“Bir parça daş vətəndir...”

post-img

Mahirə Nağıqızının “Onun daş nağılı” kitabı haqqında düşüncələr...

Fikir vermisinizmi? Dağ rayonlarında doğulanlarda dağlara, daşlara qəribə bir bağlılıq, doğmalıq olur. Bu sirli, sehirli bağlılıq təkcə onların yaşam tərzində deyil, hiss və duyğularında, yaradıcı adamların isə həm də əsərlərində  öz poetik əksini az və ya çox dərəcədə özünü göstərir. Bu mənada  istedadlı şairə Mahirə xanım  Nağıqızının “Onun daş nağılı” kitabında vətənə, anaya, müqəddəs, ilahi dəyərlərə olan sevginin, məhəbbətin daş obrazında təsviri, tərənnümü başadüşüləndir və ən əsası, ədəbiyyatda ali hisslərə, ilahi duyğulara yeni yanaşma tərzidir. Mahirə xanımın poeziyasında  daş adicə predmet deyil,  şairi narahat edən, düşündürən fikir və duyğularını real təsvir və tərənnüm etmək üçün sanki bir vasitədir,  poetik obrazdır. Necə ki, dahi söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyar illərlə ürəyində yığılıb qalan yurd həsrətini, ağrı-acılarını bölüşmək üçün Heydərbaba dağına pənah gətirmişdi, Mahirə xanımın da dərd ortağı,  Vətən timsalı daşdır-bir parça Vətən daşı:

Bir parça daş vətəndir,

Hər şeydə baş vətəndir!

 Əslinə qalanda burda qeyri- adi heç nə yoxdur.  Mifologiyamızda, şifahi və yazılı ədəbiyyatımızda daşla bağlı deyimlər, yorumlar, yozumlar  kifayət qədərdir. Fərq Mahirə  Nağıqızının daşa poetik yanaşmasının yeniliyindədir-bu  yanaşma  təptəzədir, sanki sığal görməyən, cilalanmayan daş kimidir:   

Atamnan yanaşı daş qaldırardı,

Deyərdi bu daşlar ocaq daşıdı.

Bezmədi, qəlbində nə gücü vardı,

Anam sinəsində ocaq daşıdı.

Əslində bu poeziya nümunəsini ana mövzusunda yazılmış ən yaxşı bədii əsər kimi təhlilə cəlb etmək daha məqsədəuyğun olardı. Amma məramımız Mahirə Nağıqızının poeziyasında ədəbiyyatımız üçün yeni olan, ananın övladın qəlbində müqəddəslik simvolu kimi daşlaşmış obrazının təhlili və bu təhlildən doğan nəticələrin tədqiqi, bədii dəyəri olduğundan baxış bucağımız da bu yöndən olacaq. Qeyd edək ki, ana obrazının daşla qarşılaşdırılması, müqayisə edilməsi poeziyamızda yeni yanaşma formasıdır. Hansı baxış bucağından baxırsınız baxın- bu poetik parçanın məzmun, məna  yükünün necə ağır olduğu aydın sezilir. Ailənin ağır maddi yükünü təkcə ürəyində deyil, həm də kürəyində çəkən, bir isti bir yuva qurmaq  üçün bütün ömrünü daşı-daş üstə qoymağa həsr edən,  həyatın ağrı acılarını sinə daşları kimi ürəyində qalaqlayan, daş kimi möhkəm bir qadın, ana obrazı canlanır xəyalımızda. Bu ananın qaldırdığı daş adi deyil, bu daş həm də milli yaddaşımıza çırpılan, onu oyatmağa çalışan məhək daşıdır, millətin “sinə” daşıdır.  Və öz daş diliylə-Amandır, milli köklərinizdən qopmayın, adət-  ənənələrdən ayrılmayın, milli yaddaşınızı daşlaşdırmayın, oyaq saxlayın!-deyərək haray çəkir:

Xəbərim olmayıb süd əmməyimdən,

Bəlkə döşləri də daşıymış onun.

Əlini başıma çəkdiyi gündən,

Duydum əllərinin daş olduğunu.

Ana kimi zərif, əziz məxluqun döşlərinin daşa bənzədilməsi ilk baxışdan dilə yatmayan kobud bənzətmə təsiri bağışlayır. Dilimizdə yetərli qədər söz, ifadə olduğu halda ananın döşlərinin daşa bənzədilməsi nə qədər doğrudur?... Məncə olduqca  uğurludur! Çünki sinəsini ocaq daşı edən, kürəyində ailənin daş yükünü qaldıra bilən qadının, ananın döşləri ancaq daş ola bilər, bunun ayrı yozumu yoxdur! 

