Yazıçılar Birliyinin Aran bölməsi 2002-ci ilin fevral ayında yaradılıb. O zaman AYB-nin sədri, Xalq yazıçısı Anar və Xalq şairi Fikrət Qoca bu münasibətlə bölgəyə gələrək, yerli istedadlara xeyir-dua veriblər. Qurumun fəaliyyətə başlaması bölgədə yaşayıb-yaradan istedadlı qələm sahiblərini bir amal ətrafında birləşdirib.
Aran bölməsi İmişli, Sabirabad, Saatlı və Biləsuvarda yaşayıb-yaradan qələm sahiblərini öz ocağının başında cəm edə bilib. Bu ədəbi mühit çağdaş ədəbiyyatımıza Səyyad Aran, Cabir Savalan, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Nisə Bəyim, Dayandur Sevgin, Valeh Bahaduroğlu, Şahnaz Şahin, Mətləb Ağa, Qənbər Ağa, Qənbər Əhmədli, Şöhrət Qaraoğlu, Şahismayıl Adıgünlü, Əlağa Mərdanlı, Namiq Yanar, Səxavət Talıblı, Səxavət Tağlar, Firidun Həsənağa və başqaları kimi tanınan imzalarla daxil olub.
Qısa vaxt ərzində bolmənin ədəbi orqanı “Aran” jurnalı təsis edildi. İlk sayı AYB-nin Natəvan klubunda təqdim olundu. Əlavə olaraq təsis etdiyi “Sarı sim” ədəbi-bədii qəzeti nəşrə başladı. “Aran” ədəbi toplusu işıq üzü gördü. Bu nəşrlər bölgədə yaşayıb-yaradan söz adamlaının yaradıcılığı ilə Bakı ədəbi mühitinin sıx əlaqəsini möhkəmləndirdi. Sabirabadda Nisə Bəyimin, Nübar Eldarqızının, Biləsuvarda Muxtar Əhmədin, Saatlıda Qənbər Əhmədin, İmişlidə Əlağa Mərdanlının, Mirələkbər Gövhərlinin oxucularla yaddaqalan görüşləri keçirildi. “Aran” jurnalının və “Aran” ədəbi toplusunun yeni sayları nəşr edildi. Bütün bunlar AYB- nin fəaliyyətdə olan bölmələri üçün bir ilk oldu.
Bölmənin sədri Sərvaz Hüseynoğlu bir zaman yazırdı:
Bir uzaq səfərə gəmim çıxıbdı,
İndi həsrət çəkən liman kimiyəm...
Bu günsə demək olar ki, onun və qələmdaşlarının söz gəmisi dünya sularında inamla üzməkdə, doğma limana böyük uğurlarla qayıtmaqdadır. Qəşəm Nəcəfzadə demişkən, Aran ədəbi mühiti səmimiyyəti, istiqanlılığı, xəfifliyi, atəşinliyi ilə xarakterizə edilir. Bəlkə də, bu, bir təbiət məsələsidir: Aranın isti iqlimi söz ustalarına da sirayət edib – isti təbiət... isti duyğular... O isti iqlimdən, qaynar təbiətdənsə “hələ də isti yağışlar yağır”.
Sabirabadda “Əgər göylər salamatsa, o ah mənim ahım deyil”, – deyən Nisə Bəyim, Saatlıda “Ölməyə göndər məni sözün diri vaxtına” – deyən Şöhrət Qaraoğlu, Biləsuvarda “Zülmətdə nələri qoyub gəlibdi, Gözü kölgəlidi səhərin, Allah”, – deyən Firudin Həsənağa heç də paytaxt mühitində tanınan qələmdaşlarından geri qalmırlar. İmişlidən Ağasəlim Hacıyev cəmi bir bəndlik şeirində, görün, necə bir poetik fəhm göstərib:
Gözəllik gətirir bizə təbiət,
Çəmənə, obaya, düzə təbiət.
Gözələ göz dəyər deyib babalar,
Nə yaxşı gəlməyir gözə təbiət?
Bölmənin sədri Sərvaz Hüseynoğlu deyir:
– Bu istiqamətdə işlər yenə də davam etdirilir. Ən istedadlı qələm yoldaşlarımızın yaradıcılığının təbliği üçün əlimizdən gələni əsirgəmirik. Tez-tez kitab təqdimatları keçiririk. Ədəbi-bədii görüşlər, ədəbi müzakirələr xüsisilə yaddaqalan olur. Eləcə də klassiklərimizin yubiley günləri hazırlanan tədbirlər bütün iştirakçılara unudulmaz təsir bağışlayır.
Ötən il bu vaxtlar Bakı və Şamaxıda keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumunda qeyd olunub ki, Azərbaycan ədəbi irsinin dünya səviyyəsində tanıdılması üçün ciddi səylər göstərilməlidir. Forum çərçivəsində səsləndirilən təkliflər “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapıb. İnanırıq ki, AYB-nin Aran bölməsi də təklif və təşəbbüslərin gerçəkləşdirilməsinə öz töhfələrini verəcək.
Ə.DOSTƏLİ
XQ