Gözün aydın, Azərbaycan!

post-img

Böyük Qayıdış proqramının Xocalı səhifəsi də açıldı

Prezident İlham Əliyev çıxışla­rından birində demişdi ki, fevral­da keçirilmiş seçkilərdən sonrakı möhtəşəm uğurlarımızın siyahısı genişlənəcək. Biz şahidik ki, hə­min siyahıya hansısa başqa bir uğurun da əlavə edilmədiyi gün ol­mur. Amma ailədəki uşaqlar, qar­daşlar kimi uğurların da böyüyü, kiçiyi olur. Fikrimcə, az qala otuz il “Xocalıya ədalət!” – deyərək, dünyanın bütün tribunalarından qaldırdığımız səsimizi eşitməyən­lər indi eşitdilər və gördülər ki, bir çoxlarının biganə qaldığı həmin ədaləti Azərbaycan Prezidenti, or­dumuz, xalqımız öz gücü hesabına bərpa etdi. Bəli, Xocalıya qayıdış, bizim qazandığımız nailiyyətlərin ən böyüklərindən biridir. İndi qalır Xocalı soyqırımını törədənlərin cə­zalandırılması. 

... Bu yazının qələmə alınması üçün redaksiyadan mənə edilən zəngdə əv­vəllər eşitmədiyim məqamlar var idi. Xatırladılırdı ki, bu yazı adi informasiya xarakterli və ya sırf siyasi təhlil forma­sında yox, səmimi hisslərdən, insani düşüncələrdən, bir az da ədəbi-bədii təəssüratdan ibarət olsun: “Çünki cə­nab Prezidentin öz ailə üzvləri ilə bir­likdə, bilavasitə Müstəqillik Günündə əsrin unudulmaz faciələrindən birini yaşamış insanlarla görüşmək üçün Xocalıya getməsi sıradan olan bir fakt deyil. Bu, qonşuluqda yaşamağa məh­kum edilmiş iki xalqın ( onlardan birinin gəlmə olduğunu söyləməyə ehtiyac yoxdur – İ.M.) birinin yırtıcı, dağıdıcı xislətli, viranə aşiqi olduğunu, digərinin isə tərəqqini, inkişafı, sülhü, mehriban qonşuluq prinsiplərini bir an belə unut­madığını göstərirdi”. 

“Bir az da ədəbi-bədii təəssürat” ifadəsini eşidəndə yadıma düşən ilk məqam mayın 13-də oğlumla Şuşadan qayıdanda, daha doğrusu, Füzuli rayo­nunun ərazisindəki viranəlikləri görəndə aramızda yaranmış kiçik dialoq oldu. Oğlum dedi ki, insanları öldürüblər, qo­vublar, var-dövləti talan ediblər... Bəs binaları, tikintiləri niyə bu günə salıblar? Hayana baxırsan, təkcə dağıdılmış divar yerləri qalıb. Mən isə ona Nizami Gən­cəvinin “Bayquşların söhbəti” hekayə­sini xatırlatdım və əlavə etdim ki, vəh­şilər, barbarlar, bayquşlar burada daha bir neçə il qalsaydılar, o divarlardan da əsər-əlamət görünməyəcəkdi. 

... Cənab Prezidentin Xocalı şəhə­rinə – bəli, Xocalıya yox, məhz Xoca­lı şəhərinə – səfərindən hazırlanmış televiziya materiallarına baxanda isə Məhəmməd Füzulinin “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!” çağırı­şını xatırladım və öz-özümə dedim: “Biz hər ikisini seçdik. Həm şəhid olduq, həm də intiqam aldıq. Həm də bizə mənsub olanlara sahib çıxmaqla qurd-quşa başa saldıq ki, bir daha bu tərəflərə boylan­salar, onda daha çox peşman olacaqlar. Dövlət başçımızın Xocalı səfərinin elə bir anı yox idi ki, onun üzərindən sakitcə keçmək mümkün olmasın. Yəni, han­sı kadra baxsan, təbiətin də insanların da üzündə xoş əhval-ruhiyyə, hər səs­də, sözdə nikbinlik, hər ifadədə sabaha böyük inam görünürdü. Elə ona görə də yazının əvvəlində cənab Preziden­tin sakinlərlə görüşdə söylədiklərini qa­bartmağı məqsədəuyğun bildik: “Əlbət­tə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Gü­nündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfə­sində – mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qa­yıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur”.

Dövlət başçımız əlavə etdi ki, bugün­kü Xocalı əvvəlkindən də gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadə­cə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə.

