TDT-nin Şuşa Zirvəsi xarici mediada

post-img

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü xarici medianın diqqət mərkəzində olub. 

Müxtəlif aparıcı media qurumlarında yayımlanan xəbərlərdə Zirvə görüşünün Şuşa şəhərində təşkil olunmasının, Qarabağ Bəyannaməsinin qəbul edilməsinin tarixi əhəmiyyət daşıdığı vurğulanıb. 

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin aparıcı xəbər agentlikləri, televiziya kanalları və mətbu nəşrləri Zirvə görüşünə xüsusi yer ayırıb. “Sabah” qəzeti Şuşa Zirvə görüşü barədə “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məlumat verib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin Türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsinin zəruriliyi haqqında söylədiyi fikirlər sitat gətirilir. 

Türkiyənin NTV telekanalı hazırladığı reportajda Türkiyənin xarici işlər naziri Hakan Fidanın tezliklə Türk dünyasının vahid əlifbasını yaratmaq çağırışına diqqət çəkib.

DHA və Anadolu xəbər agentlikləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Şuşadakı çıxışı barədə ətraflı məlumat veriblər.

 “Hürriyyət” qəzetinin yazılarında Ankaranın Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması, Türkiyənin Ukraynada müharibəyə son qoymaq səyləri və ŞKTC xalqının hüquqlarının təmin edilməsinin vacibliyinə diqqət yetirilir. 

 ŞKTC mediası da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türk dünyasında birlik və əməkdaşlıq baxımından əhəmiyyətindən yazıb.

Şimali Kiprin BRTK telekanalı ŞKTC Prezidenti Ersin Tatar və Türk Kiprin xarici işlər naziri Tahsin Ərtoğruloğlunun Şuşadakı çıxışları barədə oxuculara məlumat verib, Azərbaycanın mədəniyyət paytaxtından reportajlar hazırlayıb, canlı yayımlar edib. “Halkın Sesi” və “Kıbrıs Hakikat” qəzetləri Şuşa Zirvə görüşünün mövzusu ilə bağlı bir sıra xəbərlər dərc edərək, Kipr türklərinin lideri və ölkənin xarici işlər nazirinin rəhbərinin Şuşada çıxışlarından ətraflı bəhs edib. 

TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Mərkəzi Asiya ölkələrinin mətbuatında da geniş işıqlandırılıb. 

“Tengrinews.kz” portalı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Zirvə görüşündə unikal sivilizasiyanın və milli dillərin qorunub saxlanmasının vacibliyi, eləcə də süni intellektdən istifadə etməklə “Böyük türk dili modeli”nin hazırlanması təklifi ilə bağlı səsləndirdiyi bəyanatları dərc edib. “Kazinform” dövlət agentliyinin yaydığı xəbərdə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünün yekunlarına dair “Qarabağ Bəyannaməsi”nin qəbul olunmasının önəmi vurğulanıb.

Özbəkistanın Milli İnformasiya Agentliyi “UzA” TDT-ə üzv ölkələrin nümayəndə heyətləri rəhbərlərinin Azərbaycan Prezidentinin müşayiəti ilə Şuşa şəhərində aparılan quruculuq işləri ilə tanışlıq səfəri barədə məlumat yayıb. “Gazeta.uz” internet nəşri isə yazıb ki, Şuşada keçirilən Zirvə görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın prioritetləri kimi ticarət və nəqliyyat marşrutlarının inkişaf etdirilməsini, alternativ enerji mənbələrindən istifadəni və iqlim dəyişikliyi ilə mübarizəni göstərib. 

Qırğızıstan milli xəbər agentliyi “Kabar” bildirib ki, Qırğızıstan Prezidenti Sadır Japarov işgüzar səfərinin ilk günü, iyulun 5-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərləri ilə birlikdə Şuşada tikilməkdə olan mərkəzi məscidə və şəhər mərkəzindəki yeni məhəlləyə baxış keçirib. Xəbərdə əlavə edilib ki, burada şəhərin tarixi görkəmini bərpa etmək 

Fələstin Dövlətinin WAFA xəbərlər agentliyi və “Əl Qüds” qəzeti Zirvə görüşündə qəbul edilən “Qarabağ Bəyannaməsi”ndən yazıb. Yazılarda TDT-nin paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması məsələsinə dəstək nümayiş etdirdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, TDT, həmçinin Qəzzada dərhal və daimi atəşkəsə, humanitar yardımların maneəsiz çatdırılmasının təmin olunmasına çağırış edib. 

İsveçin “CawaMedia” agentliyinin saytında əməkdaşlığı beynəlxalq ekspertlərin diqqətini çəkən Türk Dövlətləri Təşkilatına həsr olunmuş məqalə dərc olunub. “Türk ölkələri qlobal ticarəti dəyişir və gələcəyə sərmayə qoyurlar” sərlövhəli məqalədə qədim Böyük İpək Yolu dövründə kök salmış və Beynəlxalq Türk Akademiyası ilə birgə üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, dialoqun, mədəni mübadilənin və strateji tərəfdaşlığın təşviqi üçün müasir platformaya çevrilən Türk Dövlətləri Təşkilatında birləşən türk xalqlarının ortaq irsindən bəhs edilir.

XQ

 



Siyasət