Akademik, Xalq yazıçısı Kamal Abdullanın əsərlərindən ibarət çoxcildliyinin növbəti kitabı işıq üzü görüb. Yeddinci cildə müəllifin son dövrlərdə qələmə aldığı bir romanı, hekayələri, səhnələşdirilmiş, yaxud səhnə həllini gözləyən pyesləri, “Kitabi-Dədə Qorqud” dastanının semantikasından bəhs edən monoqrafiyası, mif və dilin əlaqələrinə dair “Mifolinqvistika” adlı elmi əsəri və həmmüəlliflə – AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə yazdığı “Kitabi-Dədə Qorqud” dastanının qeyri-səlis məntiqlə əlaqəsi barədə əsəri daxil edilib.
“Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar” bölməsinin əhatə etdiyi esselər müəllifin əbədi “Dədə Qorqud” axtarışlarının davamıdır. Kamal Abdullanın “Yarımçıq əlyazma” ilə başlayan roman yaradıcılığının hələlik finalı kimi özünü göstərən “Laokoon, Laokoon”…(yaxud bir romanın “gerçək” yazılma tarixçəsi)” romanı müəllifin yaradıcılıq emalatxanasında yaşananların xatirəsidir.
Kitabdakı “Mifolinqvistika” bölməsində təqdim edilən mətləblər onu deməyə əsas verir ki, Kamal Abdulla bu addımı ilə, əslində, Azərbaycan dilçilik elmində yeni bir elmi istiqamətin əsasını qoyub.
Yeddinci cildə daxil edilmiş “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” əsəri Azərbaycan elm tarixində xüsusi yeri olan dahi alim Lütfü Zadənin qeyri-səlis məntiqinin ədəbi-bədii əsərə tətbiqinin ilk təcrübəsidir.
Kitabın tərtibçiləri Şəlalə Nəqşani və Cavid Zeynallı, buraxılışa məsul Sərraf Balaxan, texniki redaktor Rita Müslümovadır.
XQ