Londondan Sidneyə 25 illik veloyürüş

post-img

Builki 11-ci marşrut “Tbilisi–Bakı” oldu

Müxtəlif ölkələr arasında məsafələri əhatə etməklə velosiped yürüşləri təşkil edən “Ride 25” şirkətinin builki 11-ci yürüşü bu günlərdə Azərbaycan və Gürcüstan ərazilərindən keçərək başa çatıb.

Ümumi məsafəsi 563 kilometr təş­kil edən veloyürüş Tbilisi–Telavi–Qax–Qəbələ–Bakı marşrutu ilə iştirakçılara Qafqazın qədim yaşayış məskənlərini və tarixi yerlərini kəşf etmək, Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış ol­maq imkanı yaradıb. Bu barədə veloyü­rüşün təşkilatçı, həm də iştirakçılarından biri, İngiltərədə yaşayan fəal soydaşımız Kamran Əzizinin fikirlərini öyrəndik. O qeyd etdi ki, yürüşün məqsədi London­dan başlayıb, 25 il ərzində Sidneydə bi­tirməkdir. 

– Hər il 100-dən çox velosipedçi ilə 700–800 kilometr yürüş edirik. Əsas məqsəd Afrikada aclıqdan əziyyət çəkən uşaqlara maddi dəstək göstərməkdir. İndi orada yetim uşaqlar üçün bir yataqxana açılmışdır və oranın təminatında onla­ra yardım edirik. Veloyürüş sayəsində Uqandada açılan yetimlər evində 180 uşağın qida və digər tələbləri ödənilir. 

Bildiyimiz kimi, quru sərhədlər bağlı olduğundan bu veloyürüşümüzdə müəy­yən çətinliklər yaratmışdı. Veloyürüşü da­vam etdirmək istəyən təşkilatçılar məcbur olaraq, Ermənistandan keçməli idilər. La­kin biz istədik ki, bu cür nəcib məqsədli iş məhz öz Vətənimizin ərazisindən keçsin. Bu məsələdə bizə Diasporla İş üzrə Döv­lət Komitəsindən, Azərbaycan Velosiped Federasiyasından dəstək gəldi. Onlar veloyürüşün Azərbaycandan keçməsi üçün əllərindən gələni etdilər. Beləlik­lə, biz iyunun 24-də Tbilisidən başladıq, oradan Telaviyə və oradan Balakənə və Qaxa keçdik. Azərbaycan sərhədçiləri, icra məmurları, polisləri bizi çox yaxşı qarşıladılar və yola saldılar. 

Sonra Bakıya gəldik. Burada da çox yüksək səviyyədə qarşılandıq. Bu özəl münasibətdən veloyürüşün iştirakçıları çox razı qaldılar. Onlar bu istiqanlılığı, qonaqpərvərliyi dönə-dönə qeyd etdilər. 

Bakıda bizim tərəfimizdən bir təşəb­büs də bu oldu ki, ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızın övladları ilə görüşərək onların könlünü alaq. Sonra “Ride 25” şirkətinin rəhbəri Rob Hamiltonla birgə 15 şəhid övladına velosiped hədiyyə etdik. Dənizkənarı Milli Parkda hədiyyələrin təqdimatında iştirak edən uşaqlar yüksək əhval-ruhiyyədə yeni velosipedlərini bulvarda sınaqdan keçirdilər. Bir daha yürüşün Azərbay­candan keçməsinə yaratdığı şərait üçün Azərbaycan dövlətinə təşəkkürümü bildi­rirəm. 

Kamran Əzizi əlavə etdi ki, sonda, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfin­dən velosiped yürüşünün iştirakçılarına Azərbaycan mədəniyyətinə, tarixinə aid kitablar hədiyyə edilib.

Qeyd edək ki, “Ride 25” şirkəti dün­yada tanınmış velosiped yürüşləri təş­kilatçısıdır. Qurumun məqsədi müxtəlif ölkələr arasında yürüşlər təşkil etməklə, insanları idmana və səyahətə təşviq et­mək, eləcə də müxtəlif xeyriyyə layihələ­rinə dəstək olmaqdır.

Anar ƏLİ
XQ



Sosial həyat