Milli Dram Teatrımız Rusiyanın sənət məclislərində

post-img

Zəngin sənət ənənələri olan 105 yaşlı Azərbaycan Dövlət Akademik Milli Dram Te­atrı dünya teatr aləmi ilə təmaslar qurmaqda, təcrübə mübadilələri aparmaqda davam edir. 

Ötən günlərdə reallaşan II Rusiya Milli Teatrları Konqresi və Rusiya Milli Teatrla­rının Birinci Yay Festivalı bu mənada sənət ocağı üçün əlverişli platformalardan idi. Bu dəfə konqres və festivala fəxri qonaq qis­mində qatılmaq üçün mədəniyyət nazirinin müşaviri, Əməkdar artist Oleq Əmirbəyov, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın ədəbi hissə müdiri Cavid Zeynallı dəvət almışdılar. 

Səfər təəssüratlarını bizimlə bölüşən teat­rın direktoru İlham Əsgərov dedi ki, konqres çərçivəsində 20-dək Rusiya milli teatrlarının rəhbəri ilə, o cümlədən, Aleksandrinski Teat­rının, Tatarıstan Dövlət Akademik Milli Teat­rının, Başqırd Dövlət Akademik Milli Dram Teatrının, Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, fes­tivallarda iştirak və ustad dərslərinin təşkili haqqında müzakirələr aparılıb. 

– Milli Dram Teatrı ölkənin ən aparıcı sənət ocaqlarındandır. Yetərincə peşəkar olan yaradıcı heyətimizlə çalışırıq ki, daim yeniliklər edək. Bunun üçün teatr aləmində ən optimal təcrübələr əldə etməyə üstünlük veririk. Beynəlxalq festivallarda iştirakımız və ya teatr forumlarına qatılmağımız bizə bu təcrübələri əldə etmək üçün yeni imkan­lar yaradır. Rusiyada düzənlənən bu 2 tədbir də təcrübə və əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb edirdi. Bu tədbirdə Rusiyanın bütün milli teatrları iştirak edirdi. Mən festi­valda mövzusu “Milli teatrın gələcəyi: ənənə və innovasiyanın balansı” olan paneldə çıxış elədim. Bildiyiniz kimi, ötən il Milli Dram Teatrı ilə Aleksandrinski Teatrı arasında birgə yaradıcılıq proqramı hazırlanıb. 

Bu proqram çərçivəsində teatr Sankt-Pe­terburq Beynəlxalq Mədəniyyət Forumun­da təmsil olunub. Forum zamanı yaranan əlaqələrin nəticəsi olaraq, Aleksandrinski Te­atrı ilə əməkdaşlıq memorandumu imzalan­mışdı. Layihəyə görə, teatrda “Rusiya səhnə­sinin seçilmiş obrazları” adlı sərginin açılışı olub. Aleksandrinski Teatrının təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazir­liyinin dəstəyi ilə təhsil proqramı həyata keçi­rilib. Bu ilin sentyabr ayında 2 teatr arasında mübadilə qastrolu təşkil olunacaq. Tamaşa günlərində Aleksandrinski Teatrında Azər­baycan Milli Teatrının tarixindən bəhs edən sərgi də açılacaq. 

Konqres çərçivəsində mədəniyyət naziri­nin müşaviri Oleq Əmirbəyov mövzusu “Ma­arif və təhsil: milli teatrlar yeni mənaların do­ğuş nöqtələri kimi” olan panel-müzakirələrdə çıxış edib. İştirak ediyi konqres və festival barədə bilgi verən müşavir mədəni əməkdaş­lığın önəmindən danışdı: 

– Azərbaycan Mədəniyyət Nazirliyi mü­vafiq sahədə hər zaman beynəlxalq əməkdaş­lığa üstünlük verir. Bu sırada dövlət teatrları öncül rol oynayırlar. Azərbaycan teatrları Ru­siyanın sənət aləmi ilə hər zaman əməkdaş­lıq edir, təcrübə mübadiləsi aparırlar. Ümid edirəm ki, həmişəki kimi, bu görüşlərimizin də Azərbaycan–Rusiya mədəni əlaqələrinə töhfəsi olacaq. Mədəniyyətimizin inkişafı üçün qurulan beynəlxalq əlaqələr bundan son­ra da davam edəcək. 

Xatırladaq ki, konqres və festival Rusiya­nın Suzdal şəhərinin 1000 illik yubiley təd­birləri çərçivəsində, Rusiya Milli Dram Teat­rının (Aleksandrinski Teatrı) təşkilatçılığı ilə gerçəkləşib. 

Ceyhun ALIŞLI

Mədəniyyət