Milli Məclisin Sədri Antiqua və Barbudada

post-img

Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib. 

Tədbir iştirakçıları arasında Mil­li Məclisin Sədri Sahibə Qafarova da olub. O, Prezident İlham Əliyevin kon­frans iştirakçılarına müraciətini oxuyub. (Müraciətin tam mətni ilə https://presi­dent.az/az/articles/view/66071 linki va­sitəsilə tanış ola bilərsiniz).

Spiker müraciəti səsləndirdikdən sonra bildirib ki, ölkəmizdə keçiriləcək COP29-un rəhbər heyəti də bu konf­ransda iştirak edir. Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları din­ləməyə, həmçinin qaldırılacaq mövzula­rın COP29 planlarında əks olunmasını təmin etməyə hazırdır.

***

Milli Məclisin Sədri Sahibə Qafaro­va səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kubanın vit­se-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbuda Nümayən­dələr Palatasının sədri ser Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə görüşlərdə Azərbaycanın bu ölkələr­lə münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq təşkilat­larda əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar. 

Görüşlərdə S. Qafarova Azərbay­can Prezidentinin təşəbbüsü ilə yaradı­lan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə də məlu­mat verərək, şəbəkənin hərəkata üzv ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və ölkəmizin təşkilatçılığı ilə bu tədbirin yüksək səviyyədə keçiriləcə­yinə inam ifadə olunub. 

Spiker COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə bir­likdə parlament konfransı keçirəcəyini, bu tədbirin parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata bilə­cəklərini müəyyən etmək imkanı yara­dacağını vurğulayıb. 

Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalveslə görüşdə ölkəmi­zin bu dövlətlə beynəlxalq əməkdaşlığı­nın səviyyəsindən və BMT Təhlükəsizlik Şurasında Azərbaycana verdiyi dəstək­dən məmnunluq ifadə edilib.

Antiqua və Barbudanın Nümayən­dələr Palatasının sədri Cerald Uott Azərbaycanın “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq konfrans­da iştirakını və Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini yüksək qiymətləndirib. 

***

Həmin gün Milli Məclisin Sədri Mil­lətlər Birliyinin Baş katibi Patrisiya Skot­lendlə görüşüb. Azərbaycanın birlik üzvləri ilə münasibətlərinə dair fikir mü­badiləsi aparılıb. Millətlər Birliyinə üzv olan ölkələrin əksəriyyətinin Qoşulma­ma Hərəkatına da üzv olduqları vurğu­lanaraq, Azərbaycanın sədrliyinin kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd edilib.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər