İsmayıllı rayonunda təsərrüfatların genişzolaqlı internetə çıxışı təmin edilib

post-img

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC İsmayıllı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, İsmayıllı şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 10235 təsərrüfatdan 6994 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

Ümumilikdə rayonda mövcud təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 12393 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85%-ni təşkil edir.

 

 

İKT