“Formula – 1” təqvimindəki ən sürətli şəhər treki olan Bakı Şəhər Halqasında yarış başlayıb. Dünyanın ən nüfuzlu idman tədbirinə paytaxt Bakı 8-ci dəfə evsahibliyi edir. 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Yarışın ilk günündə “Formula – 1” və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunub. “Formula – 1” Qatar Airways Azərbaycan Qran Prisi 2024-də keçirilən ilk sərbəst yürüşlər həyəcan dolu anlar və qəzalarla yadda qalıb. “Red Bull”un sürücüsü Maks Ferştappen 1:45.546 saniyəlik vaxtla yürüşü lider olaraq tamamlayıb. Bununla yanaşı, Ferrari sürücüsü Şarl Lekler və Villiams sürücüsü Franko Kolapinto trasda qəza edərək sessiyanı erkən başa vurmaq məcburiyyətində qalıblar.
Bakı trasının mürəkkəb şəraiti sürücülər üçün böyük çətinliklər yaradıb. Sessiya 3 dəfə qırmızı bayraqla dayandırılıb. Lekler 15-ci döngədə nəzarəti itirib maşını divara çırpıb. Kolapinto isə 4-cü döngədə eyni taleyi yaşayıb. Buna baxmayaraq, Ferştappen ustalığı sayəsində günü zirvədə tamamlayıb.
“Mercedes”in sürücüsü Lyuis Hemilton 1:45.859 saniyə nəticə ilə 2-ci olub. “Red Bull”dan Serxio Peres isə 3-cü yeri tutub. “McLaren” sürücüsü Lando Norris isə 4-cü pillədə qərarlaşıb.
2-ci sərbəst yürüşdə isə yarış iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vurublar “Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.
"Red Bull"dan Serxio Peres 2-ci, "Mercedes"dən Lyuis Hemilton 3-cü olublar.
Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışı üzrə sərbəst yürüşdə də qalib bəlli olub. 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni “Van Amersfoort” komandasından braziliyalı Enzo Fittipaldi göstərib. “İnvista”nın hindistanlı pilotu Kuş Maini 2-ci, “Prema”nın italiyalı sürücüsü Kimi Antenolli 3-cü olub. Sıralama turunda isə ən yaxşı nəticəni “Trident” komandasından Rixard Versxor göstərib. “Prema Racing”dən Andrea Kimi Antonelli 2-ci, “Art Grand Prix”dən Viktor Martins 3-cü pillədə yer alıb.
Sentyabrın 14-də “Formula – 1” üzrə sərbəst yürüş və sıralama turu, “Formula – 2” üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün – ayın 15-də əsas yarış təşkil ediləcək.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına evsahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk “Formula – 1” yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.