Qədirbilənlik zirvəsindən görünənlər

post-img

Hidayət Orucov – 80

Azərbaycanın görkəmli şairi, dramaturq, nasir, publisist, ictimai-siyasi və dövlət xadimi Hidayət Orucov bu ayın əvvəlində ömrünün 80-ci ilini başa vurdu. 1944-cü ildə Qərbi Azərbaycanın Meğri rayonunun Maralzəmi kəndində dünyaya göz açan körpəyə ad qoyanda “doğru yolda olmaq, haqq yolu tapmaq və ya göstərmək” mənasını verən Hidayət ismini seçiblər. Soydaşımız ağlı kəsəndən adının ehtiva etdiyi missiyaya sadiq olub.

Erkən yaşlarından sözün sehrinə düşən, onun təəssübünü çəkən Hidayət Orucov şeirə, sənətə ömürlük bağlanıb. Şair, müəllim, məmur, diplomat kimi çalışdığı bütün sahələrdə hər zaman yalanın, riyanın, üzgörənliyin “oruc”unu tutub. Özünü əsl yaradıcı şəxsiyyət, səmimi duyğulu ziyalı kimi tanıdıb. 

Hidayət Orucov 80 illik ömrünün ilk yarısını Qərbi Azərbaycanda yaşayıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasının rəhbəri olub. İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan qədim Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb, “Ədəbi Ermənistan” məcmuəsi nəşr olunub. 

Ədibin ömrünün 2-ci 40 ili Azərbaycanla bağlıdır. 1984-cü ildə Bakıya köçən şair əvvəlcə “Gənclik” nəşriyyatının baş redaktor müavini, 1986–1992-ci illərdə baş redaktoru vəzifələrində işləyib. Qeyd edək ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü, soydaşlarımızın məruz qaldığı deportasiya və soyqırımı siyasətinə etiraz olaraq, Hidayət Orucov bundan 10 il əvvəl layiq görülmüş olduğu “Ermənistan SSR Əməkdar mədəniyyət xadimi” fəxri adından imtina edib. Ali idarəçilikdə dövlət müşaviri, Dini İşlər üzrə Dövlət Komitəsi sədri, səfir işlədiyi dövrlərdə bu ­yurdsevər ziyalının həyata keçirdiyi çoxsaylı tədbirlər yaddaqalan olub. Bununla yanaşı, o, bədii yaradıcılıqdan uzaq düşməyib. 

Yazıçı Hidayət 40-dan artıq kitabın müəllifidir. “Nəyim var” adlı ilk mətbu şeirindən, “Məni səsləyəndə” adlı ilk şeir və poemalar kitabından üzübəri yazıb oxuculara ərməğan etdiyi bütün əsərləri azərbaycançılığa, insanpərvərliyə, humanizmə xidmət edir. Onun 8 cildlik “Seçilmiş əsərləri”ndə çoxillik və çoxşaxəli yaradıcılığı – poeziyası, nəsri, dramaturgiyası, publisistikası və s. əhatə olunub. 

Diplomat Hidayət Orucov qonşu ölkələrdə, Mərkəzi Asiyada da geniş tanınan qələm sahibi və nüfuzlu ictimai-siyasi xadimdir. Xarici dillərdə nəşr olunmuş “Mən belə yaşayıram”, “Nura qovuşacağıq” (rus dilində), “İntizar”, “Sənsiz” (gürcü dilində), “Sabaha çox var” (Dağıstan dillərində), “Dağlar nəğməsi” (özbək dilində) və s. kitabları ölkəmizdən kənarda maraqla qarşılanıb. Əsərləri 30-dan çox dilə çevrilib. 

Hidayət Orucov 10 il Azərbaycan Respublikasının qardaş Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. O, bu ölkədə səmərəli işi ilə tanınıb, özünə çoxlu dost qazanıb, Çingiz Aytmatov Beynəlxalq İctimai Akademiyasının akademiki adına layiq görülüb. Yaradıcılığı geniş dairədə əks-səda doğurmuş şairin anadan olmasının 80 illiyi münasibətilə ünvanına çoxsaylı təbriklər gəlib. “Burdan bir atlı keçdi” adlı əl-əl gəzən xatirələr kitabı yazmış Hidayətin ömründən-günündən keçən atlıların səmimi ürək sözləri onda yazıb-yaratmaq, insanlara gərəkli olmaq həvəsini daha da artırır. 

Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili hələ 2002-ci ildə ölkəsinin “Ləyaqət” ordeni ilə təltif olunmuş yubilyara yazır: “Hər bir gününüz Vətənlə və sülhün hakim olduğu dünya ilə bağlı düşüncələrlə müşayiət olunur. Biz həmkarlarınız üçün Siz müdriklik, istedad və səxavət rəmzisiniz. Siz Gürcüstanın əsl dostu və gürcü yazıçıların ən əziz həmkarısınız”.

Gürcüstanlı qələm dostuna cavabında Hidayət müəllim təbrikə görə minnətdarlığını bildirərək, qeyd edir ki, onun Gürcüstana məhəbbəti dahi Rustavelinin qəhrəmanlarından, “Suliko” mahnısından, gürcü filmlərindən və futbolundan başlayıb, sonralar bu ölkəyə gedib-gəldikcə, həmkarlarını, qonşu xalqı tanıdıqca aydan-aya, ildən-ilə böyüyüb: “Mən Azərbaycan Respublikasının Milli Siyasət Məsələləri Üzrə Dövlət müşaviri kimi o vaxtlar bütün problemlərin həlli proseslərinin içində olmuşam və görülən böyük işləri bu günün özündə də xoş təəssüratla xatırlayıram”.

Hidayət Orucov 1998-ci ildə Bakıda, Gürcüstanın qardaş hədiyyəsi – At heykəlinin açılışında Eduard Şevardnadzenin söylədiyi bu fikrindən hədsiz qürur duyduğunu da yada salır: “Xalqlarımızın layiqli və görkəmli oğullarının şəxsi dostluğu da hamıya məlumdur. M.F.Axundov ilə Akaki Seretelinin dostluq münasibətlərini qeyd etmək yerinə düşərdi. Bu ənənə xalqlarımızın ən ağır dövrlərində də davam etdirilmişdir. Səməd Vurğunla Georgi Leonidze, Hidayət Orucovla Quram Pançikidze bu gözəl ənənənin parlaq davamçılarıdır”.

Dağıstan Respublikası Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, Dağıstanın xalq şairi Marina Əhmədova isə yubiley təbriknaməsində yazır ki, Hidayət Orucovun tərcümeyi-halı doğma diyara xidmətin parlaq nümunəsidir: “Azərbaycan Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri olduğunuz zaman Azərbaycanla Rusiya Federasiyası və əlbəttə ki, ölkənizin yaxın qonşusu kimi Dağıstan Respublikası ilə dövlətlərarası münasibətlərin və dostluğun möhkəmləndirilməsi işinə böyük töhfələr vermisiniz. Siz fəxri qonaq kimi dəfələrlə Dağıstanda olmusunuz və hər bir gəlişiniz əhəmiyyətli tədbirlərlə bağlı olduğundan respublika üçün böyük hadisəyə çevrilmişdir. Əməyinizə və bizim siyasət və ədəbiyyatımızın ağsaqqalları Məhəmmədəli Məhəmmədov və Rəsul Həmzətovla çoxillik dostluğunuza görə Dağıstan Sizə minnətdardır”. 

Xatırladaq ki, Dağıstanın xalq şairi Rəsul Həmzətov da vaxtilə onun haqqında yüksək fikirlər söyləyərək deyib: “Hidayətin poeziyasıyla da, onun özüylə də hər görüş mənim qəlbimin milli bayramıdır”.

Marina Əhmədovaya cavab məktubunda razılığını bildirən Hidayət Orucov Dağıstanla bağlı ən ülvi duyğularını dilə gətirir: “Mənim əsərlərim çox dillərə çevrilib, nəşr olunub. Ancaq Dağıstanın 13 dövlət dilində (o sırada – Azərbaycan dilində) dünya işığına çıxan “Sabaha çox var” şeirlər toplum tərtibat baxımından nadir özünəməxsusluğu, bənzərsizliyi ilə seçilir”.

Ömrünün müdriklik çağını yaşayan müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli Hidayət Orucovun ünvanına gələn təbriklər və yubilyarın cavabları əsl mədəniyyətlərarası dialoq nümunələri kimi də dəyərləndirmək olar. 

Əli NƏCƏFXANLI 
XQ

 

Mədəniyyət