Borçalı torpağı soydaşlarımızın əzəli və əbədi vətənidir

post-img

Gürcüstan parlamentinin keçmiş deputatı, ictimai xadim Ramiz Bəkirovla müsahibə

70 il tarixin gedişini dəyişməyə çalışmış sovet imperiyası dağılandan sonra oxşar tale yaşayan Azərbaycan və Gürcüstanda baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında tarixi qonşuluq münasibətlərinin daha da möhkəmlənməsinə zəmin yaratdı. Dövlətlərarası diplomatik münasibətlər qurulandan sonra regional və qlobal məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış etməyi davamlı siyasətə çevirdilər. Redaksiyamızın qonağı Gürcüstan parlamentinin keçmiş deputatı, ictimai xadim Ramiz Bəkirov ilə söhbətimiz bu mövzuda oldu: 

– Ondan başlayaq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Gürcüstana rəsmi səfəri zamanı Azərbaycan və Gürcüstanın böyük tarixi əlaqələrinin olduğunu xüsusu vurğulamış, bu münasibətlərə xüsusi əhəmiyyət verdiyini belə ifadə etmişdir: Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Çox böyük tarixi əlaqələrimiz var. 

 Müasir dövrdə bu dostluğun təməllərini ümummilli lider Heydər Əliyev və Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze qoydular və hər iki lider “Qafqaz evi”nin yaranmasına və daim qorunmasına çalışdılar. Təəsüf ki, bədnam erməni qonşularımızın təçavüzkar siyasəti bu münasibətlərin inkişafına uzun illər maneçilik törətdilər. Amma ölkələrimiz arasında münasibətlərin pozulmasına xalqlarımızın dünya şöhrətli liderləri Heydər Əliyev və Eduard Şevardnadze imkan vermədilər və ömürlərinin sonuna kimi də bu ideyanın müdafiəçiləri oldular. Çox şükür ki, onların qoyduğu bu strateji yol sonralar da uğurla davam etdirildi və bu gün də öz bəhrəsini verməkdədir. 

– Sözünüzün qüvvəti, ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə gətirirdi... 

– Haqlısınız, təməlləri o vaxtlarda qoyulan bu münasibətlər bu gün ən yüksək səviyyədədir. Ulu öndərin anadan olmasının 101-ci ildönümü ilə bağlı bu ilin may ayında Gürçüstanın bir qrup ziyalısının Bakıya səfəri oldu. Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun müəllifi olduğu “Heydər Əliyev – Gürcüstan” kitabının və onun ssenari müəllifliyi ilə çəkilən “Dostluğun siması” sənədli filminin AMEA-da və Atatürk Mərkəzində yüksək şəkildə təqdimatı keçirildi. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli gürcü ziyalılarının Ulu öndər haqqındakı ali fikirlərinin iki ölkə arasında bugünkü münasibətlərin göstəricisi olduğunu bildirərək, kitabın və sənədli filmin əhəmiyyətini yüksək qiymətləndirdi. Həm kitab, həm də film Azərbaycan–Gürcüstan dostluq əlaqələrinin tarixi haqqında dəyərli nümunədir.

Doğrudan da, ötən əsrin 90-cı illərində Ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, Qafqazda sülh və sabitlik bərqərar oldu. Nə qədər ki, bəşəriyyət mövcuddur, Gürcüstanda yaşayan azərbaycanlılar Ulu öndərə minnətdarlıq borcunu unutmayacaq, yaradıcı insanlar onun haqqında daim yazıb yaradacaq və iki xalq arasındakı dostluq münasibətlərinin qorunub saxlanmasını özlərinin həyat amalı biləcəklər. 

Çox çətin, mürəkkəb dönəmdə  Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütövlükdə, Qafqaz üçün əhəmiyyətli və möhkəm təməllər formalaşdıra bildi. Ümummilli liderin Gürcüstana olan səmimi münasibətini təkcə orada yaşayan azərbaycanlılar yox, gürcü xalqı da yüksək dəyərləndirir. Onun ideyaları ilə gerçəkləşən birgə layihələr təkcə Azərbaycanın deyil, Gürcüstanın da gələcək inkişafına təkan verdi. Bakı–Tbilisi–Qars dəmiryol xətti və Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi meqalayihələr iqtisadi əməkdaşlığımızı gücləndirdi, hamımıza yeni həyat, yüksək rifah bəxş etdi. Yaxşı yadımdadır, məhz Ulu öndərin təkidi ilə Bakı–Ceyhan boru kəmərinin adına “Tbilisi” sözü əlavə edidi.

– Yeri gəlmişkən, sizin Heydər  Əliyevlə görüşünüz olub, hətta Ulu öndər sizi şəxsən qəbul edib.

