Yay turizmi gözəlliklərə körpü salıb

post-img

Azərbaycan ilin bütün fəsillərində turizmin müxtəlif növləri üçün əlverişli şəraitə və müvafiq infrastruktura malikdir. Artıq bir aya yaxındır ki, ölkəmizdə yay turizmi mövsümünə start verilib. Demək olar ki, turizmin müxtəlif növləri üçün hər cür şəraitimiz var.   

Bu yay da ölkəmizə xarici turistlərin marağı böyükdür. Digər tərəfdən, yerli turistlər də  istirahətlərini səmərəli şəkildə təşkil etmək məqsədilə ölkə daxilində  yay turizminin imkanlarından faydalanırlar. Bu gün turistlər daha yaxşı dincəlmək üçün istirahətə hər baxımdan əlverişli olan məkanlara üz tuturlar. Məlumatlar göstərir ki, Azərbaycanda xarici və yerli turistlərin, xüsusən regionlardakı turizm istirahət mərkəzlərinə maraqları daha çoxdur. Bu da təbiətin qoynuna üstünlük verilməsi ilə əlaqədardır. Əlbəttə, dincəlmək üçün paytaxt Bakını seçənlər də yetərli qədərdir.   

Araşdırmalara görə, Azərbaycanda bu mövsüm əvvəlkilərlə müqayisədə turist sayına görə daha dinamik görünür. Bunun bir səbəbi yaradılan gözəl şəraitdirsə, digər səbəbi də, heç şübhəsiz, ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın tam təmin olunmasıdır.

Turizm üzrə ekspert Ceyhun Aşurov bildirdi ki,  ötən ilin eyni dövrü ilə müqayisədə bu il yay mövsümündə Azərbaycana yollayış alıb gələn turistlərin sayında 30–35 faiz artım qeyd olunub. 

– Yay mövsümündə ölkəmizdən digər ölkələrə istirahət üçün gedənlərin sayında da artım müşahidə olunur. Hər iki istiqamətli bazar bərpa olunmaq dövrünü yaşayır. Bəzi ekspertlər də qeyd edirlər ki, hər hansı maneə olmazsa, Azərbaycan turizmi bütünlüklə pandemiyadan əvvəlki dövrünə qayıda bilər. Müşahidələr onu da göstərir ki, ümumi götürdükdə, regionlarda da aktivlik müşahidə olunur. Bu yöndə ənənəvi istiqamətlər var. Turistlər daha çox turizm infrastrukturunun inkişaf etdiyi regionlarımıza səfər edirlər. Buraya Quba, Qusar, Şamaxı, Şəki və Cənub istiqamətini qeyd edə bilərik. 

Son dövrlərdə işğaldan azad olunan ərazilərə də turist axını artıb. Təkcə bayram günlərində 5 minə yaxın vətəndaşımız şəxsi avtomobilləri ilə Şuşa, Kəlbəcər, Laçın istiqamətlərinə səfərlər ediblər. Eyni zamanda, dördgünlük Qurban bayramı zamanı 20 minədək vətəndaşımız avtobuslarla qeyd olunan istiqamətlərə səfərə gedib. Bu da turizm üçün yeni istiqamət sayılan Qarabağ zonasına marağın artması ilə bağlıdır.   

Ekspert ölkə üzrə  turizm  düşərgələrindəki qiymət artımı mövzusuna da münasibət bildirərək söylədi ki, qiymətlər keçən illə müqayisədə  baha deyil. Onun sözlərinə görə, xarici turların qiymətində bahalaşma müşahidə edilir. Xüsusən, Türkiyə istiqamətindəki turizm istirahət mərkəzlərində bahalaşma var. Bu da ölkəmizdə daxili bazarın aktivliyinə müəyyən qədər təsir göstərir.

Turizm üzrə digər ekspert Ruslan Quliyev isə qeyd etdi ki, builki yay turizm mövsümü gec başlasa da, ümumilikdə, turistlərin gəlişində fəallıq hiss olunur: 

– Bu yay Hindistan, Pakistan, İsrail və Rusiyadan daha çox turistin gəldiyi nəzərə çarpır. Yay mövsümündə ən çox turist axını iyul və avqust aylarında qeydə alınır. Qiymətlərə gəlincə, cüzi artımlar ola bilər, ancaq bu da təbii qarşılanmalıdır. Qiymət artımı ilkin rezervasiyalarda iştirak və bəzi hallarda tələbin təklifi  üstələməsi halları nəticəsində baş verə bilər. 

Ölkə vətəndaşlarının turist səfərlərində Türkiyə ilk yerdə qərarlaşır. Ancaq Azərbaycandan Monteneqroya gedənlərin sayında da artım var. Yay mövsümündə vətəndaşlarımız həm müalicə ilə həm də istirahətlə bağlı turlara üstünlük verirlər.

Ekspert bildirdi ki, ölkə turist axını dinamikasında üstünlüyü saxlamaq üçün turizm şirkətlərindən daha çox realizasiya həyata keçirilməlidir. 

Onun sözlərinə görə, bəzi hallarda turistlər bölgələrə birbaşa müraciət edirlər. Bu da sövq edir ki, turizm şirkətləri daha çoxçeşidli proqramlar hazırlayaraq, bəlli bir endirimlər etməklə, turistləri qazana bilsinlər.

Ceyhun ALIŞLI

 

Mədəniyyət