Yoxdan var olan Xocalı

post-img

Ermənistan və dünya gücləri 32 ildir nəyi gözləyirlər?

“Bütün dünya görəcək ki, erməni vəhşiliyi nədir. Bu, həqiqətdir və bunu hər kəs bilməli­dir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə, ola bilsin ki, indiki Ermənistan rəhbərliyi o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bil­məyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu hərbi cinayətini tanısın”. 

Prezident İlham Əliyevin 2024-cü il mayın 28-də Xocalı sakinləri ilə görüşdəki çıxışından

Xocalıya ilk köç Qarabağa qayıdışın ən həssas və kövrək səhifələrindən biri oldu, – desək, yanılmarıq. Şuşalılardan sonra xocalıların doğma yurda dönmələ­ri, qəsəbənin ilk sakinlərinə mənzillə­rin açarlarının şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehri­ban Əliyevanın təqdim etməsi tarixi ha­disələr kateqoriyasına daxildir. Artıq acı xatirəyə dönmüş, fəqət heç vaxt unutma­yacağımız qanlı keçmiş, Xocalı soyqırımı isə bəşəriyyətin tarixinə qara hərflərlə ya­zılacaq vandalizm aktıdır. Şübhə etmirik ki, Müstəqillik Günümüzü bayram etdiyi­miz mayın 28-də mavi ekran qarşısında əyləşənlər də bu tarixi mənzərənin və atmosferin həyəcanını yaşadılar. 

Yeni evlər, isti nəfəs, firavan həyat

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhə­rində 15 çoxmənzilli binada təmir və ye­nidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. 3,34 hektar ərazini əhatə edən kompleksdə hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 bina inşa edilib. İki, üç və dördotaqlı 80 mənzil ilk sakinlərini qəbul etməyə başlayıb. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, söhbət­gahlar yaradılıb. Beləliklə, Xocalının ikinci həyatı başlayır. Müasir standartlara cavab verən yeni evlər xocalıların isti nəfəsi ilə qızır, burada həyat yenidən canlanır.

Azərbaycan dövlətinin başçısı Xocalı sakinləri ilə görüşdə bildirdi ki, 44 günlük Vətən müharibəsi, birsutkalıq antiterror əməliyyatı xalqımızın gücünü və iradəsi­ni, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. “Onların qəh­rəmanlığı və fədakarlığı sayəsində biz bu gün burdayıq”,– deyən cənab Prezident Azərbaycan Ordusunun düşmənə vurdu­ğu sarsıdıcı zərbəni xatırlatdı: “Əminəm ki, Ermənistan bir daha heç vaxt Azər­baycana qarşı hər hansı hərbi təxribat törətməyə cəhd etməyəcək. Baxmayaraq ki, Ermənistanda kifayət qədər revanşist­lər var. Biz də son hadisələri izləyirik, gö­rürük ki, yenidən bizə qarşı ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə də hər an hazır olmalıyıq. Təbii ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”. 

Dövlətimizin başçısının 32 il bundan əvvəl erməni faşistlərinin törətdiyi qətliam nəticəsində doğma yurdlarından didərgin düşmüş xocalılarla səmimi söhbəti xüsu­silə yaddaqalan oldu. Onların xatirələ­rini diqqətlə dinləyən cənab Prezident Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədi yaşatmaq üçün xüsusi Memorial kompleksin yaradılması ilə bağlı məsələ­nin uzun illər müzakirə edildiyini diqqətə çatdırdı. Bu məqsədlə hətta paytaxtdakı “Ana fəryadı” abidəsinin yanında yerin seçildiyini, layihənin hazırlandığını xatır­ladan İlham Əliyev son təsdiqə tərəddüd etməsinin səbəbini açıqladı: “Çünki ürə­yimdə saxlayırdım ki, bu Memorial komp­leks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fev­ralın 26-da Xocalıda xocalılılarla bərabər Memorial kompleksin təməli qoyuldu və burada inşa ediləcək”. 

Qeyd edək ki, Heydər Əliyev Fondu­nun layihəsi əsasında inşasına başlanan Memorial kompleksin konsepsiyasına əsasən, abidənin həyətində fevral ayının sonlarında çiçəkləyən ağaclar əkiləcək. Həmin bağça 1992-ci ilin fevralında qət­lə yetirilən günahsız insanların yarımçıq qalmış ömürlərinin rəmzi olacaq. Komp­leksi dörd tərəfdən əhatə edən düzbu­caqlı nəhəng monolit isə xocalıları soyqı­rımından qorumağa çalışan rəmzi əllər formasında təsvir olunub.