– Biz onun necə böyük siyasətçi, dövlət xadimi olduğunu bilirdik. Düşünürdük ki, müstəqilliyin ilk illərində Azərbaycanı düşdüyü bəladan yalnız dərin dövlətçilik təcrübəsi olan şəxsiyyət xilas edə bilər. Gürcüstanda Ulu öndərlə görüşmək istəyən çox adam var idi. Mən də çox istəyirdim ki, xalqımızın böyük oğlu ilə görüşüm, onunla çanlı təmas həyatımın unudulmaz xatirəsinə çevrilsin. Zaman keçdi və bu istəyim reallaşdı. 

Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstan da dövlət müstəqilliyini bərpa etdi. O zaman “Gürcüstan Vətəndaşlar İttifaqı”nın namizədi kimi, 1995-ci ildə ölkə parlamentinin deputatı seçildim. Gürcüstanın ozamankı deputatları olan İsaq Novruzov və Hidayət Hüseynov, eləcə də AzTV-nin Gürcüstan üzrə müxbiri Şahismayıl Məmmədov 1996-cı il yanvarın 6-da Bakıda Prezident Sarayında Heydər Əliyevlə görüşdük. Bir saatdan çox davam edən söhbətdə Prezident Heydər Əliyev bizi böyük məsuliyyətlə, diqqətlə dinlədi, qayğı və problemlərimizlə ətraflı maraqlandı.

– Təbii ki, bu sıradan bir görüş olmayıb, yadınızda qalanları necə xatırlayırsınız?

– Bəli, bu tarixi bir görüş idi. Ulu öndər Heydər Əliyevin tövsiyələri və dedikləri həyat dərsi idi və bizi öz yürd-yuvamıza daha yaxından bağladı. O böyük insan dedi ki, sizin Gürcüstan parlamentinin üzvü olmağınız məni çox sevindirir. Gürcüstanda yaşayan azərbaycanlılar unutmamalıdırlar ki, bu ölkə həm də sizin Vətəniniz, dövlətinizdir. Bu dövlətin qurulmasında, möhkəmlənməsində və inkişafında gürcü qardaşlarla çiyin-çiyinə çalışmalısınız. Gərək Gürcüstanda yaşayan azərbaycanlılar öz zəka və bacarıqları ilə öndə olsunlar. 

Görüşdə Azərbaycan–Gürcüstan əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələsi də diqqət mərkəzində oldu. Müstəqil Azərbaycanın lideri Heydər Əliyev bir sıra irimiqyaslı regional enerji layihələrindən, o cümlədən Azərbaycan neftinin Avropaya nəqli üçün bu kəmərin Gürcüstandan keçməsindən və bunun orada yaşayan azərbaycanlılar üçün də böyük səmərəsindən danışdı. Ulu öndər böyük məhəbbətlə qeyd etdi ki, Gürcüstanda bizim yüz minlərlə soydaşımız var. Mən onların taleyinə biganə qala bilmərəm. 

Yadımda qalan daha bir ümdə məsələ də sevimli rəhbərin Gürcüstanda Azərbaycan səfirliyinin açılması təklifimizə müsbət cavabı oldu. Sonda nümayəndə heyəti soydaşlarımız adından Heydər Əliyevi Gürcüstana dəvət etdi.

– Dəvətiniz qəbul olundumu?

– Azərbaycanın çox gərgin günlər yaşadığı bir dövrdə Heydər Əliyev bizim bu dəvətimizə nəinki biganə qaldı, hətta bu görüşdən 2 ay keçməmiş 1996-cı il martın 8–9-da Gürcüstana səfərə gəldi. Bu, Gürcüstan azərbaycanlılarının həyatında çox mühüm əhəmiyyət kəsb edən tarixi bir səfər oldu. Səfərin ən yaddaqalan və əhəmiyyət kəsb edən hissəsi Z.Poliaşvili adına Gürcüstan Akademik Dövlət Dram Teatrında Prezident 
Heydər Əliyevlə soydaşlarımızın görüşü idi. Gürcüstan Prezidenti Edurd Şevardnadzenin çıxışı zamanı azərbaycanlıları “diaspor” adlandırmasına Azərbaycan rəhbəri Heydər Əliyev çox ədalətli və diplomatik baxımdan sərrast cavab verdi. Ulu öndər bildirdi ki, Gürcüstanda yaşayan azərbaycanlılar diaspor deyil, onlar bu ölkənin aborigen xalqı, bu torpağın vətəndaşlarıdırlar. Onlar bizim soydaşlarımızdırlar. 

