Türkiyə
Ankarada 28 May Müstəqillik Günü münasibətilə “Can Azərbaycan” mövzusunda tədbir keçirilib.
Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, ictimaiyyət nümayəndələri və KİV iştirak ediblər.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində keçirilən mərasimdə çıxış edən TADİV sədri Aygün Attar Azərbaycanın müstəqillik tarixi haqqında danışaraq bildirib ki, Xalq Cümhuriyyəti cinsindən, irqindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bərabərliyini elan edib. Bu tarixi nailiyyətləri dünyanın bir çox ölkəsindən əvvəl əldə edən Azərbaycan, eyni zamanda qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir.
***
İstanbulda da 28 May Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi mərasimdə İstanbul Valiliyi və qardaş ölkənin digər dövlət qurumlarının rəsmiləri, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının nümayəndələri, Türkiyədə təhsil alan hərbçilər, QHT-lər və digərləri iştirak ediblər.
Baş konsul Nərminə Mustafayeva Azərbaycanın müstəqillik tarixindən danışaraq bildirib ki, bu gün yalnız Azərbaycan deyil, bütün bölgə üçün şanlı tarixdir. Qısa bir dövrü əhatə etməsinə baxmayaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması, eyni zamanda, Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu.
Qırğızıstan
Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki “Novotel” mehmanxanasında 28 May Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib.
Mərasimdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, hökumətin üzvləri, ictimai-siyasi dairələrin təmsilçiləri, səfirlər, digər diplomatlar, Azərbaycan və Türk diasporunun, yerli ictimaiyyətin və KİV nümayəndələri iştirak ediblər.
Jeenbek Kulubayev Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edərək ən xoş arzularını bildirib.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bildirib ki, müsəlman şərqində ilk demokratik respublikanın 106 il əvvəl Azərbaycanda qurulduğunu, Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik tariximizdə özünəməxsus yer tutub. Bu müddət ərzində ilk dəfə olaraq demokratik əsaslarda parlament, ordu, bank, milli universitet yaradılıb, qabaqcıl Avropa ölkələrindən öncə qadınlara seçki hüququ verilib. 1919-cu ildə Paris konfransında isə Millətlər Liqası tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin tanınmasına nail olunub. XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçib, müasir güclü və nüfuzlu dövlətlərdən birinə çevrilib.
Həmin gün Bişkek şəhərindəki Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyanın altı otağında yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmiş STEAM mərkəzi istifadəyə verilib.
Türkmənistan
Azərbaycanın Türkmənistandakı səfirliyində 28 May Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, 106 il əvvəl müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi əhəmiyyətindən söhbət açıb. Həmçinin AXC-nin varisi olan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub.
Səfir çıxışında Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, o cümlədən Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Ceyhan enerji layihələri, həmçinin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları, Bakı–Tbilisi–Qars dəmiryolu, habelə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək elektrik enerjisi kimi böyük beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bildirib.
Gürcüstan
28 May Azərbaycanın Müstəqillik Günü Tbilisidə də təntənəli şəkildə qeyd olunub. Mərasimin keçirildiyi salonda Azərbaycanın inkişafını əks etdirən fotolardan ibarət sərgi açılıb.
Məclisdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, eləcə də bu ölkədəki diplomatik korpusun nümayəndələri, azərbaycanlı və türk iş adamları iştirak ediblər.
Səfir Faiq Quliyev çıxış edərək xalqımızın dövlətçilik tarixindən söz açıb, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, qazandığı uğurlar barədə ətraflı məlumat verib. O bildirib ki, 1990-cı ilin əvvəllərində xalqımız öz müstəqilliyinə yenidən qovuşub. Lakin həmin dövrdə Azərbaycan çox ciddi problemlərlə üzləşib. Görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan yenidən möhkəmləndi və dünya ölkələri sırasında öz layiqli yerini tutdu.
Prezident İlham Əliyevin Ulu öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və hazırda həmin ərazilərdə sürətli quruculuq-abadlıq işləri həyata keçirilir.
Diplomat Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyini qeyd edib, yaxın vaxtlarda Bakının daha bir mötəbər tədbirə – COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Rusiya
Moskvada 28 May Azərbaycanın Müstəqillik Günü şərəfinə qala-ziyafət keçirilib. Şənlikdə siyasi və ictimai xadimlər, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şərqdə ilk demokratik respublikanın tarixindən danışıb, müasir dövrdə ölkəmizin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Səfir Azərbaycan–Rusiya münasibətlərinin mütərəqqi inkişafını qeyd edib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında Rusiya–Azərbaycan münasibətlərinin mütərəqqi inkişafını qeyd edib. Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, Moskvanın səyləri Cənubi Qafqazı sabitlik və firavanlıq regionuna çevirmək məqsədi daşıyır.