Memorial kompleksdə ziyarətçilərə Xocalı soyqırımına, şəhərin tamamilə dağıdılmasına dair xronika, sübutlar və faktlar təqdim olunacaq. Kompleksin me­marlıq üslubu, burada yaradılan ab-hava, nümayiş etdirilən materiallar 32 il bundan öncə qarlı fevral gecəsi erməni vandalla­rın Xocalıda törətdiklərini əyani şəkildə görməyə, soyqırımı dəhşətini yaxından hiss etməyə imkan verəcək. Faciə qur­banlarının xatirəsinə ucaldılacaq komp­leksin kompozisiyası, bir növ, Ankarada Mustafa Kamal Atatürkün şərəfinə inşa edilmiş “Anıt qəbri”ni xatırladır. 

Dünya hələ də susur

Azərbaycan on illər boyu “Xocalıya ədalət!” çağırışı ilə beynəlxalq təşkilat­lara, dünyanın “böyük güclər”inə müra­ciətlər göndərdi. Doğrudur, 18 ölkənin parlamenti bu qanlı faciəni soyqırımı kimi tanıyıb. Amma, təəssüf ki, onların arasında böyük dövlətlərin adları yoxdur. Nüfuzlu beynəlxalq təşkilatların bir çoxu hələ də XX əsrin bu faciəsini görməzdən gəlir, xalqımızın haqq səsini eşitmir.

XATIRLATMA: Otuz iki il bundan əvvəl ermənilər Xocalıda qanlı faciə törədiblər. 1992-ci il fevralın 25-26-da Ermənistan si­lahlı qüvvələri və Rusiyanın Xankəndidəki 366-cı motoatıcı alayı tərəfindən 613 Xo­calı sakini vəhşicəsinə qətlə yetirilib, 150 insan itkin düşüb, 1000-dən çoxu əsir gö­türülüb. 63 uşaq, 100-dən çox qadın, 70 qoca erməni faşistləri tərəfindən işgən­cələr verilərək öldürülüb. 

Heydər Əliyev Fondu Xocalı soyqırı­mını dünyaya tanıtdırmaq üçün çox bö­yük səylər göstərib. Fondun təşəbbüsü ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərin­də keçirilən tədbirlər, təqdimatlar, kitabla­rın, məqalələrin dərc edilməsi formasında özünü göstərdi. Dünyanın gözü qarşısın­da baş vermiş qanlı cinayəti inkar etmək, doğrudan da, ədalətsizlik və vicdansız­lıqdır. Ermənistan hakimiyyəti, həm o dövrdə, həm də bu gün onun arxasın­da dayanan anti–Azərbaycan qüvvələr bu hadisəni ört-basdır etməkdən ötrü əllərindən gələni edirlər. Yəni, onlar Er­mənistanın törətdiyi hərbi cinayətə görə məsuliyyətə cəlb olunmasına, ona qarşı hər hansı sanksiyanın tətbiq edilməsinə qarşı çıxmaqla, cəzasız qalmasını təmin edirlər. Amma indi Cənubi Qafqazda ol­duğu kimi, dünyada da yeni reallıqlar ya­ranıb. Ədalətin zəfər çalması üçün tarixi şəraitin yarandığını da hamı görür.

Müttəhimlər kürsüsü Xocalı qatillərini gözləyir

Bəli, Xocalı soyqırımı ilə bağlı daha vacib məsələ bu qanlı cinayəti törədən­lərin ədalət məhkəməsi qarşısında cavab vermələridir. Azərbaycan bu ədaləti də özü bərpa etdi. Əslində, İkinci Qarabağ müharibəsi tarixi ədalətin təntənəsi sa­yılmalıdır. Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlarımızın böyük his­səsi azad edildi, qalan ərazilər üzərində suverenliyimiz beş ay bundan əvvəl tə­min edildi. 

Rəsmi Bakı Xocalı qətliamının təşki­latçıları və icraçılarının adlarını İnterpola versə də, bu beynəlxalq ədalət orqanı onlardan heç birini həbs edib, Azərbay­cana təhvil verməyib. Baxmayaraq ki, in­sanlığa qarşı bəşəri cinayəti törədənlərin adları hər kəsə bəllidir. Onlar dünənə qə­dər Ermənistanın siyasi rəhbərliyində ən yüksək postlara, o cümlədən prezident və nazir kürsülərinə yiyələnmiş Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohan­yan və digərləridir. Serj Sarkisyan özü Xocalıda mülki əhalini qətlə yetirdiklərini ingilis jurnalist Tomas de Vaalın qələmə aldığı “Qara bağ” kitabı üçün verdiyi mü­sahibəsində etiraf edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bi­zimlə zarafat etmək olar. Onlara elə gə­lirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik və belə də oldu”. 

