Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Ulu Öndərin Daşkənddəki abidəsi ziyarət edilib, digər tədbirlər keçirilib

post-img

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 12-də Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirləri Adil Kərimli və Azadbek Nazarbekov, Azərbaycan Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, şair Baba Vəziroğlu, mədəniyyət və incəsənət xadimləri Ümummilli Liderin Daşkənddəki abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. 

İyunun 12-də Özbəkistan Təsviri İncəsənət Qalereyasında “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” sərgisi keçirilib. 

Sərgidə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirləri Adil Kərimli və Azadbek Nazarbekov, ölkəmizdən gələn qonaqlar, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər qatılıb. 

İştirakçılar sərgiyə maraqla tamaşa edib.

Özbəkistan Mədəniyyət və İncəsənət İnstitutunda Azərbaycan Dövlət “Yuğ” Teatrının “Mən mənəm” tamaşası nümayiş olunub.

Axşam isə Əlişir Nəvai adına Akademik Opera və Balet Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib. Tamaşa anşlaqla keçib, aktyorlar dəfələrlə sürəkli alqışlarla qarşılanıb. 

Özbəkistandakı Əlişir Nəvai adına Milli Kitabxanada “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışına isə Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazxan Tacixanov, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, ölkəmizdən gələn qonaqlar, qardaş özbək xalqının nümayəndələri qatılıb. 

Fərid Cəfərov öz çıxışında xalqlarımızın qədim köklərə, milli adət və ənənələrə malik olduğunu bildirib, ölkələrimizin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, Özbəkistan Milli Kitabxanasında yaradılan Azərbaycan guşəsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. 

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, rəhbərlik etdiyi kitabxanada 2019-cu ildə Özbəkistan guşəsi yaradılıb. Son illərdə kitabxanada Özbəkistanın tanınmış şair və yazıçılarının yubileyləri qeyd edilib, müxtəlif kitab təqdimatları baş tutub.

Çıxış edənlər bildirib ki, Azərbaycan guşəsində təxminəm 300 adda nəşr var. Kitablar arasında Heydər Əliyev Fondu tərəfindən çap olunan nəşrlər, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı toplular yer alıb. Burada 44 günlük Vətən müharibəsi haqqında məlumatlar da var. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd 

 







Mədəniyyət