Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Afaq Qədimlinin diplom tamaşasının premyerası keçirilib.
Gənc rejissor fransız yazıçısı Jan Koktoya müraciət edib. Ədibin ən məşhur səhnə əsərlərindən sayılan “İnsan səsi” monopyesi tanınmış aktrisa Vəfa Qurbanovanın ifasında təqdim edilib. Gənclik şəhərinin teatr səhnəsində əsərin ərsəyə gəlməsi üçün hər cür şərait yaradılıb. Tamaşada tənha qadının iztirabları, cavabsız sualların əzabı, daxili duyğuların pıçıltıda üsyanı, çətin döngələrin zülmət yoruculuğu maraqlı rejissor işi və peşəkar aktyor oyunu ilə çatdırılıb.
Azad Yaşarın rus dilindən tərcümə etdiyi əsərdə müəllif fikrinin fəlsəfi qatı, özünü mühakimənin, qadın psixologiyasının çalarları Afaq Qədimlinin rejissor yozumunda maraqlı detallarla işlənib. Tamaşanın quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.
Premyerada ünlü sənət adamları – professor İsrafil İsrafilov, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar artistlər Mübariz Həmidov, Gülşad Baxşəlieva, Esmiralda Osmanova və Gümrah Ömər iştirak edib.
Premyeradan sonra SDDT-nin aparıcı aktrisası Vəfa Qurbanova dedi ki, gərgin məşq proseslərindən sonra zəhmətimizin bəhrəsini görəndə sevindim. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm.
XQ