Türk dünyasının tanınmış teatrşünası

post-img

İsrafil İsrafilov – 75

Milli Kitabxanada “Professor İsrafil İsrafilov” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub. Sərgi sənətşünaslıq doktoru, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının üzvü, Əməkdar incəsənət xadimi İsrafil İsrafilovun 75 illiyi münasibətilə açılıb.

Alimin müəllifi olduğu əsərlər, tərtib və redaktə etdiyi kitablar Azərbaycan və rus dillərində ədəbiyyatlar sərginin rəf­lərində nümayiş olunur. İsrafil İsrafilov “Həyatın səhnəsi, səhnənin həyatı”, “Dü­şündüklərim”, “Zaman. Rejissor. Poeti­ka”, “Ədil İsgəndərovun teatrı”, “Mehdi Məmmədovun rejissor sənəti”, “Sən nə üçün yaşayırsan?” (rus dilində) adlı mo­noqrafiyaların müəllifidir. “Azərbaycan milli rejissor sənətinin poetikası” kitabını mütəxəssislər teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi dəyərlən­diriblər. 

İsrafil Ramazan oğlu İsrafilov 1949-cu il sentyabr ayının 10-da Bakıda ana­dan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mə­dəniyyət və İncəsənət Universiteti) bitirib. Bakı şəhəri 1 May mədəniyyət sarayında bədii rəhbər, Akademik Milli Dram Teat­rında truppa müdiri vəzifəsində çalışıb. Görkəmli rejissor Tofiq Kazımovla bir sıra tamaşaların hazırlanmasında, o cümlədən V. Şekspirin “Fırtına”, M.S.Ordubadinin “Qılınc və Qələm”, Anarın “Şəhərin yay günləri”, M.F.Axundovun “Müsyo Jor­dan və Dərviş Məstəli şah”, A.Safronovun “Daşqın” əsərlərinin səhnə təcəssümündə rejissor kimi işləyib.

Sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris Teatrının direktoru, Azərbaycan KP MK-nın mədəniyyət şö­bəsində təlimatçı, Azərbaycan Dövlət İn­cəsənət İnstitutunda elmi işlər üzrə prorek­tor, Azərbaycan Ədəbiyyatı və İncəsənət muzeylərinin direktoru vəzifələrində çalış­dığı dövrlərdə özünü yenilikçi və təşəbbüs­kar ziyalı kimi tanıdıb. 

İsrafil İsrafilov uzun illərdir ki, Azər­baycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir. Səhnə sənəti­mizin ədəbi materialı olan dramaturgiya araşdırmalarına görə filologiya sahəsin­də fəlsəfə doktoru alimlik dərəcəsi alıb (1985), daha sonralar rejissor sənəti üzrə tədqiqatları ona sənətşünaslıq doktoru (2004) alimlik dərəcəsi qazandırıb.

Tanınmış alim Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Ru­mıniya, Küveyt, Avstriya, Cənubi Koreya kimi ölkələrdə keçirilən beynəlxalq sim­pozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil edib. Mədəniy­yətin müxtəlif problemlərinə dair 300-dən çox məqaləsi mətbuatda dərc olunub. 

“Teatr orqanizminin anemiyası haqqın­da” məqaləsi onun bu sahəyə necə özəl münasibət bəslədiyini göstərir: “Bu gün müstəqillik həyatından güc alan ədəbiyyat və sənət milli-mənəvi dəyərləri yeni döv­rün yeni insanlarının əldə etdiyi misilsiz nemət kimi uca tutur, onu bədii yaradıcı­lığının başlıca ideya-estetik mənası hesab edir. Odur ki, yeni, müstəqil Azərbaycanın poeziyası, nəsri kimi, dramaturgiyası da bütün əvvəlki məhdudiyyət çərçivələrini qırıb, prinsipcə tamamilə yeni yaradıcılıq üfüqlərinə üz tutub, mövzu, problemati­ka, konflikt elementləri ilə bərabər bəşəri qayğılarla yaşayan, zəngin mənəvi aləmin­də multikultural dəyərlər bəsləyən bədii surətlər yaratmaq səyləri ilə daha mənalı görünmək iddiasındadır”.

Bir neçə il əvvəl İsrafil İsrafilov Türk­dilli ölkələrin Dövlət Teatrları Şurasının sədri seçilib. O, həmçinin İstanbulda ke­çirilən mərasimdə Türk dünyasının “Ən yaxşı teatr tənqidçisi” mükafatına layiq görülüb. 

Ə.ƏLİYEV
XQ

Mədəniyyət