Bakı türk ölkələrinin ən yaxşı kitablarına qucaq açıb

post-img

Turan birliyinin Bakı körpüsü sayılan III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) uğurla davam edir.

Xatırladaq ki, festivalın təşkilatçı­sı Beynəlxalq Türk Müəllifləri Birliyidir. Əsas dəstəkçilər Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mə­dəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, ASAN Könüllülər Təşkilatı və daha bir neçə qu­rumdur.

Budəfəki kitab bayramında türk tarixi və ədəbiyyatı barədə nəşrlərə üstünlük verilib. Türkoloq yazıçı və müəllimlər ki­tabların təqdimatında iştirak edirlər.

Layihənin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, şair Xəyal Rza festivalın zəngin proqramı haqqında da­nışdı: 

– Türksoylu ölkələrdən tanınmış alim­lərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festival şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, kon­sert proqramları ilə zəngindir. Burada AYB-nin 90 illiyi yüksək səviyyədə qeyd olundu və paneldə AYB sədri, Xalq yazı­çısı Anar, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, filoloq-alim Asif Rüstəmli, tanınmış yazarlar Elçin Hüseynbəyli, İm­dad Afşar, “Qobustan” jurnalının baş re­daktoru Pərvin və başqaları çıxış etdilər. Fərəhlə bildirim ki, AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən Birliyimizin 90 illiyinə töhfə olaraq sanballı birmonoqrafiya hazırlanıb. Festivalda, eyni zamanda, görkəmli ədbilərin yubileyləri də qeyd ediləcək.

Sonra öyrəndik ki, festivalın Qırğızıs­tana həsr olunan günü hər kəsin mara­ğına səbəb olub. AMEA Ədəbiyyat İnsti­tutunun direktor müavini, fəlsəfə doktoru Mehman Həsənli, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini, şair Adil Cəmil, gənc filoloq Nəzrin Əliyeva qardaş xalqın ədəbiyyatı barədə fikirlərini bölüşüblər. Toktoqul Satılqanovun 160 illiyi qeyd edi­lib. Gülsaira Momunovanın əziz xatirə­sinə onun “Gül dəftəri” vərəqlənib. 

Bayramın 3-cü günü Macarıstana həsr olunub. Çıxış edənlər ölkələrimizin ədəbi və elmi əlaqələrindən danışıblar. Macarıstan nəşriyyatlarının kitabları sər­gilənib. Paneldə Şandor Petöfi, Mikloş Radonti və başqa macar klassiklərindən söz açılıb, onların həyat və yara¬dıcılı­ğından bəhs edilib. Şair-tərcüməçi Balaj Söllöşinin ədəbi əlaqələrin gücləndirilmə­sində rolu qeyd olunub. Digər mövzu kimi isə Azərbaycan və Macarıstan ədəbiy¬­yatının bir dildən digərinə az sayda tər­cümə edilməsi məsələsinə də toxunulub və əminlik ifadə edilib ki, naşirlər gələcək fəaliyyətlərində bunu nəzərə alacaqlar. 

Festivalın 4-cü günü Qazaxıstana həsr olundu. Gün qardaş ölkənin dövlət himni ilə başlandı. Aparıcı Qazaxıstanla Azərbaycan arasındakı əlaqələrin önə­mindən ətraflı danışıldı. Moderator Gü­nay Qarayevanın təqdimatında böyük ədib Salman Mümtazın 140 illiyi də qeyd edildi. Asif Rüstəmli, Lütviyyə Əsgərzadə şair, ədəbiyyatşünas, mətnşünas və bib­lioqraf, eləcə də orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtazı iştirakçı­lara daha yaxından tanıptdılar.

Festivalda təmsil olunan qurumlar­dan biri də “Qanun” Nəşrlər Evidir. Şah­baz Xuduoğlunun rəhbərlik etdiyi bu qurum ən müxtəlif mövzularda kitablarla oxucuların görüşünə gəlib. Nəşrlər evinin direktoru dedi:

– Kitab bayramları unudulmaz təsir bağışlayır. Naşir–müəllif–oxucu üçbu­cağının görüşləri yaddaqalan və faydalı olur. Tələb və təklif layiqincə uz¬laşdırılır, hər kəsin kitabla ünsiyyəti daha da artır. Başlıcası isə endirimli qiymətlərlə kitab almaq imkanı yaradılır. Elə 2 həftə əvvəl Sumqayıtda – Əli Kərim adına “Poeziya Evi”ndə gözəl bir kitab bayramı keçirdik. İndi isə artıq paytaxtın elmlər parkında, açıq havada oxucularla, alıcılarla görüş­mək imkanı əldə etmişik. Təşkilatçılara minnətdarıq. 

Qeyd edək ki, “Bizim media” portalı festivala informasiya dəstəyi verən təsi­satlardandır. Stendlərdə oxucular popul­yar yazıçı Elxan Elatlının detektiv janrda roman və povestləri ilə, filologiya elmləri doktoru, professor Zahid Xəlilin uşaqlar üçün yazdığı əsərlərlə yaxından tanış olublar. Şair-publisist İlham Qəhrəmanın, Elşad Baratın, Ramiz Qusarçaylının, Na­miq Dəlidağlının, Aqşin Yeniseyin, qazi şair Nadir Həsənoğlunun, gənc yazar Murad Həsənovun, Lalə Hüseynin kitab­ları təqdim olunub. Oxucuların Xalq şairi Ramiz Rövşənlə də görüşü olacaq. 

Festivala gələn oxuculardan biri, “Cə­nub” İdman Klubunun direktoru, Əmək­dar məşqçi Samir Həsənov təəssüra5tla­rını bizimlə bölüşdü:

– Festivalda seçim imkanının genişli­yi təqdirəlayiqdir. Buradakı “Bizim media” stendində şair dostum İqbal Nemətin ki­tab təqdimatı və “İmza günü”ndə həvəslə iştirak etdim. Onun “Bizdən irəlidə bir ümid vardı” kitabını aldım. Üzümü gənc­lərə tutub deyirəm: bacardığınız qədər kitab oxuyun, çünki insanın formalaşma­sında mütaliənin rolu əvəzsizdir.

Onu da əlavə edək ki, III Türk Dünya­sı Ədəbiyyat və Kitab Festivalının özəllik­lərindən biri də Badam Tibb Mərkəzinin dəstəkçilər sırasında olmasıdır. Mayın 31-dək bu klinikanın həkimləri festivalı iştirakçılarına pulsuz göz müayinəsi edə­cəklər.

Bəli, Turan birliyinin Bakı körpüsündə qələbəlikdir. Türk dünyasının alimləri, ya­zıçı və şairləri ilə canlı ünsiyyətlər, musiqi proqramları, müxtəlif mövzularda panel müzakirələri festivala xüsusi rəng qatır.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət