Şairin dağ güzarı və poetik gülzarı

post-img

Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının şeir yaradıcılığı mövzu genişliyi və rəngarəngliyi ilə diqqəti cəlb edir. Monoqrafiyalar, dərs vəsaitləri və metodik vəsaitlərin müəllifi olan Mahirə xanımın kövrək, duyğulu anlarında qələmə aldığı şeirləri Vətənə, insana, təbiətə, sevincə və kədərə özünəməxsus yanaşmalarla seçilir. 

O, sözlə sədaqətli yoldaşlıq edir, neçə-neçə şeir kitabı çıxıb. Vətən sevgisi bütün şeirlərindən boy göstərir. Şair Vətə­ni yalnız coğrafi məkan kimi deyil, həm də dilini, tarixini yaşadan, mənsub olduğu xalqın adət-ənənələrini, milli-mənəvi mənsubiyyətini tarixləşdirən diyar kimi mənalandırır. Şeirlərində doğma Vətən torpağının, eləcə də onun ayrılmaz hissə­si olan Qərbi Azərbaycanımızın gözəllik­lərini ürəkdən vəsf edir. 

Məlumdur ki, ta qədim dövrlərdən üzübəri Azərbaycan ədəbiyyatında dağ­lar mövzusunda minlərlə şeir yazılıb. Dağların əzəməti, etibarı, çəni-dumanı, sıx meşəli, laləli yamacları, buz bulaqları və s. poetikləşdirilib. Bu ənənəvi mövzu çağdaş lirik-fəlsəfi şeirimizin tanınmış simalarından olan Mahirə Nağıqızına da doğmadır. O, xəyalən doğma ata-baba yurduna qayıdır, oranın təbiətini yada salır, ustad aşıq Ələsgərin “xəstə üçün təpəsində qar, çeşməsində abi-həyat car olan süsənli, sünbüllü, lalalı dağları” kino lenti kimi gözləri önündə canlandırır. Gü­lü-nərgizi saralan doğma elin dağlarını qəmli-qəmli xatırlayan şair üzünü anası­na tutaraq soruşur: 

Yenə də görüb dağları,

Gəzirəm qərib dağları.

Ay ana, hara gəlmişik

Düşmənə verib dağları? 

M.Nağıqızının şeirlərinə, sanki, dağ­ların təmiz havası hopub. Poetik nü­munələrində təbiətin müdrikliyinə, dağ­ların sadiqliyinə bir heyranlıq var. Şair sinəsini dəftər edib, dağları səhifə-sə­hifə, misra-nisra sıralayır. Umu-küsüsü­nü, arzusunu dilə gətirir. Axı dərdi olanlar dağlarda həmdəm, zirvələrdə məlhəm axtarır. 

Demirəm ki, acıq edim,

Ömrümü mağarıc edim.

İstərəm ismarıc edim,

Eşidə sevdiyim dağlar. 

Dağ mövzulu şeirlərindən göründüyü kimi, Mahirə Nağıqızı nisgilli vaxtlarında, ürəyi dolub-daşanda dağlarda gəzməyi, qoca təbiəti seyr etməyi hər şeydən üs­tün tutur, bir növ o yerlərdə təskinlik tapır: 

Tanrı, qurban olum, saxla,

Belə taxtında dağları.

Sevdiyindən ayrı salma, 

Görsün baxtında dağları.

Demə ki, ağlar qızıdı,

Bağlayan ilqar qızıdı,

Mahirə dağlar qızıdı,

Saxlar bağrında dağları. 

Mahirə Nağıqızının şeirləri oxucula­rı duyğulandırır, hər kəsə doğma gəlir, sanki hər kəs onun misralarından öz sə­sini eşidir. Bu münasibət isə şairin qəlbini dağa döndərir, saflaşdırır, ülviləşdirir. Aş­kar görünür ki, şairin lirik qəhrəmanının qəlbi dağlara, qədim yurd yerlərinə həd­siz məhəbbət hissi ilə döyünür. 

Dərmandı qarı dağların,

Tərlandı yarı dağların.

Sevgimə qolu açıla,

Bir dəfə barı dağların. 

İnanırıq ki, vaxt gələcək və o əzə­li-əbədi yerlər də, ucalığından enməyən dağlar da qollarını geniş açaraq öz doğ­ma övladlarını qoynuna alacaq. Onda Mahirə Nağıqızının bu mövzuda daha bö­yük poetik gəzişmələrinin şahid olacağıq.

Razim MƏMMƏDOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Mədəniyyət