Masallının 100 yaşlı kitab xəzinəsi

post-img

Neçə il öncə ilk dəfə Cənub bölgəsinin gözəl diyarı olan Masallıda Heydər Əliyev Parkına üz tutan zaman orada gül-çiçəyin arasındakı birmərtəbəli binaların birinin fasadında mərkəzi kitabxana olduğu bildirilən ünvan lövhəsinə rast gəlmiş, maraqlanıb içəri keçmişdim. Elə də yüksək şəraiti olmayan həmin kitabxanadakı səliqə-sahman, biblioqrafların işgüzarlığı diqqətimi çəkmişdi. Sonralar orada bir neçə tədbirdə iştirak etmişdim. 

Bu səfərimdə təsadüfən oradan keçəndə bunları xatırladım. Dostum – politoloq Seyfəddin Əliyevlə görüşüm­də ondan kitabxananın necə fəaliyyət göstərdiyini soruşdum. Dedi ki, ideal şəraiti olmasa da, bu gərəkli məkanda yenə də vaxtaşırı maraqlı görüşlər, müza­kirələr, təqdimatlar keçirilir. Bədii ədəbiy­yat həvəskarı olan oxucular kitabxananın xidmətlərindən yararlanırlar. 

Onu da öyrəndim ki, Masallı kitabxa­nasının artıq 100 yaşı var. Düz 1 əsr öncə – indiki şəhərə aid ərazidə, “Tacir rastası” adlanan mərkəzi hissədə, əhalinin maarif­ləndirilməsi üçün indiki Şah İsmayıl Xətai heykəlinin şimal tərəfində ilk kitabxana yaradılıb. Həmin ictimai oxu zalını açma­ğın təşəbbüskarı ovaxtkı yerli Muzdurlar Komitəsi olub. Onda Masallıda cəmi bir neçə ibtidai məktəb vardı, əksər insanlar yazıb-oxumaq bilmirdilər. Kitabxananın fonduna, ilkin olaraq, ayrı-ayrı ziyalı şəxs­lər – Abı Mirzəyev, Qulamhüseyn Məm­mədov, Kamil Filatov, Həsənağa Kərimov və başqaları 250 nüsxə kitab bağışlayıb­lar. İlk vaxtlar oxucuların sayı 15 nəfər olub, tədricən artıb. 

Kitabxana həmin kiçik otaqda fəa­liyyətini 1930-cu ilə qədər davam etdir­di. Həmin il “Tacir rastası” söküldüyünə görə, kitabxana Cavad bəyin evinə (Ha­zırda Rayon Məşğulluq İdarəsinin, Əmək Müfəttişliyinin və sair dövlət idarələrinin yerləşdiyi ərazi) köçürüldü. Get-gedə Masallı kitabxanasının kitab fondu xeyli genişləndi, təhsilli insanların sayı artdı və mütaliəyə maraq nəzərəçarpacaq dərəcə çoxaldı. Elə həmin ildən kitabxana dövlət büdcəsinə daxil edildi və oraya bir nəfər ştatlı işçi ayrıldı. Məlumatlarda qeyd olu­nur ki, kitabların sayı 1931-ci ilin əvvəlləri üçün 2000 nüsxəyə, oxucuların isə 1000 nəfərə çatırdı. Nəhayət, 1934-cü ildə Ma­sallı rayonunda rəsmi olaraq Mərkəzi Ki­tabxana yaradıldı. 

Heydər Əliyev Parkındakı kitabxa­nanın binası isə 1970-ci ildə istifadəyə verilib. Bundan bir neçə il sonra rayon­da fəaliyyət göstərən kitabxanalar vahid sistem halında birləşdirilərək Mərkəz­ləşdirilmiş Kitabxana Sistemi yaradılıb. Mərkəzləşdrilimiş Kitabxana Sisteminə kənd kitabxanaları da qatılıb. Müxtəlif vaxtlarda bu mədəniyyət ocağına Murtu­za Bağırov, Şəfi Mahmudov, Lazım Ağar­zayev, Şəhla Həsənova, Adil Heydərov, Ələddin Nəzərov rəhbərlik ediblər. Hazır­da kitabxananın rəhbəri gənc və işgüzar kadr olan Zamin Məmmədovdur. Onun dedikləri:

– Bir əsr öncə 250 nüsxə kitab fondu və 15 oxucu sayı ilə fəaliyyətə başlayan kitabxanamız indi 265 min 137 kitab fon­du, 33 min 198 oxucu sayı ilə fəaliyyətini davam etdirir. Hazırda sistemdə 1 mərkə­zi, 1 şəhər, 2 qəsəbə və 44 kənd kitabxa­na filialı fəaliyyət göstərir. Çoxlu sayda, müxtəlif bədii, texniki və tədris vəsaitləri­miz var. Bəzi kitabxanalarımız uyğunlaş­dırılmış binalarda yerləşsə də, işçilərimiz əhalinin xidmətində can-başla dayanırlar. Doğrudur, hələlik, elektron xidmət göstər­mək imkanı bir qədər zəifdir, amma inanı­rıq ki, tezliklə bu da yoluna qoyular. 

“Qocaman” kitabxanada vaxtaşırı yad­daqalan görüşlər olur. Bir müddət əvvəl Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Masallı Rayon Mərkəzi Kitabxanasının 100 illik yubileyi qeyd olunub. Əvvəlcə kitabxananın önün­də təşkil edilmiş sərgiyə baxış keçirilib və gənc oxucular açıq havada kitab oxumaq, habelə kitabxanaya üzv yazılmaq imka­nından yararlanıblar. Fəallara kitabxana­nın fəxri fərmanları verilib. İcra hakimiy­yətinin məsul işçisi Abbas Abbaszadə, YAP Masallı Rayon təşkilatının sədri Sey­fəddin Əliyev, yazıçı-publisist Nurəddin Ədlioğlu, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Vəkil İs­mayılov çıxış edərək təbriklərini çatdırıb, kitabxanaya hədiyyələr təqdim ediblər. N.Gəncəvi adına Masallı rayon Mədə­niyyət Mərkəzinin solistləri, Onbirillik İn­cəsənət Məktəbinin müəllimləri, Şərəfə Folklor evinin əməkdaşlarının ifasında canlı musiqi, kitabxana filialları, mədə­niyyət klublarının əməkdaşlarının, şəhər 3 saylı körpələr evi-uşaq bağçasının fidan­larının təqdimatında şeirlər səsləndirilib. 

Əli ƏLİYEV
XQ

Mədəniyyət