O, daş əllərinnən durub o başdan,

Çöllərdə yavanlıq nə tapsa dərdi.

Bəlkə əllərinin daş olmağından

Utandı, özünə sığal vermədi.

         ...Ona görə utandı  ki, onun əxlaq kodeksindəki ana evinə, eşiyinə, balalarına, ömür gün yoldaşına dəyər verən, yükünü çəkən qadın olmalıydı, başqa cür ola bilməzdi ... O ana üçün önəmli olan tellərinin sığalı, dodağının boyası deyildi, ailəsinin rifahı, rahatlığı idi və ana bunu etmək naminə daşlaşmaya da hazır idi və  daş qaldırmaqdan cadar-cadar əlləri də mənalı ömrünün daş xəritəsinə bənzədi...  Bu poetik parçanın məna yükü  günümüzdə daha ağırdır, tərbiyəvi əhəmiyyəti  çox böyükdür. Diqqət edək, ətrafımızda  ailəsinin  daş yükünü qaldıran, bunu özünə mənəvi rahatlıq, borc sayan nə qədər qadın, ana var?

Daşıdı daşları ağırlığıynan,

Amma ürəyindən daş asılmadı...

Daş həmişə ağırlıq mənasında işlənib-istər həyatda, istər  ədəbiyyatda. Hətta yuxularda görülən daşlar da ağırlıq mənasında yozulub. Mifologiyamızda ümid simvolu sayılan qara daşın göyərəcəyinə  Musa Yaqub da inamsız idi:

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz...

Mahirə xanımın yozumu isə tam fərqlidir, nikbindir, ümid işığı ilə doludur və insanı sanki içdən isidir, həyata bağlayır:

Göyərməyən qara daşın nisgili,

Baxta düşən qara daşı göyərər.

“Daş qəlbdən asılanda insanı əzir, dağıdır” deyən Mahirə xanımı həm də   daşlaşan insanların məzar daşlarında boy verən  arzu kamları içdən ağrıdır, üşüdür:

Boy vermiş məzarın qəbir daşları,

Bir ömrün daşlaşan arzu-kamıdır

“Daş qəlbli insanları neylərdin, ilahi?”.  Sabirin  qəlbləri göynədən, bir əsrdən çoxdur yol gələn bəşəri sorğusuna Mahirə xanımın özəl cavabı var:

Mahirə Tanrının qulu,

Boşalmaz, sinəsi dolu.

Görəydim gəldiyin yolu,

Daş olam, qurbanın olum.

Özgəsinin bostanına daş atanlara Mahirə Nağıqının yanaşması da fərqlidir. Bu yanaşmada nifrət yox, şəfqət diqqət çəkir:

Daş atma, qolun yorular,

Daş olan dövrümdü mənim...

Əli Kərimin “Daş” şeiri yadınızdadırmı? 

Yarıçılpaq

Qədim insan

Düşməninə bir daş atdı,

Qana batdı.

Daş düşmədi

Amma yerə.

Uçub getdi

Üfüqlərdən üfüqlərə.

Bu fikrin poetik davamı Mahirə xanımdan gəlir:

Sərhəd yaradanlar o daşlar imiş,

Götürüb kim atdı birinci daşı...

Qeyd edək ki, Mahirə xanımın “Daş”-ı tam fərqlidir, məna yükü, yeni ifadə tərzi, zəngin dil-üslub xüsusiyyətləri ilə diqqət çəkir. Ən əsası isə, müəllifin  mövzuya mifoloji aspektdən  poetik yanaşma üsuludur:

Kimiydi o daşa ilk hədəf olan,

Kim idi, nə idi- insan, müqəvva?

Daş tapa bilmədi, buğda dəniynən,

Vurdu nəfsi ilə Adəmi Həvva.

Bu dünyanın Cənnətini Cəhənəmə çevirən bilirsiniz nədir? Günahsız insanların köksündən qopan ah-naləsi, ah daşları:

Beləcə atıldı hirslə, qəzəblə

Cənnət kandarından o ah daşları.

Nadan elə bildi, kinlə, qərəzlə

Eləmək mümkündü silah daşları.

Səməd Vurğunun “Qalib gələcəkmi cahanda kamal?” sorğusuna Mahirə xanımın “Daş” kimi cavabı var. Nə qədər ki, zəkaların əvəzinə güc danışır, nə qədər ki, həqiqətin ağzına daş basılır, deməli, kamalın qələbəsindən danışmaq mənasızdır!

Daşlaşdı dünyanın qanun- qaydası,

O qanun dikəlib mənəm baş- dedi.

Başladı nadanın mənəm- davası,

Zəka daldalandı, sözü daş dedi.

Mahirə Nağıqızının təqdimatında daş obrazı sanki canlıdır,  dil açıb deyir ki, amandır, əl saxlayın, tökün bu daşı ətəyinizdən! Xəbərdarlıq edir ki,  nadan insanın əlində daş ölümdür, fəlakətdir, dünyanın, insanlığın sonu deməkdir:

Atılan daşlardan səbət hördülər,

Musanı daş kimi batırsın çaya.

Bəşər övladının ürəyi nədən belə daşa dönüb? Bu daş atmalardan insan oğlunun qazancı nədir? Mahirə xanım  bu bəşəri sorğunu cavablandırarkən insanlığın tarixinə baş vurur, faciənin mifoloji köklərini arayıb axtarmağa cəhd edir,   fikrini konkret faktlarla qüvvətləndirir: 

Haqqı söyləyənə daş tulladılar,

Savab da bildilər, durub o başdan,

Daşdan o tərəfə rəhmsiz nə var,

Quruldu İsanın çarmıxı daşdan.

Elə Məhəmməd peyğəmbərə də az daşlar atılmayıb zamanında və elə hazırkı dövrümüzdə də...Zaman dəyişsə də nə daş qəlblilərin dünyaya baxış bucaqları dəyişir, nə də xəbis, çirkin niyyətləri, əqidələri. Süleymandan, Nuhdan qalan dünya insanları zaman dəyirmanında daş kimi üyütsə də, insanlar daş imarətlər tikməkdən, daş hasarlar çəkməkdən hələ ki, usanmırlar. Tikilən daş hasarlarsa insanları ayırır, səmimiyyəti yox edir, ünsiyyətə sədd çəkir, bir sözlə, ürəkləri daşlaşdırır:

Məhəmməd Hirəyə qalxdı, qalxmadı,

Atıldı dalbadal hikkə daşları.

Yəsribə köçürdü, qəhmər çıxmadı,

Ocaq elədiyi Məkkə daşları.

Bu dünya  daş qəlbli insanlardan nə vaxt qurtulacaq?  Cavabını tapmadığı bu sorğu Mahirə Nağının  qəlbindən sanki  daş kimi asıla qalır. “Dərdim dağlara, daşlara” deyib, qəlbini əzən ağrı yükünü sətirlərə töküb sanki yüngülləşmək istəyi ilə  “Çevriləydim yol daşına” , “Sevda sarayında daş olaq, gedək” deyir. Bu deyim bir şairin arzusundan çox, insanlığın  daşlaşmasından qorxan bir insanın narahatlığıdır,  harayıdır, naləsidir: 

Demə Mahirənin ürəyi daşdı,

Daş olan ürəkdə sevgimi olar...

         Əlbətdə ki, yox! Çünki sevgi elə ilahi hissdir ki, daş qəlbləri belə əritməyə qabildir. Mahirə xanımın məhəbbəti də “daşdan” keçir:

Sənə uzanan əllərin,

Zillənən baxışların,

Ahımdan asılıb qalan

Daşların,

Həsrətindən ürəyində

Yaranan qırışların...

Fərqindəmisən?...

İstedadlı şairə Mahirə Nağıqızının “Onun daş nağılı” kitabı son dövr ədəbiyyatımızın uğurlu nəşrlərindəndir, birnəfəsə oxunur.  Bu kitabı  oxuyanda Bualonun bir deyimini xatırladım: “Oxucuların məhəbbətini qazanmaq istəyirsinizmi? Dilinizi əlvanlaşdırın, nitqiniz rəngarəng olsun, yeknəsəqlikdən taundan qaçan kimi qaçın! Bilin ki, həddindən çox sürtülüb hamarlanmış misralar oxucuları əsnədir, eyni sözün təkrarından ibarət solğun şeirlər quraşdıran şair oxucular arasında özünə pərəstişkar qazana bilməz”.  Və  “Onun daş nağılı”nda oxucu məhəbbətini qazanmaq üçün lazım olan bu xüsusiyyətlərin hamısı var!

Burada da tam deyiləm,

Hər dərdi udan deyiləm.

Gördüyün adam deyiləm,

Dünyam başıma daş olar...

         Dünyası başına uçanların, ümid işığını itirənlərin  ağrısını bundan poetik necə təsvir etmək olar?

Tərəziyə qoyularmı öz daşın,

Nə dəyişər, gözdə olsa yüz daşın.

         Məmməd Arazın aforizmə çevrilən poetik bir deyimini burda xatırlamaq yerinə düşür: “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!”. Mahirə Nağının:

Çöhrənə yaşmı yaraşır,

O yaş mənə başdaş olar-

         deyimi sanki  bu fikrin poetik davamı kimi səslənir.

         Mahirə xanım üçün  Vətən məcazi məhfum deyil, bu yurdun çınqılıdır, daşıdır:

                                      Qurduğum dünyanın hər daşı -Vətən, 

                                      Ömrümün, günümün yoldaşı- Vətən ,

                                      Mahirə, demədi qəm daşı, Vətən, 

                                      Dərmanın hardadır, hamı-Vətəndir!

         Qarabağ ağrısı 30 ildən artıqdır ki, xalqımızın qan yaddaşında qaysaq tutmayan yaradır, şəhid eloğullarımızın nakam həyatıdır, yarımçıq qalan arzularıdır.  Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü  uğrunda qurban gedən şəhidlərlə bağlı son onilliklərdə çoxlu əsərlər yazılıb və bu proses bu gün də davam etməkdədir. Qeyd edək ki, Mahirə xanımın  poeziyasında Qarabağ mövzusu xüsusi yer tutur və şairə xanım  davamlı olaraq bu mövzuda yazır, yaradır.

Doğulub düşmənə daş atmaq üçün,

Ürəyi qorxudan boşaltmaq üçün.

Ölərlər vətəni yaşatmaq üçün,

Hər qəlbdə bir qala tikər şəhidlər.

 Qarabağ  mövzusunda yazdığı şeirləri Mahirə xanımı bizə təkcə yaradıcı insan kimi deyil,  həm də kövrək ana, həssas vətəndaş kimi tanıdır: 

Burdan yavaş gedin, asta keçin,

Qəbirlər titrəyər, daş dinə bilər.

Bir güllə gücünə sükut olanlar,

Bir addım səsinə diksinə bilər.

Boy vermiş məzarın qəbir daşları,

Bir ömrün daşlaşan arzu-kamıdır.

Onların sağlığı döyüşən əsgər,

Məzarı –Vətənin istehkamıdır.

Bualo yazır: “ Şeirin fikri bizə çatmırsa, mənası qaranlıqdırsa oxucu əsnəyir, mürgü döyür və bu da qətiyyən təəccüblü deyildir, çünki boş və mənasız əsər bizi tez yorur, belə kitabları oxumur, qatlayıb bir kənara tullayırıq”. Bu mənada oxucunu cazibə qüvvəsinə salan  “Onun daş nağılı”  son dövr  ədəbiyyatımızın, poeziyamızın uğurlu nəşrlərindən sayıla bilər. Bu kitabda tədqiqat mövzusu kimi araşdırılmalı  mövzular çoxdur.  Biz milli yaddaşımızı daş yuxusundan oyatmağa hesablanan  daş mövzusunu təsadüfüi seçmədik. “Fərariliyin ən bədnam çeşidi - əcdaddan üz çevirməkdir, kökdən, mənşədən, "mən"dən fərar eləməkdir, milli hafizədə, mənəvi yaddaşda (yəni əsəbdə, qanda, kökdə!) "skleroz" olmaqdır. Yaddaşı olmayan ədəbiyyat yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır”-deyən Yaşar Qarayevin narahatlığına  istedadlı şairə Mahirə Nağıqızının “Onun daş yaddaşı” kitabı layiqli cavabdır.

Atılan daşlardan yollar çəkdilər,

Kimsə o yolları baş edəmmədi.

Dünyanı daş kimi ağır edənlər

İnsanın qəlbini daş edəmmədi.

 “Onun daş nağılı” kitabında toplanmış  şeirlər insanları  daş yuxudan oyatmağa, daş qəlblərdə insaf toxumları səpməyə, daş ürəklərdə kini əritməyə hesablanan, zaman-məkan sərhədi tanımayan əsl sənətkarlıq nümunələridir.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

 

 

Mədəniyyət