Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 115-ci mövsümünə dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası ilə yekun vurub.
Böyük coşqu və alqışlarla qarşılanan tamaşadan sonra direktor müavinləri kollektivlə səhnəarxası görüş keçirib. Onlar mövsümün uğurlu və əlamətdar hadisələrini sadalayaraq yaradıcı heyəti təbrik edib, gələcək səhnə fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayıblar.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində təqdim olunan 115 yaşlı komediyanın sonuncu quruluşu (1998) tanınmış rejissor, Xalq artisti Cənnət Səlimovaya aiddir.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir.
Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nadir Xasiyev, Nahidə Orucova, aktyorlar Şaban Cəfərov, Elxan İsmayılov, Elçin İmanov, Hüseyn Əlili, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Təranə Əliyeva, Elməddin Dadaşov, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.