Nəcib Fazil Qısakürək-120
Azərbaycan əsilli Nəcib Fazil Qısakürəyin türk ədəbiyyatında özünəməxsus yeri var. Çoxsahəli yaradıcılığa malik böyük şəxsiyyət, şair, yazıçı, dramaturq, filosof, publisist olub.
Nəcib Fazil İstanbulda dünyaya göz açıb. Həyat hekayəsi təzadlarla doludur, 15 yaşına qədər ciddi xəstəliklərə mübtəla olub. Gələcəyin böyük şairi erkən vaxtından öz düşüncələri və fikir qönçələri ilə baş-başa qalıb, özünün qəribəlikləri ilə insanların diqqətini cəlb edib. Hamıdan qaçıb, guşənişin həyatı yaşayıb. Müəllif özünün “O və mən” kitabında bu haqda maraqlı məqamlara toxunub. Ədəbiyyata olan sevgisi onu şöhrətin zirvəsinə doğru aparıb. Xasiyyətində baş verən dəyişikliklər onun həyatını xoş məcraya yönəldib. Bir insan və şair kimi öz dəyərini dərk etməyə başlayıb.
Nəcib Fazil daim həqiqət və ədalət sorağında olub. Elə bu səbəbdən də bir neçə məktəb dəyişib. İbtidai və orta təhsilini Amerikan və Fransız kollecləri ilə “Bəhriyyə” məktəbində (Hərbi Dəniz Liseyi) alıb. Axırda orta təhsilini Haybeli Nümunə məktəbində başa vurub. Ona liseydə dövrün məşhur adamları olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Aşkı kimi böyük söz ustadları dərs deyib. O, İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən sonra Fransanın Sorbonna Universitetində də təhsil alıb. Bir müddət banklarda müfəttiş və mühasib vəzifələrində çalışıb. İçindəki ədəbiyyat sevgisinə görə bank işindən ayrılıb. Sonra kollecdə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetində müəllimlik edib. O, məcmuə və dərgilərdə dərc olunan şeirləri ilə diqqət çəkib, Nəcib Fazil Qısakürək imzasını tanıdıb. “Kaldırımlar”, “Mən və ötəsi” kitabları əl-əl gəzib.
Sonralar şairin dünyagörüşündə dəyişiklik baş verib. Nəqşi şeyxi olan Əbdulhakim Arvasiylə tanışlığı onun şeirlərində irfan düşüncəsini ortaya çıxarıb. Ruhuna hopan təsəvvüf, irfan düşüncəsi Nəcib Fazili Tanrıya daha da yaxınlaşdırıb. Şöhrətin zirvəsində ikən fəlsəfi axtarışlarını davam etdirib. “Bir adam yaratmaq” əsəri ilə türk dramaturgiyasının əsasını qoyub. Bir-birinin ardınca bütün həyat fəlsəfəsini əks etdirən “Toxum”, “Pul”, “Rəis bəy” kimi pyesləri böyük əks-səda doğurub.
Onun şairliyi və yazıçılığı qədər çıxardığı “Ağac”, “Böyük Şərq” dərgiləri də böyük əhəmiyyət kəsb edib. Bu məcmuələrdə dövrünün məşhur qələm adamlarını bir araya gətirib. Anadolunun, demək olar ki, hər yerində öz həmfikirləri ilə geniş əlaqə qurub. Nəcib Fazil öz yazıları ilə İsmət Paşa və tək partiya (CHP) rəhbərliyinə qarşı qatı müxalifliyi ilə seçilib. Bir neçə dəfə dərgiləri müxtəlif bəhanələrlə bağlanıb, nüsxələri yığışdırılıb. Sonra yazıları müxtəlif jurnallarda gizli imzalarla (Mürid, Əhməd Abdülbaki və s.) dərc olunub.
Nəcib Fazil Fatma Neslihanla ailəli olub, Mehmet, Ömər, Ayşə, Osman və Zeynəb adlı 5 övladı dünyaya gəlib. Ailə həyatında özünü xoşbəxt sayıb. Amma Nəcibin qismətində zindan həyatı da olub. Siyasi yazılarına görə həbs edilən şair zillətlər də çəkib. Demək olar ki, ömrünün yarısını 4 divar arasında keçirib. “Cinnət Mustatili” adlı əsərində həbsxana xatirələri geniş yer alıb.
Hər bir halda, onun yaradıcılığına yüksək dəyər verilib. Anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilib. O, Türkiyə Mədəniyyət Nazirliyinin “Böyük Mükafat”ına, “Milli Kültür Vəqfi Mükafatı”na, Türkiyə Yazıçılar Birliyinin “Ali Xidmət mükafatı”na layiq görülüb. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə "Şairlər Sultanı” fəxri adını alıb.
Qısakürəyin əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilib. Filologiya elmləri doktoru Eşqanə Babayeva şairin ömür yolu, ədəbi mühiti və yaradıcılığından bəhs edən “Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu” adlı monoqrafiya, 100-ə qədər məqalə yazıb. Onun “Bir adam yaratmaq”, “Yunus Əmrə”, “Rəis bəy”, “Siyah pelerenli adam” və “Qanlı sarıq” pyesini də dilimizə uyğunlaşdırıb. Qısakürəyə həsr olunan beynəlxalq konfranslarda iştirak edib. Alimin əldə etdiyi məlumata görə, ölkəmizdə ustad haqqında ilk dəfə şair Mikayıl Müşfiq fikir söyləyib. “Dəmir pərdə”nin bütün təzyiq və yasaqlarına baxmayaraq, hələ 1958-ci ildə böyük şairimiz Rəsul Rza Nəcib Fazilin məşhur “Otel odalarında” şeirini dilimizə çevirərək “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirib. Sənətkarın poetik nümunələrinin ölkəmizə ikinci gəlişi tam 30 il sonraya – müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1991-ci il mayın 22-də “Ədəbiyyat qəzeti”ndə şairin bir neçə şeiri çap olunub. Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Xəlil Rza Ulutürk, Fikrət Sadıq böyük sənətkar haqqında qiymətli fikirlər söyləyiblər.
Keçdi, keçdi mövsümlər,
Süpürüldü təqvimlər,
Gedənlərdən qalan şey
Divarlarda rəsmlər,
Məzarlarda isimlər…
– deyən Nəcib Fazil Qısakürəyin öz ismi məzar daşına 1983-cü il mayın 25-də – doğum günü ərəfəsində həkk olunub.
Həzi HƏSƏNLİ,
şair-publisist