Salyan qalib tələbələri alqışlayıb

post-img

Salyan Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış abituriyentlərlə görüş keçirilib.

Tələbə adını qazanmış gənclərin sevincinə şərik çıxan rayon rəsmiləri, ağsaqqallar və ziyalılar onlara ən xoş atrzularını bildiriblər. İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxışında qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz ­Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir. Bu il Salyanda orta məktəbləri bitirənlərdən 736 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib və onlardan 519 nəfəri republikamızın, 15 nəfəri Türkiyə, Macarıstan, Almaniya və Latviyanın ali məktəblərinə qəbul olunub. Rayon rəhbəri bilik “marafon”unun qaliblərini təbrik edib.

Görüşdə qeyd olunub ki, rayon üzrə ən yüksək nəticəni şəhər 1 saylı məktəb-liseyin məzunu Zenfira Nəsirova göstərib – 683.8 bal. Zenfira yeni təsis edilən Qarabağ Universitetinin hüquq fakultəsinə qəbul olub. Yeri gəlmişkən, Salyan rayonundan daha 16 gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb. 

Şirvan–Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimov bildirib ki, ali məktəblərə qəbul olanlardan 32 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu, ötən illərlə müqayisədə xeyli böyük rəqəmdir. Digər çixiş edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıblar. 

Tədbirin sonunda yüksək bal toplamış abituriyentlərə mükafatlar verilib. 

Ə.ƏLİYEV 
XQ

 

Sosial həyat