“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

post-img

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun (RPİ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib.

Bu barədə XQ-yə institutdan bildirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev iştirakçıları salamlayaraq, fizika elmləri doktoru Nüşabə Hacıyevanın 75 illik yubileyi münasibətilə təbrik edib və uzun illər ərzində apardığı elmi-tədqiqat işləri ilə elmə verdiyi töhfələri xüsusi vurğulayıb.

Ardınca İ. Mustafayev Zenfira İşgəndərovanın kimya elmləri doktoru diplomunu alması münasibətilə təbrik edib, onun radiasiya problemləri sahəsində apardığı araşdırmanın əsas nəticələrini iştirakçılara çatdırıb.

Seminarın davamında Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Sərxan Talıbzadə “Süni intellekt elmi tədqiqatlarda” adlı məruzə ilə çıxış edib. O, bu sahədəki perspektivlər, texnologiyanın elmdə rolu və gələcək inkişaf imkanları barədə geniş məlumat verib.

Sonda sual-cavab sessiyası keçirilib, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.





Sosial həyat