Serj Sarkisyanın müharibə “ruletka”sı

post-img

Ermənistanın eks-prezidenti yenə “qorxulu oyunlar”a girişib

Ermənistanda cərəyan edən proseslərdəki gərginliyə əlavə “rəng çalarları” qatmaq istəyən qüvvələr və şəxslər var. Həmin şəxlərdən biri olan ölkənin 3-cü prezidenti Serj Sarkisyanın kimlərin mənafelərinin təminatı naminə ortada olduğu məlumdur. 

Xocalı qatili Serjikin Ermənistanın müstəqillik günü ilə bağlı yaydığı yazılı mətndə bildirdiklərində məqsəd həm si­yasi proseslərdəki rəngi tündləşdirmək­dir, həm də sifarişlərini yerinə yetirdiyi qüvvələrin istəklərinin göstəricisidir. 

Bəri başdan deyək ki, S.Sarkisyan müraciətində pafosa və ucuz populizmə güc verir. Bu “amplua” sabiq prezidentin arxiyepiskop Baqrat Qalstanyanın baş­çılıq etdiyi “Vətən naminə Tavuş” hərə­katının pərdəarxası oyunçularından biri obrazını canlandırır. Sarkisyan özü orta­ya çıxmır. Çünki xalq arasında nüfuzunu itirib. Nəinki itirib, istər Serjikə, istərsə də Qarabağ klanının istənilən üzvünə ermə­ni cəmiyyətində böyük nifrət var. Baqrat kimi “peşkalar” məhz buna görə öndə­dirlər. Qalstanyanı həm klan ön plana çəkib, həm də onunla əlbir hərəkət edən bütün ermənilərin katolikosu II Qaregin. Yeri gəlmişkən, Sarkisyan II Qareginin başçılığı ilə bu günlərdə keçirilmiş və əsl məramı mövcud iqtidara qarşı mübarizə müqaviməti formalaşdırmaq olan kilsə toplantısına da qatılmışdı... 

Qeyd edək ki, Ermənistanın baş na­ziri Nikol Paşinyanın son zamanlardakı, demək olar, bütün çıxışlarından belə bir qənaətə gəlmək mümkündür: delimitasi­ya və demarkasiya prosesinə maneçilik törətmək istəyən qüvvələr Ermənistan dövlətçiliyini məhvə sürükləyirlər. İlk baxışdan, düşünülə bilər ki, Nikol da pa­fosa güc verərək opponentlərini sıradan çıxarmaq məqsədini güdür. Hərçənd, Baqrat və digərləri vətəndaş itaətsizliyi kampaniyası aparmaqla, Paşinyan iqti­darının hakim siyasi səhnədən uzaqlaş­masına nail olmağa çalışdıqlarını vurğu­layırlar və bu, “ədalətli delimitasiya” şüarı ilə aparılır. Onların “ədalətli delimitasiya”­sının nə demək olduğu aydındır. Yəni, Azərbaycanın şərtlərini qəbul etməmək. Yəqin, elə buna görədir ki, Nikol delimita­siya və demarkasiya işlərinin dayandırıl­masını yeni müharibə təhlükəsi kimi qiy­mətləndirir. Məhz həmin yeni müharibə Ermənistan dövlətçiliyinin məhvidir. Hər halda, hazırkı Azərbaycanın otuz il əvvəl­ki Azərbaycan olmadığı hər kəsə yaxşı bəllidir. Bugünkü Azərbaycanın 1918-ci ildəki Azərbaycan olmadığı da həmçinin. 

S.Sarkisyan da müraciətində 1918-ci ilə gedib çıxır. Bildirir ki, 106 il əvvəl ol­duğu kimi, indi də milli şüur, tarixi məsu­liyyət və fədakar şücaət dövrüdür. Serjik “erməni xalqının sədaqətli övladlarının” 1918-ci ilin “may döyüşlərində qəhrə­manlıqla vuruşaraq”, müstəqillik əldə etdiklərini bildirib. Məlumdur ki, hazırkı Ermənistan qədim şəhərimiz İrəvan pay­taxt olmaqla, Azərbaycan torpaqları he­sabına formalaşıb.

Sonrakı dövrlərdə də ərazilərimiz­dən ermənilərə “hədiyyələr” edilib. Pro­ses 1969-cu ilədək davam edib. Yalnız ulu öndər Heydər Əliyev respublikada rəhbərliyə başlayanda bunun qarşısı alı­nıb. Nəhayət, Heydər Əliyev 1987-ci ildə SSRİ-dəki hakimiyyət olimpindən uzaq­laşdırıldıqdan sonra erməni iddiaları vüsət almağa başlayıb. Qarabağ müha­ribəsi və torpaqlarımızın iyirmi faizi iş­ğala məruz qalıb. Sözümüz ondadır ki, S.Sarkisyan 1918-ci ildəki qəsbkar nəslin davamçısıdır. O nəslin ki, həmişə özünün olmayanı əldə etməyə çalışıb, müəyyən vaxtlarda havadarlarının köməyi ilə istə­yinə nail olub da. 

