Dünya daha bir azad, şəffaf, demokratik seçkilərin şahidi olacaq

post-img

Müsahibimiz 66 saylı Saatlı Dairə Seçki Komissiyasının sədri Arif Əliyevdir

– Arif müəllim, artıq növbədənkə­nar parlament seçkilərinə start ve­rilib. DSK sədri kimi sizin də, necə deyərlər, işiniz başınızdan aşır. Deputat olmaq istəyənlər artıq öz namizədliklərini irəli sürməyə baş­layıblar. Namizədlərin irəli sürülmə prosesi necə aparılır?

– Bəli, Prezident İlham Əliyev “Al­tıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azər­baycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edil­məsi haqqında” sərəncam imzaladığı gündən seçkilərin keçirilməsinə start verilib. Həmin gündən etibarən deputat mandatı qazanmaq istəyənlər bizə mü­raciət etməyə başlayıblar. Biz müraciət edən hər vətəndaşın namizədliyini irəli sürməsi üçün şərait yaratmağa çalışı­rıq. Təbii ki, qanunvericiliyini tələblərinə uyğun şəkildə. 

Deputatlığa namizədliyini irə­li sürənlərə məlumat üçün bildiririk ki, birmandatlı seçki dairəsi üzrə na­mizədləri siyasi partiyalar, siyasi par­tiyaların blokları, həmin seçki dairə­sində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları Seçki Məcəlləsinin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan şəxs­lər tərəfindən də irəli sürülə bilər. O şərtlə ki, ərazisində namizədin dəstək­lənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alın­masının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Bildirişlə birlikdə namizə­din seçkili dövlət orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verə­cəyinə dair yazılı öhdəliyi olan ərizə də göndərilir. Seçicilərin irəli sürdüklə­ri namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli sürül­məsinə razılıq verə bilər.

– Seçici imzalarının toplanması üçün tələblər hansılardır? 

– Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisin­də seçicilərin, azı, 450 imzası toplanma­lıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər, ancaq bir nəfərə səs vermək hüququna malikdir.

Dövlət orqanlarının və bələdiyyə qurumlarının işçilərinin, mülkiyyət for­masında asılı olmayaraq hüquqi şəxs­lərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılma­sı və qeydə alınmış namizədlərin qey­diyyatından imtina üçün əsas ola bilər. Seçici imzalarını Azərbaycan Respub­likasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər.

– DSK-da namizədlərin qeydə alınması necə aparılır və onların toxunulmazlıq hüquqları varmı? 

– Dairə seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alın­ması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 5 gün müddətin­də namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul et­məlidir. 

Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizəd Seçki Məcəlləsinin 70.4-cü və 151-ci maddələrinə əsasən Azər­baycan Respublikası baş prokurorunun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbir­lərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alın­dığı dairə seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

– Deputatlığa namizədlər na­mizədlik statusundan imtina edə bilərlərmi? 

– Qeydə alınmış namizədlər səs­vermə gününə, ən azı, 10 gün qalmış müvafiq dairə seçki komissiyasına ya­zılı ərizə verməklə namizədlik statu­sundan imtina edə bilərlər. Daxil olmuş ərizə əsasında dairə seçki komissiyası namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir.

Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq da­irə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi və qeydə alın­mış namizədi geri çağırmaq hüququna malikdir.

– Sədri olduğunuz seçki dairəsi üzrə seçkilərə hazırlığın gedişi barə­də nə deyə bilərsiniz?

– 66 saylı Saatlı seçki dairəsi üzrə 50 seçki məntəqəsi fəaliyyət göstə­rir. Həmin seçki məntəqələrində 50 min 761 nəfər seçici vardır. Seçki məntəqələri müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumlarının yaxın­dan köməyi ilə uyğun binalarda yerləş­dirilməklə lazımi sayda otaqlarla təmin edilmişdir. Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyaları­nı inventar, lazımi avadanlıq, ləvazimat və texniki vasitələrlə tam təchiz edir. Seçki komissiyalarına MSK-nın Milli Məclis seçkiləri ilə əlaqədar hazırladığı təlimatların və digər seçki sənədlərinin vaxtında çatdırılması DSK tərəfindən icra olunur.

Qarşıdan gələn növbədənkənar Milli Məclisə seçkilərə hazırlıq məqsə­dilə MSK və dairə seçki komissiyası tərəfindən müxtəlif maarifləndirmə təd­birlərinin, seminar-treninqlərin, ixtisas­laşdırılmış kursların keçirilməsi təmin olunacaqdır. Dairə seçki komissiyası nəzdində yaradılmış işçi və ekspert qrupları üzvlərinin hazırlığına xüsusi diqqət yetirilir. 

Namizədlərin qeydə alınma prose­sinin, seçkiqabağı görüşlərin və seçki günü prosedurunun qanunamüvafiq qaydada təşkili üçün dairə seçki komis­siyası tələb olunan vəzifələri yüksək səviyyədə icra etmək iqtidarındadır.

İnanırıq ki, öz hüdudları daxilində dairə və məntəqə seçki komissiyala­rının müxtəlif siyasi partiyaları təm­sil edən üzvlərinin gərgin əməyi və seçicilərin yüksək fəallığı şəraitində növbədənkənar Milli Məclis seçkiləri maksimal hazırlıq şəraitində keçəcək və xalqın etimadını qazanmış ən layiqli namizədlər deputat seçiləcəklər. Bey­nəlxalq ictimaiyyət Azərbaycanda daha bir azad, demokratik və şəffaf seçkinin şahidi olacaq. 

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV
XQ



Müsahibə