Ukrayna
Ukraynada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 106 il əvvəl, 1918-ci ilin mayın 28-də “İstiqlal” Bəyannaməsinin qəbulundan sonra bütün müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılıb. “Ciddi daxili və xarici çağırışlara baxmayaraq, AXC effektiv dövlət institutları yaratmağa, vətəndaşlarının hüquqlarını qorumağa və beynəlxalq ictimaiyyətin etimadını qazanmağa nail olub. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu 1920-ci ilin aprelində bolşevik istilası ilə sona çatsa da, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Azərbaycanın üçrəngli bayrağı, dövlət himni və gerbi Xalq Cümhuriyyətinin irsini əks etdirir. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin istək və ideallarını reallığa çevirir. Azərbaycan uzun tarixinin ən möhtəşəm və uğurlu dövrünü yaşayır və heç vaxt indiki qədər güclü olmayıb”, – deyə səfir qeyd edib.
Misir
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi 28 May Müstəqillik Günü münasibətilə Qahirənin “Sofitel Gazerah” otelində rəsmi qəbul təşkil edib.
Mərasimdə Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi A.Musa, Misirin sabiq Baş naziri E.Şaraf, bu ölkənin ictimai-siyasi xadimləri, dini konfederasiyaların nümayəndələri, Misir parlamentinin yuxarı və aşağı palatalarının üzvləri, nazirliklərin təmsilçiləri, iş adamları, jurnalistlər, müxtəlif universitetlərin rəhbər və müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumat verib. O, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk demokratik respublikanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb. Səfir 2024-cü ilin müstəqilliyimizin 106-ci ildönümünü ilə yanaşı, Azərbaycanın Misirdə diplomatik nümayəndəliyinin açılmasının 30 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb, bununla əlaqədar səfirliyimiz tərəfindən bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu il ilk dəfə olaraq əlamətdar tarixi-milli bayramı Azərbaycan Respublikasının bütün əraziləri üzərində tam bərpa olunmuş suverenlik şəraitində qeyd edir.
Avstriya
Azərbaycanın Avstriyadakı səfirliyində 28 May Respublika Günü ünasibətilə rəsmi qəbul keçirilib. Mərasimdə Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın Avstriyadakı fəxri konsulları, Avstriya işgüzar dairələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycanın keçdiyi müstəqillik və inkişaf yoluna nəzər salıb, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan soydaşlarımızın rəşadət və fədakarlığının ehtiramla yad olunduğunu bildirib. Qeyd edilib ki, 106 il əvvəl İstiqlal Bəyannaməsi ilə müstəqilliyi elan olunan və müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürsə də, təkcə Azərbaycanın deyil, bütün regionun tarixində mühüm iz qoyub.
Avstriya Xarici İşlər Nazirliyində idarə rəisi Qerhard Sayller çıxışında Azərbaycan və Avstriya arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin mütəmadi şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.
Vaşinqton
Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə bağlı 28 May tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan və Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verməklə yanaşı bir sıra vacib islahatlara imza atan dövlətlərdən birinin – Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi bildirilib.
İngiltərə
Birləşmiş Krallığın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Azərbaycanın Müstəqillik Günündə “Azərbaycan COP29: Yaşıl Gələcək üzrə Strategiyalar” mövzusunda tədbir keçirilib.
Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov 28 May Müstəqillik Günü münasibətilə tədbirdə iştirak edən Azərbaycan icmasının üzvlərini təbrik edib. Müstəqillik gününü Azərbaycanın gənc nəslinin parlaq nümayəndələri ilə birlikdə keçirməkdən böyük məmnunluq duyduğunu qeyd edib. Səfir vurğulayıb ki, gənclərin təhsilinə və inkişafına investisiya yatırmaq, bununla neft kapitalını insan kapitalına çevirmək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetlərindəndir. Səfir, həmçinin qeyd edib ki, ölkəmizin müstəqilliyini gücləndirmək, dayanıqlı inkişafını təmin etmək və Vətənimizin gözəl təbiətini qorumaq gənclərimizin mühüm vəzifələrindəndir.
Fransa
Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümü münasibətilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının xatirəsini yad edərək, onların Paris ətrafındakı qəbirlərini ziyarət ediblər.
Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransında nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun və milli hökumətin rəsmi mətbu orqanı “Azərbaycan” qəzetinin naşiri, Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilib, məzarları üzərinə əklil qoyulub.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva 106 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin sayəsində ölkəmizin müstəqilliyi məhz ilk dəfə burada – Paris Sülh Konfransında tanındığını xatırladıb. O qeyd edib ki, Azərbaycan müstəqilliyinin bərpasından sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və əhəmiyyətinin göstərilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub.
***
28 May Müstəqillik Günü Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda təntənəli şəkildə qeyd olunub.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov tədbiri açaraq, Azərbaycan xalqının müstəqillik tarixindən, bu amal uğrunda mübarizəsindən danışıb.
Bildirilib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Daimi nümayəndə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini vurğulayıb.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqının sevincini bölüşdüyünü deyərək, xalqımızı bu münasibətlə təbrik edib. O, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olduğunu və ötən illər ərzində AŞ-nin siyasət və qərarlarının formalaşmasında bərabər tərəfdaş kimi iştirak etdiyini vurğulayıb.
Polşa
Azərbaycanın Müstəqillik Günü Polşanın paytaxtı Varşavada da böyük təntənə ilə qeyd olunub. Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə gözəl bir məkanda, sözün əsl mənasında, kiçik bir Azərbaycan yaradılmışdır. Tədbirdə Polşada yaşayan soydaşlarımızla yanaşı, azərbaycanlı gənc tələbələr də həvəslə iştirak ediblər.
Təşkilatın rəhbəri, hər kəsin hörmət və etimadını qazanmış Fərid Cəfərli öz çıxışında cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində demokratiya ənənələrinin formalaşmasında əhəmiyyətli təsir göstərməsindən danışıb. Varşava üzrə tələbələrin koordinatoru Tuncay Novruzzadə isə çıxışında vurğulayıb ki, indi o və onun kimi dünyanın hər yerində təhsil alan tələbə və gənclər artıq utanmır, sıxılmır, alnıaçıq, başıuca gəzirlər: "Biz özümüzü qalib xalqın övladları kimi təqdim etməyi bacarır, məhz müstəqil respublikamıza layiq yaşamaq üçün əlimizdən gələni edirik".
Kanada
Saskatçevan vilayətinin paytaxtı Regina şəhərində “Regina City Hall” mərkəzinin önündə 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.
Regina Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə şəhərin meri Sandra Masters, Qanunvericilik Məclisinin üzvləri Nikol Sarauer və Muhammad Fiaz, Jared Klark və yerli Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Kanada azərbaycanlılarını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan icmasının daim həmrəylik, sosial tərəqqi, insan haqları və demokratiyanın yanında olduğu bildirilib. Əyalətin mədəni müxtəlifliyinə töhfələr verdiklərinə görə soydaşlarımıza minnətdarlıq ifadə edilib.
İsveçrə
Azərbaycanın İsveçrənin Bern şəhərindəki səfirliyində 28 May Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Mərasimdə İsveçrədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, siyasi, mədəni, işgüzar dairələrin, Azərbaycan diasporasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov 106 il əvvəl mayın 28-də Şərqdə, müsəlman dünyasında ilk parlamentli demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib.
Səfir Xalq Cümhuriyyətinin keçdiyi yoldan söz açıb, müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən, 23 aylıq dövrü ərzində qazandığı uğurlardan, onun müstəqillik yolundakı mübarizəsindən danışıb.
Səfir qeyd edib ki, Ulu öndərin ölkədə apardığı köklü islahatlar və dəqiq müəyyən edilmiş strategiya Azərbaycanı dinamik inkişafa malik müasir dövlətə çevirdi.
Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz beynəlxalq arenada layiqli yerini tutub.
28 May Müstəqillik Günü münasibətilə Azərbaycanın Qətərdəki, Serbiyadakı, Litvadakı, Perudakı, Küveytdəki və digər ölkələrdəki səfirliklərində də rəsmi qəbullar və şənliklər keçirilib.
Səhifəni “Xalq qəzeti” müxbirlərinin və AZƏRTAC-ın materialları əsasında hazırladı:
Tahir AYDINOĞLU