Fəqət ortada olan bu və digər sübut və faktlar beynəlxalq femida kimi, “böyük güclər”in vicdanını tərpətməyə yetmir. Beynəlxalq birliyin bu haqsızlığını, Xocalı soyqırımına hüquqi qiymətin verilməmə­sini Prezident İlham Əliyev 2021-ci il avqustun 14-də “CNN Türk” telekanalına müsahibəsində dilə gətirmişdi: “Sözdə ermənilərin saxta soyqırımını tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istə­mirlər. Çünki, onlar saxta tarixi qəbul edir­lər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayı­rıq, buna öyrəşmişik, təəccüb də etmirik”. 

Törətdikləri qətliama görə Xocalı qatil­ləri Vaqif Xaçatryan, Raşid Beqlaryan və Mədət Babayan 31 il sonra ədalət məh­kəməsi qarşısında dayandılar. Qarabağ separatçılarının liderləri, əlləri xocalıların qanına bulaşmış Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan yəqin elə düşünürlər ki, məsuliyyətdən yayınıblar. Amma yanılırlar. Onların da törətdikləri bəşəri cinayətlərə görə Femida qarşısına çıxarılacağı gün uzaqda deyil.

Qalib və qürurlu xalqın lideri

Nəhayət, tarixi gün yetişdi və otuz bir il Xocalı soyqırımına gözlərini və qulaq­larını qapadanlar Azərbaycan əsgərinin doğma yurdda ayaq səslərini eşitməyə məcbur oldular. Deyə bilərik ki, Xoca­lının qisası alındı, ədalət bərpa edildi. Azərbaycan xalqı, Prezident, Ali Baş Ko­mandan, Azərbaycan Ordusu Xocalıya ədaləti bərpa etdi. Qalır bu ədalətin dün­ya tərəfindən etirafı və tanınması. 

Yazımızın sonunu 28 May görüşündə sıravi xocalılının cənab Prezidentə dedi­yi sözlərlə bitirmək istədik: “Sadəcə, onu bilirəm ki, dünyada Sizin kimi Prezident olmayıb və olmayacaq. Bu, doğrudur. Bunu hamı deyir, təkcə xocalılılar deyil, bütün Qarabağ, bütün Azərbaycan xalqı deyir. Son iki yüz ilik tariximizdə belə hal olmayıb. İndi məhz Sizin sayənizdə qalib xalq kimi yaşayırıq”.

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı

– Azərbaycan Prezidenti İlham Əliyevin Xocalıdan verdiyi mesaj, ilk növbədə, Ermənistan rəhbərliyinə ünvanlanmışdı. Ona görə ki, soyqırımı faktını Ermə­nistan etiraf etməlidir. Xocalı fa­ciəsini dünyanın on səkkiz deyil, otuz səkkiz ölkəsi tanısa belə, həmin üzrxahlıq rəsmi İrəvanın dilindən səslənməlidir. Əgər Er­mənistan hakimiyyəti Azərbay­canla münasibətlərini səmimi qonşuluq, faydalı əməkdaşlıq müstəvisinə keçirməkdə maraq­lıdırsa, bu addımı mütləq atma­lıdır. Əslində, bunun əldə edil­məsi Ermənistan üçün olduqca vacib məsələdir. Sadəcə, burada cəmiyyətin ovqatı, ictimai rəy nəzərə alınmalı amillərdir. Nikol Paşinyan və onun komandası daxili auditoriyanı bu həqiqəti qəbul etməyə hazırlamalıdır. 

Kənardan baxanda asan gö­rünə bilər, amma, bu, kifayət qə­dər çətin məsələdir. Ancaq qaçıl­ması mümkün olmayan, gec-tez baş verəcək hadisədir. İrəvan bu gün olduğu kimi, sabah da bu re­allığı qəbul etmək zərurəti ilə üz-üzə qalacaq. Onlar bu addımı nə qədər tez atsalar, bir o qədər irəli düşərlər.

İmran BƏDİRXANLI
XQ





Siyasət