31 il, 5 ay, 23 gün hər dəfə adı çəkiləndə qəlbimizdən qara qanlar axdı, ürəyimizin qaysaq bağlamayan yarasına çevrildi. Xalqımızın dərdli, şəhid şəhəri Xocalı isə bu müddətdə nisgillə, ümidlə qisasının alınacağı, sinəsinin mənfur düşməndən təmizlənəcəyi, azadlığına qovuşacağı, yollarının açılacağı, əzəli sahiblərinin geri qayıdacağı günü gözlədi.
Ötən ilin sentyabrında müzəffər Azərbaycan Ordusu 1 sutkalıq lokal antiterror əməliyyatı ilə separatçı Xankəndi xuntasının tör-töküntüsünü Qarabağdan qovub çıxartmaqla Xocalı da azadlığına qovuşdu, soyqırımı qurbanlarının günahsız şəhidlərinin intiqamı alındı. Xalqımızın 32 illik Xocalı yarasına məlhəm qoyuldu.
Çox keçmədi ki, 15 oktyabrda müqəddəs üçrəngli bayrağımızın Xocalıda ucaldılması şanlı qələbəmizin növbəti təcəssümü, Zəfər yürüşümüzün fəth etdiyi yeni zirvə oldu. Soyqırımının 32-ci ildönümündə isə Azərbaycan Prezidenti,müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dedi: “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. Şəhərdə Azərbaycan bayrağının dalğalandığı gündən ötən 8 ayda Xocalıda sürətli, genişmiqyaslı bərpa-quruculuq işləri gerçəkləşdirildi.
Bu ilin 27 may səhərində – 28 May Müstəqillik Gününün astanasında ən çox sevinən də külündən yenidən doğulan, xarabalıqları üzərində cənnətə çevrilən Xocalının özü oldu. Balasına həsrət ana kimi Bakının Qaradağ rayonundakı köçkün şəhərciyindən yola salınan övladlarının ilk köçünü nəfəs dərmədən gözlədi...
Həmin səhər Qobu Park-3 yaşayış kompleksinə yığışan xocalılılardan hansı ilə söhbət etdiksə, bütün gecəni sevincindən, həyəcanından gözünə çimir getmədiyini söylədi. Lakin uşaqlı-böyüklü hamısı gümrah, şən görünürdü. Hər birinin üzündə ən böyük arzusunun çin olmasının xoşbəxtliyi, gözlərində sona çatan nisgillərinin sevinc parıltıları var idi. Doğma yurda daimi yaşamaq üçün gedənlərin hansı hisslər keçirdiyini təxmin etmək də çətin deyildi. Duyğularını, arzularını özlərindən də öyrənməyə çalışdıq.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov şəhərə qayıdışın ilk iştirakçılarını yola salmağa gələnlər arasında idi. Dedi ki, belə bir sevincli anlarda duyğu-düşüncələrini sözlə ifadə etmək asan deyil:
– 32 ildən bəri arzuladığımız günə çatmışıq. Allahımıza min şükür ki, bu xoşbəxt anları yaşamaq bizə qismət oldu. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, xalqımızın, ordumuzun birliyi, sücaəti və qəhrəmanlığı sayəsində erməni işğalındakı bütün torpaqlarımız kimi, doğma Xocalımız da azad edilib və bu gün artıq öz ata-baba yurduna qayıdan xocalılıları yola salmağa yığışmışıq. Başda həmin sakinlərimiz olmaqla, hər birimizin, bütün xalqımızın gözü aydın olsun!
Qayıdış sevinci yaşayanlar arasında Xocalıda doğulub-böyümuş, qanlı faciə gecəsi 14 nəfər doğması şəhid olmuş Elmira Allahverdiyeva da var idi:
– İllər boyu həm şəhidlər üçün, həm də Xocalı üçün yas saxlamışam. Çünki Vətən hər şeydən, hamıdan əzizdir. Ona görə də bu gün ürəkdən sevinirəm. Bilirəm ki, şəhidlərimizin ruhları da şaddır. Göranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmışdıq. Düzü, son illərə qədər üzük qaşı kimi hər tərəfdən ermənilərin əhatəsində olan Xocalıya qayıda biləcəyimizi təsəvvür belə etmirdim. İndi mənə hər şey şirin yuxu kimi gəlir. Bizə bu günü bəxş etmiş Prezidentimizə hədsiz minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Onların sayəsində bu gün Vətənimizə qayıdırıq.
“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, tədqiqatçı jurnalist Səriyyə Müslümqızı dedi:
– Bütün kitablarımda, məqalələrimdə yazmışam, çıxışlarımda demişəm ki, biz bir gün mütləq Xocalıya qayıdacağıq! Bir dəfə türkiyəli jurnalistlər məndən soruşdular ki, niyə həmişə qara geyimdəsiniz. Dedim, Xocalıya yas saxlayıram, inşallah, azad ediləndən sonra mən də matəm paltarımı bayram libası ilə əvəz edəcəm. Müdrik Prezidentimiz sayəsində bu gün bizim üçün ən böyük, ən möhtəşəm bayramdır! Anamızın qoynuna, doğma Xocalımıza qayıdışımız mübarək!
Ailəsi ilə birlikdə yüklərini avtomobilinə yerləşdirən Vilayət Əzizov bildirdi ki, işğaldan azad ediləndən sonra bir dəfə Xocalıya gedib. Bu gün isə daimi məskunlaşmaq üçün ilk köç karvanına qoşulub:
– Bizim bütün dünyanın hesablaşdığı müdrik Prezidentimiz var. Məhz onun əzmi, qətiyyəti sayəsində, onun rəhbərliyi ilə qüdrətli ordumuz təkcə torpaqlarımızı işğaldan azad etmədi, eyni zamanda, Xocalı soyqırımı qurbanlarının qisasını da döyüş meydanlarında aldı. Bu gün böyük sevinc hissi ilə öz yurdumuza, öz evimizə qayıdırıq. Bundan əvvəl gedib Xocalını ziyarət etmək mənə qismət olub. İnanırsınız, 32 ildən sonra ora ilk dəfə ayaq basanda həyəcandan neçə saat özümə gələ bilmədim. Bütün bədənim keyimişdi elə bil. Sonra yavaş-yavaş özümə gəldim, doğma Vətəndə olmağın sevincini yaşamağa başladım.
Təzyiq xəstəliyim var, ürəyimdən əməliyyat olunmuşam. Ona görə də Bakıda hər gün dərman qəbul edirdim, ancaq orada olduğum müddətdə özümü elə sağlam hiss edirdim ki, elə bil, yenidən doğulmuşdum. Heç dərmana da ehtiyacım olmadı. Geri qayıtmaq istəmirdim, Xocalı elə bil maqnit kimi məni özünə çəkirdi. İndi həmişəlik yaşamaq üçün yenidən gedirəm. Bundan böyük xoşbəxtlik olarmı?
...Vaxt çatır. Üçrəngli bayraqlarımızla bəzənmiş avtomobillərin siqnalları zəfər şeypurları kimi səslənir və nəhayət, 20 ailəlik ilk köç karvanı Xocalıya doğru istiqamət götürür. Həmin təntənəli anlarda qəlbimizdən təbii bir dua qopub karvanın arxasınca qanadlanır: Tanrı xalqımızın birliyini əbədi, Azərbaycanımızı daha güclü, qüdrətli etsin ki, belə xoş və xoşbəxt günlərimizin sayını-hesabını itirək!
Mahir RƏSULOĞLU,
yazıçı-jurnalist