlər.
Və nəhayət, hələ sovetlər dağılmamışdan qabaq –1990-cı illərdə ortaq türk əlifbası fikri yenidən gündəmə gəldi. 1990-cı ildə İstanbulda Ortaq Türk Əlifbası Simpoziumu keçirildi. Orda bütün türk dövlətlərindən alimlər, professorlar, akademiklər toplaşmışdı. 3 gün keçən həmin simpoziumda, nəhayət ki, Ortaq Türk Əlifbası qəbul olundu. Onu da deyim ki, o zamanlar mən həm həmin Ortaq Türk Əlifbası Komissiyanın, həm də Parlamentdə Elm, təhsil, mədəniyyət komissiyasının sədri idim. Orda qəbul olunmuş əlifbanı da Azərbaycan parlamentinə elə mən təqdim etmişəm. 1991-ci ildə bu əlifba qəbul olundu. O gündən bu günə ölkəmizdə ortaq türk əlifbası istifadə olunur. Yəni bizim bu 30 ildən çox işlətdiyimiz əlifba ortaq türk əlifbasıdır.
– Ortaq türk əlifbası müzakirələri, nəhayət, finişə çatdı.
– Dünyada 25-ə qədər türk dövləti var. Bunlardan yalnız 6-sının – Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın bu əlifbanı qəbul etmək imkanı var. Çünki yalnız bu türk dövlətləri müstəqildirlər. Bəs, ortaq türk əlifbasına keçməkdə məqsəd nədir? Öncə onu qeyd edim ki, bu əlifba 34 hərfdən ibarət olacaq. Səbəblərə gəlincə isə, ilk səbəb türk ölkələri arasında mədəni birlik, mədəni inteqrasiyanın yaranmasıdır. İkincisi isə, eyni səslərin bütün türk xalqları arasında eyni hərflərlə yazılmasıdır. Yəni necə? Özbəklər “ş” hərfini “sh”, “ç” hərfini isə “ch” kimi yazırlar. Baxın, eyni səs, fərqli hərflərdir. Ona görə də bu əlifba vasitəsilə bu cür fərqliliklər aradan qaldırılacaq.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, ortaq türk əlifbasında hərflərin qarşısında mötərizədə kiril hərfləri ilə qarşılığı yazılır. Sovet İttifaqının tabeliyində yaşayan və əlifbası kiril qrafikasına əsaslanan türk xalqlarına izah etmək üçün bu vasitədən istifadə edilib. Belə ki, kiril əlifbası vaxtilə Sovet İttifaqının tabeliyində yaşayan türk xalqları üçün sonuncu əlifba olub. Onlar uzun müddət bu əlifbadan istifadə etdiklərinə görə, səslərin qarşılığı kimi beyinlərində kiril əlifbasının işarələri var. Odur ki, həmin xalqlara izah etmək üçün bu vasitədən istifadə edilib. Yəni indiyə qədər istifadə etdiyiniz hərflərin hansı işarələrlə əvəzlənməsi sırf praktik məqsədlərdən irəli gəlir, heç bir təhlükəsi yoxdur. Gələcəkdə beynəlxalq transkripsiya hazırlanacaq. Həmin transkripsiyada hərflərin bir-birinə müvafiqliyi göstəriləcək. Artıq bununla xüsusi mütəxəssislər məşğul olurlar. Bu, daha çox akademik məsələdir deyə cəmiyyət üçün elə də əhəmiyyət kəsb etmir. Yəni hərflərin kiril qarşılığı həmin xalqların yaxşı anlaması üçün qeyd olunmuş vasitədir.
– Nizami müəllim, belə görünür ki, ortaq türk əlifbası əksər türk dövlətlərinin yazısı ilə uzlaşdığından ciddi dəyişikliklər olmayacaq. Onsuz da Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistanda bu əlifba öyrədilir, tədris olunur.
– Doğrudur. Türk dövlətlərində istifadə edilən əlifbalarla bizim təqdim etdiyimiz ortaq türk dili əlifbası arasında ciddi fərq yoxdur. Beynəlxalq Türk Akademiyasının, Türk Dil Qurumunun rəhbərliyi ilə hazırlanmış ortaq əlifba Türk Dövlətləri Təşkilatı katibliyində nəzərdən keçiriləcək və hansı türk dövlətinin əlifbasında ortaq türk əlifbası ilə xırda fərq varsa, həmin fərq aradan qaldırılacaq. Bundan sonra hər bir türk dövləti bu ümumtürk əlifba bazasına istinad edərək öz əlifbasını təsdiq edəcək. Bir məsələ qalır ki, bu da qazax və qırğızların nə vaxt latın əlifbasına keçmələridir. Ümid edirik ki, onlar da yaxın zamanlarda ortaq əlifbaya qoşulacaqlar.
Nəhayət, biz türklər ortaq məxrəcə gələrək əlifbamızın ortaqlığını təmin etdik. Bu isə deyərdim ki, bizim qələbəmizdir. Bugünkü türk dünyasında-diferensasiya olunmuş türk dünyasında inteqrasiya meyillərini gücləndirmək bizim hər birimizin borcudur...
Sonda qeyd edək ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin anadan olmasının 65 illiyi münasibətilə geniş məlumat bazası hazırlanıb. Bu elektron baza akademikin zəngin elmi, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə “Nizami Cəfərovun Ədəbiyyat söhbətləri”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Nizami Cəfərov dünya kitabxanalarında” kimi bölmələri cəmləyir. Elektron bazada Nizami Cəfərov haqqında akademiklər Yaqub Mahmudovun “Ziyalılığımızın Nizami Cəfərov ünvanı”, İsa Həbibbəylinin “Çağdaş elmi-ictimai fikrimizin Nizamisi”, Abel Məhərrəmovun “Görkəmli alim, böyük ziyalı”, Misir Mərdanovun “Alimliklə kamilliyin vəhdəti”, Xalq şairi Nəriman Həsənzadənin “İki zirvə çələngi... Şair Nizamidən – alim Nizamiyə...” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.
Məlumat bazasında Nizami Cəfərovun müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, elmi-publisistik məqalələrin, dissertasiya işlərinin siyahısı, müsahibə və tərcümələri təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada akademikin kitablarının virtual sərgisi, video və fotoqalereyası da sərgilənir.
“Şöhrət” ordenli akademik Nizami Cəfərov özünün cəfakeşliyi ilə, həqiqətən də Azərbaycan elminə şöhrət gətirən alimdir.
Əli ƏLİYEV
XQ