Azərbaycan Antalya Köçəri Festivalında

post-img

Türkiyədə keçirilən III Beynəlxalq Antalya Köçəri Türkmən Festivalında türkdilli xalqların mədəniyyətləri və sənətkarlıq ənənələri təqdim olunur. Beynəlxalq törəndə ölkəmizi Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.

Mədəniyyət Nazirliyindən XQ-yə verilən məlumatda bildirilir ki, sentyabrın 15-dək davam edəcək festivala 20-dək ölkə qatılıb. Burada türkdilli dövlətlərlə yanaşı, digər ölkələrin təmsilçiləri də iştirak edirlər. Şənliklərdə boyu türk dünyasının müxtəlif guşələrindən yerli musiqi və rəqs proqramları təqdim olunacaq, milli çadırlarda türkdilli xalqlar öz mədəniyyətlərini nümayiş etdirəcəklər. 

Əsrlərdir, Anadolunun xalq həyatını formalaşdıran köçəri həyat tərzi türk mədəniyyətinin mühüm bir hissəsini təşkil edib. Antalya bu qədim mədəniyyətin ən parlaq nümunələrinin yaşadıldığı şəhərlərdən biridir. Festivalın əsas məqsədi köçəri mədəniyyətinin özəlliyini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır. Festival Antalyanın bənzərsiz təbii gözəllikləri ilə əhatə olunmuş məkanlardan birində təşkil olunub. Azərbaycan çadırında ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş şəkildə sərgilənir, qonaqlara milli şirniyyatımız təqdim olunur. Konsert proqramında Xalq artisti Azərin, Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, tar ifaçısı Pərviz Musayev, mərkəzin “Xəzər” Xalq Rəqsləri Ansamblı milli musiqi nümunələrimizi ifa edəcəklər. 

Festivalda ustaların unudulmaqda olan əl işləri də sərgilənəcək, ənənəvi türk mətbəxi nümunələri təqdim olunacaq, idman yarışları da keçiriləcək. Festivalda çox sayda yerli və xarici turist, ümumilikdə 200 mindən çox insanın iştirakı gözlənilir.

Ceyhun ALIŞLI 
XQ

 

Mədəniyyət