ABŞ-la nüvə sazişi üzrə yeni danışıqlar raundunun keçirilmə vaxtı və yeri barədə hələlik heç bir razılaşma əldə olunmayıb.
AZƏRTAC xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bu barədə jurnalistlər üçün təşkil olunan həftəlik brifinqdə deyib.
“Nüvə sazişi üzrə yeni danışıqlarla bağlı nə vaxt, nə tarix, nə də məkan müəyyənləşdirilməyib”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, İran yalnız diplomatik səylərin və danışıqlar prosesinin səmərəliliyinə əmin olduqdan sonra danışıqlar masasına qayıda bilər.
İran və Birləşmiş Ştatların nümayəndə heyətlərinin iştirakı ilə altıncı danışıqlar raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçirilməli idi. Lakin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar səbəbindən danışıqlar ləğv edilib.
Qeyd edək ki, 2025-ci ilin aprelindən başlayaraq İran və ABŞ Tehranın nüvə proqramı ətrafında yaranan vəziyyətin həlli üçün dolayı danışıqlar aparırdılar. Tərəflər Omanın vasitəçiliyi ilə yeni razılaşma əldə etmək üçün bir neçə cəhd göstərib, lakin uranın zənginləşdirilməsi məsələsindəki fikir ayrılıqları səbəbindən proses dayanıb.