Nəğməli “İpək yolu”nun son akkordları

post-img

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətin birgə təşkilatçılığı ilə keçirilmiş üçgünlük “İpək yolu” XIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.

Festival çərçivəsində, Rusiya, İndoneziya, Hindistan, TÜRKSOY ölkələrindən gəlmiş rəqs və musiqi qrupları, eləcə də Azərbaycanın tanınmış incəsənət ustaları    yerli sakinlər və şəhərin qonaqları qarşısında çıxışlar ediblər. İyulun 7-də axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub.   

Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv – Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycanın görkəmli musiqi xadimləri, bəstəkarlar Süleyman Ələsgərov və Şəfiqə Axundovanın 100 illik yubileylərinə həsr edilib.

Konsert orkestrin ifasında Şəfiqə Axundovanın “Gəlin qayası” operasından “Cəngi” rəqsi ilə başlayıb. Əməkdar artistlər xanəndə Almaz Orucovanın, Xəyyam Məmmədovun (kamança), Çinarə Mütəllibovanın (qanun), solistlər Vəfa Vəzirova, Nurlana Abdullayeva, Taleh Yahyayev, Səbinə Ərəbli, Sərxan Bünyadzadə və Zabitə Alıyevanın təqdim etdikləri bəstəkar və xalq mahnıları, rəqqasların şux və oynaq rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın keçirilməsində əməyi olan bütün qurumlara minnətdarlığını bildirib. Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi, Şəkinin fəxri vətəndaşı Ağaverdi Paşayevə, həmçinin bayramda fəal iştirak edən qurumlara festivalın simvolu təqdim edilib. Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri verilib.

 “İpək yolu” XIII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

İlqar HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Şəki

 

Mədəniyyət