E.Şevardnadze isə diaspor ifadəsini, sadəcə olaraq, dilinə yaxşı yatdığı üçün işlətdiyini bildirirdi və Ulu öndərlə razılaşdı.

Heydər Əliyev elə o görüşdə Gürcüstanda yaşayan azərbaycanlı soydaşlarımıza müraciətlə bir daha deyirdi: Sizin ulu babalarınız, Azərbaycan və gürcü xalqları yadellilərə qarşı birgə mübarizə aparıblar, öz torpaqlarını müdafiə ediblər. Bu dostluq bu gün də davam edir. Ona görə də bu ölkə sizin doğma torpaqlarınızdır. Siz öz doğma Vətəninizdə, torpaqlarınızda yaşayırsınız. 

 Ulu öndərin bu çıxışı onun doğma xalqına böyük sevgisinin yüksək təzahürü idi və bizi öz Vətənimizdə daha möhkəm dayanmağa səslədi. Gürcüstanda yaşayan azərbaycanlılar Ulu öndərin bu mövqeyini hər zaman minnətdarlıq hissi ilə xatırlayacaqlar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəd oldu.

– Ramiz müəllim, şübhəsiz, bu möhkəm təməlin yaradılmasının nəticəsidir ki, Azərbaycan–Gürçüstan münasibətləri ilbəil güclənir, inkişaf edir. Bəs, bu gün Azərbaycanda baş verənlər Gürcüstandan necə görünür?

– Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Digər tərəfdən, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Həqiqət budur ki, Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan–Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, bu gün həm də strateji tərəfdaşdır. Amma məsələnin çox incə və önəmli bir tərəfi də var: bu gün dünyadakı kimi, Qafqazda da müəyyən maraqlar toqquşur, yəni böyük dövlətlərin bu regionda mənafeyindən söhbət gedir. 

Əslində, tarixən də belə olub. Amma indi Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev elə bir fövqəlnümunə göstərdi ki, bu, çoxları üçün gözlənilməz, həm də ibrətli dərs oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə illərlə qəsdən və süni şəkildə uzadılan nəhəng bir problem birdəfəlik yoluna qoyuldu. Diqqət edin: ümumiyyətlə, Qarabağ məsələsinin gündəmdən çıxarılması böyük tarixi uğurdur. İndi nəyin ətrafında oyun quracaqlar?!

– Amma yenə nə isə axtarıb tapmağa çalışırlar...

– Yox, nə qədər axtarsalar da ciddi bir ilişmə yeri tapa bilməyəcəklər. Son illərin gedişatına diqqət edəndə gördüyümüz və dirəndiyimiz bir reallıq olub: Qarabağ məsələsi bu regionda seperatçı qüvvələri şirnikləndirmək, faydalandığı vasitə kimi şovinist ideyaları canlandırmaq üçün ciddi bir vasitə idi. Amma 
Prezident İlham Əliyev bu təsir mexanizmini onların əllərindən qətiyyət və məharətlə çıxardı. Bununla da region yeni təhlükələrdən sığortalanmış odu. İndi həmin ölkələr narahatdırlar ki, mühüm bir təsir amilini itiriblər. Azərbaycan rəhbərliyi elə bir ağılla siyasət yürütdü ki, Qarabağ problemi birdəfəlik ortadan qalxdı.

İndi də Azərbaycana hansısa sanksiyalardan danışırlar. Amma buna əsas tapa bilməyənlər Fransanın, Hindistanın, nə bilim, daha kimlərin əli ilə Ermənistana kömək göstərirlər. Bəla burasındadır ki, bu “çanıyananlıq” sosial məsələlərin həllinə yox, silahlandırmaya yönəlib. Yaxçı ki, erməni cəmiyyəti artıq anlamaq istəyir ki, bu “himayə” onları heç vaxt xöşbəxt edəsi deyil, bu cəhdlər 30 il olduğu kimi, yenə uğursuzluğa məhkumdur. Ötən dönəmdə nə qədər insan yürd yuvasından didərgin düşdü, öldü... nəyin naminə?

– Sonda oxucularımıza nə deyərdiniz?

– Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər komunikasiyaların reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə də Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. 

Azərbaycan və gürcü xalqları əcdadlarımızın yaratdıqları təmasları qoruyub saxlamalı və daha da irəli apararaq gələcək nəsillərə ötürməliyik. Eyni zamanda, əl-ələ verib “Qafqaz evi”nin yaranmasına çalışmalıyıq.

– Vaxt ayırıb redaksiyamızın qonağı oldunuz, maraqlı söbbətə görə sağ olun. Redaksiyamızın səmimi salamlarını Gürcüstandakı söydaşlarımıza da yetirin.

Namiq Qədimoğlu 
XQ

 

Müsahibə