Xocalıya qayıdış başladı. 32 ilin ruhlar şəhərinə nəfəs, can gəldi. İki gün öncə Xocalı sakini, tədqiqatçı jurnalist Səriyyə Cəfərova da doğma yurduna köç etdi. Onun el-obaya dönüş sevinci daha bir tarixi görüşün təntənəsi ilə qovuşub Səriyyə xanıma unudulmayacaq anlar yaşatdı.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Mərasimdə həmkarımız da iştirak edirdi. O, böyük sevincini, köç təəssüratlarını bölüşərək Prezident İlham Əliyevi, Mehriban xanımı və Arzu Əliyevanı evinə dəvət etdi, yaşadığı həyəti göstərdi, burada doğulub böyüdüyünü, 1992-ci ilin 26 fevral şaxtalı qış gecəsində erməni qaniçənlərin evlərinə soxulduğunu və 3 qızı atasız, əziyyətlə böyüdən anasını şəhid etdiklərini söylədi. Ondan sonra 3 əmisi oğlunu da itirdiyini bildirdi.
Xocalı Xankəndi xuntasının əsarətindən xilas ediləndən sonra şəhərdə aparılan tikinti-abadlıq, quruculuq işləri ilə Səriyyəgilin də evləri “ağ günə” çıxıb. Prezident İlham Əliyevin tapşırığı ilə bərpa edilən hər evlə, sanki, köçkünlərə yeni həyat bəxş edilib.
Həmkarımızın hiss və duyğularını, sevincini titrək, kövrək səsindən duymaq belə insanı qəhərləndirir:
– Düz 32 il öncə, qarlı - şaxtalı bir qış gecəsində min bir müsibətlə çıxdığım yollarla Xocalıya qayıtdım. Qayıdışımız mübarək! Gün o gün olsun ki, Xocalıda daha gözəl, daha rəvan günlər görək. Çox qürurluyam ki, bir igid ömrü qədər həsrətini çəkdiyim Xocalıya ilk yük, ilk köç mənimki oldu. Xocalıya dönüş, yurda qayıtmaq yenidən doğulmağa, nisgilinə əlvida deməyə bərabərdir. Dönüş o qədər rahat, ləyaqətli, təntənəli oldu ki, bunu ancaq dövlətimiz və onun başçısı edə bilərdi.
Yol yoldaşım sürücü Oruc mənə çox kömək etdi. Ona dedim ki, Oruc, bu, tarixi bir gündür. Bilirəm ki, illər keçəcək, o ötənləri xatırlayanda deyəcək ki, Xocalıya ilk köçü mən gətirmişəm.
Kövrək, yaralı notlara toxunmuram. Amma həyətimə, bağıma baxdım. Qoyub getdiyim ağaclar nə gəzir? Xatirələrim çiliklənib. Analı dünyam yoxdur. Uşaq vaxtı onun yelləncək asıb məni yelləndirdiyi tut ağacı da yoxdur. O tut ağacı məni çox uzaqlara apardı. İçim qan ağladı. Heç vaxt insan taleyindən qaça bilməz. Bu, mənim alın yazımdır. Ötən illər ərzində ümdə arzum doğma yurda dönmək olub. Amma ağlıma gəlməzdi ki, Xocalıya qayıdanda cənab Prezident evimin qonağı olacaq.
Bəli, həmişə üz-gözündən kədər süzülən Səriyyə xanım ilk qayıdanlardan oldu. Telekanallarda göstərilən, sosial şəbəkələrdə paylaşılan kadrları görənlər də kədər qarışıq sevinc hissləri yaşadılar. Ürəyimdə dedim: “Evin-eşiyin mübarək olsun, Səriyyə xanım. Nə yaxşı ki, qayıtdın. Allah bu mübarək günü bütün məcburi köçkünlərə yaşatsın!
Şəhid şəhərə dönənlərlə yanaşı, xalqımız da böyük bir sevinc yaşadı. Bu sevinci bizə yaşadan Ali Baş Komandana xalqımızın minnətdarlığı sonsuzdur.
Zərifə BƏŞİRQIZI
XQ