Bəli, Serjikin sıralarında təmsil olun­duğu erməni nəsli mif, tarix uydurub özü­nü ona inandıran xəstə qövmdür. Diqqət yetirək: Sarkisyan bildirir ki, “Dünən də, bu gün də türk zülmü altında təslim ol­mağa, alçaldıcı şərtlərlə sülh dilənməyə, acınacaqlı bir mövcudluğa çağıranlar bütöv milli hüquq, mənafe və təhlükələri dərk etməyə, reallığın gözünə baxmağa və hərəkət etməyə cəsarət etməmişlər və etmirlər... Tarix şahiddir: zəfər layiq olan­lara verilir və bu gün, may qəhrəmanlıq döyüşlərindən bir əsrdən artıq vaxt keç­dikdən sonra hər birimizin seçimi qələ­bəyə layiq olmaq və ya lənətə gəlməkdir. Əminəm ki, dövlət və kilsə öz missiyası­na sadiq qalacaq və bu taleyüklü günlər­də Sərdarapatın rəmzi zəngləri həqiqətin və ləyaqətin qələbəsinin əlaməti olaraq çalınacaqdır”.

Sarkisyanın konkret olaraq “zəfər la­yiq olanlara verilir” deyiminin üzərində dayanaq. 1918-ci ildə “erməni qəhrə­manları” silahsız azərbaycanlılara qarşı qətliamlar törətmiş, indiki Ermənistan ərazisində – Qərbi Azərbaycanda yüz minlərlə insanı öldürmüş, yurdundan qovmuş, Bakı da daxil olmaqla, Azərbay­canın müxtəlif ərazilərində soyqırımları törətmişlər. Serjik isə onların “davamçısı” kimi, Xocalıda soyqırımı həyata keçirən­lərin başında dayanıb. Deməli, o, bu qə­naətdədir ki, qeyri-humanist davranışları Qarabağ müharibəsində uğur gətirən la­yiqli hərəkətdir və eyni hərəkətin davamı gəlməlidir. 

Ancaq artıq Qarabağ yoxdur və Er­mənistan qarşısında şans var ki, özünün olmayan ərazisində onun dövləti, sərhədi yaransın. O sərhəd ki, əsrlərlə olmayıb. Əslində, erməni cəmiyyəti bunu düşün­məlidir. Düşünməlidir ki, hazırda aparılan delimitasiya və demarkasiya işləri onlar üçün dövlətə sahiblənmək şansıdır. Mif­lərdən uzaq dövlətə sahiblənmək şansı. Paşinyan bu dövlətə ad da tapıb – real Ermənistan. 

Ancaq Sarkisyan və onun kimilər real­lığı qəbul etmək istəmirlər. Serjikin “döv­lət və kilsə öz missiyasına sadiq qalacaq” fikrindən köhnəliyin üfunətli iyi gəlir. Bu ağır qoxunun təsiridir ki, baqrat və digər din tör-töküntüləri ortaya atılıblar. Çünki erməni kilsəsinin özü də mahiyyətcə döv­lətsizlik dövrünün məhsuludur və həmişə müharibə, işğalçılıq tərəfdarı olub. 

Bəli, dövlətsizlik şəraitində Ermənis­tanı idarə etmiş Sarkisyanın 28 may mü­raciəti müharibəyə çağırışdır. Ancaq əv­vəldə də bildirdik ki, hazırda nə 1918-ciildəki, nə də 1991–1993-cü ildəki Azər­baycan var. İndi güclü və qüdrətli Azər­baycan mövcuddur. Obrazlı desək, bu gün ölkəmiz lay divardır. Sarkisyanların, baqratların, koçaryanların və digər yan­ların istəkləri bu divara kəllə atmaqdırsa, buyursunlar. Buyursunlar ki, başlarının necə dağılacağını görsünlər. Şübhəsiz, başları ilə birgə dövlətləri də dağılacaq. 

Hazırda Ermənistan cəmiyyətində baş verən proseslər, o cümlədən, Paşin­yan iqtidarına qarşı çıxışlar 1918-ci ildən əvvəlki vəziyyətin yaşanacağının anon­sudur. Xəstə cəmiyyət reallığı görmürsə, əlində olanla barışmırsa, üzləşəcəyi aqi­bət dövlətsizlik olacaq. Görünür, əvvəl­də haqqında söz açdığımız qüvvələrin məqsədi də budur. Çünki erməni dövləti prinsipcə köklü deyil, yalnız bəlli məqsəd daşıyan layihədir. İndi bu layihəyə ehtiyac yoxdur. Həm də ona görə ki, erməni döv­ləti layihəsini hərəkətə gətirənlər bu gün həmin ideyanın özlərinə xidmət yolundan uzaqlaşdığının fərqindədirlər. Ona görrə Sarkisyan onların mənafelərinə xidmət edən şəxs kimi yeni müharibə çağırışı ilə, əslində, tam məhvə aparan yol üçün zəmin hazırlayır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət