Co Bayden çətin seçim qarşısında

post-img

Demokratlar ona əvəz axtarırlar

ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü axşam Ağ evdə demokrat qubernatorlarla görüşüb. Partiya üzvləri ilə görüş seçicilərə və siyasətçilərə dövlət başçısının səhhətinin yaxşı olduğunu və prezidentin rəqibi, Ağ evin sabiq sahibi Donald Trampla debatda uğursuz çıxışının anlaşılmazlıq olduğunu göstərmək məqsədi daşıyıb. Bununla belə, bütün bu izahatlar partiyada şübhələri azaltmır. Eyni zamanda, cənab Tramp məhkəmədə mühüm qələbə qazanıb: maliyyə fırıldaqları işi üzrə onun hökmü sentyabrın 18-nə təxirə salınıb, bu isə o deməkdir ki, cənab Baydenlə ikinci debatda iştirak edə biləcək.

Donald Trampla debatdan dərhal sonra prezidentlik yarışından geri çə­kilməkdən imtina edən Co Baydenin uğursuz çıxışı ilə bağlı izahatı artıq mə­lumdur. ABŞ prezidenti etiraf edib ki, o, iyunun 27-də “heç də yaxşı axşam keçirməyib” və bütün bunlar onun öz imkanlarının həddən artıq qiymətləndi­rilməsi ilə bağlıdır: “İş ondadır ki, mən çox ağıllı davranmamışam. Debatdan əvvəl yüz saat qurşağı keçərək dünyanı bir neçə dəfə uçmaq qərarına gəldim. Məsləhətçilərimi dinləmədim, qayıtdım və səhnədə, az qala, yuxuya getdim. Bu, bəhanə deyil, izahatdır”. Hələlik, demokrat-namizəd açıq şəkildə yarışı tərk etməkdən imtina edir və Donald Trampı məğlub etməyə qadir olduğuna əmindir. 

Bununla belə, “The New York Times” qəzetinin siyasətçinin çevrəsindən olan həmsöhbətlərinə istinadən verdiyi mə­lumata görə, şəxsi söhbətlərində o, ye­nidən seçilmək fikrindən imtina etmək ehtimalını istisna etməyib. Mənbələrin sözlərinə görə, Co Bayden öz uğursuz­luğunun mümkünlüyünü anlayır və yaxın günlərdə bütün riskləri qiymətləndirmək niyyətindədir. Lakin Ağ ev bu xəbəri təkzib edir. Ancaq prezidentin birba­şa vəzifələrini yerinə yetirməsi – digər dünya liderləri ilə təmasları səbəbindən Donald Trampla şifahi duel üçün kifayət qədər gücə malik olmaması arqumenti, görünür, nə seçiciləri, nə də Demokrat­lar Partiyasının bir hissəsini razı salıb. CNN-in son sorğusuna görə, debatdan sonra demokrat-namizəd respublikaçı Donald Trampdan 6 faiz geridədir. Sor­ğulara görə, ölkə üzrə seçicilərin 43 faizi Co Baydenə, 49 faizi isə Donald Trampa səs verməyə hazırdır.

Mütəxəssislər bildirirlər ki, prezi­dentlik yarışında üçüncü namizədlərin iştirakı cənab Baydenin dəstəyini 35 fa­izə düşürə, cənab Trampın isə 41 faizə yüksəldə bilər. Müstəqil siyasətçi kimi yarışa qatılan oğul Robert Kennedinin demokratların səslərinin əhəmiyyətli hissəsini ala biləcəyini ehtimal etsək, o zaman bu amilin Co Baydenin 5 no­yabr seçkilərində qalib gəlməsinə təsir göstərəcəyi güman olunur.

Amerikanın “The Washington Post” qəzetinin yazdığına görə, hətta fəlakətli debatdan sonra həmkarını açıq şəkil­də dəstəkləyən sabiq prezident Ba­rak Obama da şəxsi söhbətlərində Co Baydenin seçki perspektivlərinə böyük şübhələr ifadə edib. Nəşr qeyd edib ki, cənab Obama bunu şəxsən cənab Bay­denə deməyib, yalnız məsləhətçi və ekspert kimi yardımını təklif edib. 

Amma ABŞ Konqresinin Nümayən­dələr Palatasından olan demokratlar açıq şəkildə danışmağa başlayıblar. Məsələn, Texas Nümayəndələr Pala­tasının üzvü Lloyd Doggett prezidenti yarışdan çəkilməyə çağırıb. Nensi Pe­losi Co Baydeni dəstəklədiyini bildirsə də və onu seçkilərdə iştirakdan çəkin­dirməsə də, məntiqi olaraq belə bir sual verib: prezidentin debatdakı uğursuz­luğu başqa amillərlə yanaşı, uçuşdan sonra yorğunluqla da əlaqəli qəza idi, yoxsa bu daimi, tam qabiliyyətli olma­yan dövlət məsələsidir? Əslində, ək­sər seçicilər üçün bu, daha çox ritorik sualdır. Pelosinin verdiyi ikinci sual bu olub: Bayden seçicilərə ölkəni idarə edə biləcəyinə zəmanət verə bilərmi? 

ABŞ mediası yazır ki, Nümayən­dələr Palatasının 25 demokrat üzvü Baydendən yarışdan çıxmağı xahiş etməyi planlaşdırır. Vitse-perzident Kamala Harrisin prezidenti əvəz edə­cək əsas namizəd olacağı iddia edilir. Demokratlar bildirirlər ki, ilk növbədə, xanım Harris ölkədə tanınır. İkincisi və daha da vacibi, Kamala Harris vit­se-prezidentdir və lazım gələrsə, o, ölkə başçısını əvəz etməlidir. Üstəlik, son sorğulara görə, Trampla baş-başa qarşıdurmada o, cəmi 1 faiz arxada qa­lır. Nüfuzlu konqresmen Jim Klaybern isə bildirib ki, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklir, ancaq o da açıq şəkildə Co Baydeni kənara çə­kilməyə çağırmır. Maraqlıdır ki, cənab Klaybern Amerika mediası tərəfindən cənab Baydenin 2020-ci ildə qələbəsin­də, az qala, əsas rol oynamış şəxs kimi adlanır. 

Qeyd edək ki, Co Baydenin yarışdan geri çəkilməsinin əleyhdarları, araşdır­malara görə, yarışda hazırkı prezidenti əvəz edə biləcək demokratların da Do­nald Trampa uduzduğunu təkid edirlər. Yalnız Kamala Harris daha yaxşı göstəri­ciyə malikdir. Onun Ağ evin sabiq rəhbəri ilə qarşıdurmada reytinqi Co Baydendən yüksək olan yeganə potensial namizəd­dir. Lakin Kamala Harrisin mətbuat xid­məti, öz növbəsində, qısa şəkildə əmin edib ki, “Vitse-prezident Harris Prezident Co Baydenlə birlikdə ikinci müddətə ye­nidən seçilməyə ümid edir”. 

“Ipsos” sosioloji xidməti də sorğu ke­çirib və ondan məlum olub ki, demokrat­lar Co Baydenin yerinə Barak Obama­nın həyat yoldaşı Mişeli təyin etsəydilər, kampaniyanın gedişatı kəskin şəkildə dəyişəcəkdi. ABŞ-ın sabiq birinci xanı­mı artıq bəyan edib ki, o, yarışa qatıl­maq və ümumiyyətlə, siyasətə getmək fikrində deyil, lakin fikrini dəyişsə, səs­lərin 50 faizinə arxalana bilər. Onunla qarşıdurmada Donald Trampın reytinqi 39 faiz təşkil edir. Doğrusu, demokrat­lar sabiq birinci ledini – Mişel Obamanı ən yaxşı namizədlər arasında görürlər, lakin onun idarəçilik təcrübəsinin olma­ması vəziyyəti qəlizləşdirir. 

Bununla belə, istənilən halda de­mokratlar prezidentdən vəziyyətlə bağlı qəti addım gözləyirlər. Demokratların ən böyük sponsorlarından biri Çarlz Mayersin sözlərinə görə, Co Baydenin qərar qəbul etmək üçün üç həftəsi yox­dur – o, seçki yarışında qalıb-qalmaya­cağına qərarı dörd-beş gün ərzində ver­məlidir. Cənab Myersin sözlərinə görə, debatdan sonrakı gecə “yarışın gedişini kökündən dəyişdirib”. USA Today sor­ğusuna əsasən, demokratların tərəf­darlarının 41 faizindən çoxu Baydenin dəyişdirilməsini istəyir. Doğrudur, onla­rın əksəriyyəti hələ də indiki prezidentə səs verəcəklərini bildirirlər. Ona görə ki, cənab Trampın Ağ evə qayıtmasını istə­mirlər. Respublikaçılarda vəziyyət çox da fərqli deyil. Amma istənilən halda Co Baydenin başqa namizdələ dəyişdiril­məsi tələbi daha ciddi səsləndirilir. 

S.ELAY
XQ

Dünya