Yadelli düşmənin yandırıb–yaxdığı, tar-mar etdiyi, xarabazara çevirdiyi Xo­calıda tikilmiş, bərpa edilmiş evlərə qa­yıdan sakinlərin sevincini anlamaq asan olsa da, o hissləri qələmə almaq oduqca çətindir. Mən təbiət filmlərinə baxmağı çox sevirəm. İxtioloq alimlərin hansısa elmi-tədqiqat məqsədilə tutduqları balığı müəyyən müayinədən keçirib yenə də suya buraxdığı məqamlara təkrar-təkrar baxıram. Balıq nə qədər sevinir, İlahi? Dünən elə bilirdim ki, 30 il həsrətdə qa­lan xocalılar öz doğma yurdlarına qa­yıdanda məhz o balıq kimi sevinirdilər. Ancaq onları “sudan çıxaran” alim yox, zalim olmuşdu.

... Sakinlərdən birinin Prezidentə de­diyi “Xoş gəlmisiniz, qədəmləriniz mü­barək!” – ifadəsini eşitmək nə qədər xoş idi. Həmin sakin sanki Xocalıda qətlə yetirilmiş qocaların, qadınların, uşaqla­rın qayıdışına şahidlik edirdi. 

Dövlət başçımız xatırlatdı ki, xoca­lılar Müstəqillik Gününü heç zaman öz evlərində qeyd edə bilməmişdilər. Çünkimüstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqı­rımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bü­tün illərini başqa-başqa yerlərdə keçir­məli oldular, o cümlədən Ağcakənddə: “Bildiyiniz kimi, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün ulu öndərin iştirakı ilə salınmışdır”.

Prezident İlham Əliyevin Xocalı sa­kinləri ilə görüşdə səsləndirdiyi başqa fikirlər də var idi ki, mən onu dinləyərkən dünyalar qədər sevindim, düşmənləri­mizin isə şübhəsiz, yuxusu ərşə çəkildi: “Bu gün hərbçilər üçün inşa edilmiş ev­lərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir isteh­kam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu fa­ciələr bizim xalqımızın başına gəlməyə­cək: “Bu gün bax, burada – Xocalıda, – cəmi 8 ay ərzində bərpa edilmiş Xoca­lıda – görüşməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günün­də mən sizinlə yenidən görüşmək istə­mişəm. Üç ay bundan əvvəl – fevralın26-da hər birimiz üçün faciəli gündə Xo­calıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qa­yıdır və şəhər də göz oxşayır”.

Yeri gəlmişkən, dövlət başçımız Xo­calıdan Xankəndi camaatına da xoş xə­bər çatdırdı. Sakinlərdən biri düşmənin Xankəndidəki vəhşiliklərini xatırladanda dövlət başçımız dedi ki, gedib o yerləri də görərsiniz: “Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır”.

Sakinlərlə görüş zamanı Qarabağ Universitetinin fəaliyyətə başlaması və yeni məktəb haqqında deyilənlər se­vindirici idisə, Səriyyə Cəfərova adlı sakinin Prezidentə “Mən Sizi evimizə dəvət edirəm” – deməsi olduqca kövrək məqam idi. 30 il əvvəlcə məktəb, bağça binasında, sonra köçkün şəhərciyində məskunlaşmalı olan insan indi dünya­nın ən nüfuzlu siyasətçilərindən birini öz evinə dəvət edir. Allah böyükdür, dövlə­timiz isə qüdrətli. 

Ən kövrək məqam isə sakinin iş­ğaldan əvvəlki illəri xatırlatması zama­nı ortaya çıxdı. Sakin dedi ki, anam 3 qız uşağını atasız böyüdüb. Bu ev mə­nim üçün çox doğmadır, əzizdir: “Bu evi bizə yenidən bəxş etdiniz, cənab Prezident. Məni evimə gətirən, Pre­zident, Mehriban xanım, Sizə sonsuz təşəkkür edirəm ki, bu, mənim üçün yuxu deyil, xəyal deyil, bu, əsl gerçək­dir… Yenidən burada elə bir həyat, elə bir gözəllik gördüm ki, bəlkə də bu gün anamın ruhu Sizi görür, bizi görür və nə qədər şad olur… Bu gözəlliyi bizə Siz bəxş etdiniz, Xocalını bizə Siz bəxş et­diniz”.

Xatırladaq ki, Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, sto­lüstü tennis, basketbol, minifutbol, bad­minton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzər­də tutulur.

Ən başlıcası isə Xocalı faciəsinin heç zaman unudulmaması məqsədilə bilavasitə bu şəhərin özündə Memorial Kompleksin yaradılması istiqamətində işlərin aparılmasıdır. Bir daha xatırladaq ki, dövlət başçımız bu il fevralın 26-da həmin mərkəzin təməlini qoymuşdur. 

Xocalı camaatı da, biz də, region­dakı və dünyadakı dostlarımız da, hət­ta bədxahlarımız da – hamı yaxşı bilir ki, Prezident İlham Əliyev nəyin, hansı obyektin təməlini qoyursa, o layihənin uğurla başa çatdırılmasına nail olur. Nəyi edəcəm , deyirsə, onu reallaşdırır. Yaxşıdır ki, bunu artıq Ermənistan rəh­bərliyi də anlayır. 

Yeni səhifələrin mübarək, Azərbay­can tarixi.

İttifaq MİRZƏBƏYLİ

Siyasət