Cavab, yoxsa məsuliyyəti Parisin üzərindən atmaq cəhdi?
Terrorçu “Daşnaksütyun” partiyası sükutu pozub. Necə? Yox, elə bilməyin ki, qurum fövqəladə nə isə eləmək fikrinə düşüb. Dünya erməniliyi böhrandadır və durum terrorçu təşkilatdan da yan ötmür. Digər tərəfdən, ümumən hansısa təxribat əməlləri törətmək “Daşnaksütyun”un həmişə gündəmindədir. Qurumun bürö üzvü, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanın söylədiklərinə də bu mənada diqqət yetirmək zərurəti yaranır. O, köhnəliyi yeni formada təqdim edir. Yəni, öz aləmində fəaliyyət görüntüsü yaradır. Dedikləri isə təxribatdan başqa bir şey deyil.
Məsələ burasındadır ki, Fransa–Ermənistan “bacılığı” hər zaman aktualdır. M.Papazyan həmin “bacılığa” bir qədər yeni ton gətirmək fikrinə düşüb. Ona görə də İkinci Dünya müharibəsi illərində Fransanın müqavimət hərəkatında yer almış erməni Misak Manukyana həsr olunmuş tədbirdə ölkənin müdafiə naziri Sebastian Lekornunu yaxalayıb. Daha doğrusu, onu sorğu-suala tutub. Papazyan bununla əlaqədar “NEWS.am”ın “Güc faktoru” proqramında danışıb.
Beləliklə, daşnak Papazyan S.Lekornudan soruşub ki, Fransa Ermənistanla hərbi əməkdaşlıq məsələsində nə qədər irəli getməyə hazırdır? Nazirin cavabı da maraqlıdır: “Ermənistan hara qədər gedərsə, Fransa da ora qədər getməyə hazırdır. Əslində, cavab mücərrəddir. Ancaq bu mücərrədlikdə bir məkr var. Həmin məkrdən də M.Papazyan söz açıb.
Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, həmçinin bunları deyib: “Ermənistanın reaksiyasından xəbərim yoxdur. Əgər Ermənistan daha geniş hərbi əməkdaşlıq tələb etsə, o zaman Fransa razılaşacaq. Biz də Fransanın razılaşdırılmasına kömək edəcəyik. Biz çalışırıq ki, Ermənistan və Fransa ciddi hərbi əməkdaşlıq qursun. Hakimiyyət gəlir, gedir, amma dövlətçiliyi gücləndirmək lazımdır”.
M.Papazyanın ucuz populizm dolu fikirləri həm də Ermənistan–Fransa hərbi əməkdaşlığının hazırkı trayektoriyasının heç də ürəkaçan olmadığının göstəricisidir. Əslində, rəsmi Paris həmişə İrəvanı Bakı ilə ziddiyyətlərə çəkmək yolu tutub. Ötən müddətdə Ermənistan hakimiyyətinin Azərbaycanla sülh danışıqları müstəvisində manipulyasiyaları da buna görə idi. Yəni, Fransa Ermənistanı qızışdırıb. Ancaq o da məlumdur ki, Parisin cəhdləri heç bir nəticə verməyib. Daha doğrusu, İrəvan nəticəsizliyə əmin olub. Papazyanın timsalında dünya erməniliyi isə bu düşüncədədir ki, Fransa Ermənistana dəstək xüsusunda daha ciddi addımlar atmalıdır. Hansı addımları? Məsələn, kömək üçün canlı qüvvə göndərmək. Hərçənd, Papazyan indiki məqamda Fransanın Ermənistana qoşun yeritməyə hazır olmadığını da vurğulayır: “Eyni zamanda, biz çalışmalıyıq ki, Fransa buna razı olsun”.
Digər məqama diqqət yetirək. Məlumdur ki, Ermənistanda Fransanın dəstəyinin hər zaman əks nəticələr doğurduğuna dair oturuşmuş fikir formalaşıb. Bu fikri irəli sürənlər açıq şəkildə bildirirlər ki, Paris İrəvanı illüziya bataqlığına çəkir. Yəni, baş nazir Nikol Paşinyan administrasiyası Fransanın ayrı-ayrı rəsmilərinin ermənipərəst bəyənatlarına baxıb reallıq hissini itirir, anti-Azərbaycan təbliğatını gücləndirir, hətta qoşunların təmas xəttində təxribatlar törədir. Azərbaycanın cavab tədbirləri isə son dərəcə kəskin alınır ki, bundan itirən tərəf yenə Ermənistan olur. Ona görə də bəzi erməni siyasilər rəsmi İrəvana Parisin dirijor çubuğu ilə hərəkət etməməyi məsləhət bilirlər.
Daşnak Papazyan reallıqdan xəbərdar olduğundan, bir qədər fərqli “yanaşma” irəli sürür. Deyir ki, erməni hakimiyyəti balanslaşdırılmış xarici siyasət yürütməlidir: “Əgər Ermənistan diqqətini yalnız Qərbə yönəltsə və Rusiyaya qarşı düşmənçilik siyasəti aparsa, uğur qazana bilməyəcək. Çünki Qərbin girovuna çevriləcək. Rusiya ilə, Qərblə, Hindistanla, Çinlə və digər qüvvələrlə münasibətləri inkişaf etdirmək lazımdır”.
Əlbəttə, əvvəldə də bildirdiyimiz kimi, M.Papazyanın söylədikləri köhnə yanaşmaların davamıdır. Burada başlıca məqam S.Lekornunun daşnaka verdiyi cavabdır: Ermənistan Fransa ilə hərbi əməkdaşlıqda hara qədər gedərsə, Fransa da ora qədər getməyə hazırdır. Bir vaxtlar fransızlar bildirirdilər ki, Paris Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olan İrəvanı dəstəkləyə bilmir. Əlbəttə, bu da bir bəhanə idi.
Elə hazırda fransız müdafiə nazirinin dedikləri də məsuliyyəti ölkəsinin üzərindən atmaq cəhdidir. Belə çıxır ki, Ermənistan nə istədiyini bilmir. Deməli, bundan sonra da Paris İrəvanı qızışdırmaqda davam edəcək, ancaq mümkün uğursuzluq şəraitində yaxasını kənara çəkəcək və bildirəcək ki, erməni iqtidarı tam dərinə gedə bilmir, yaxud qətiyyətli deyil.
R.ƏVƏZ
XQ