Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr edilən təntənəli tədbir təşkil olunub.
Bu barədə XQ-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirin açılışında müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, həmçinin bir gün öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Əvvəlcə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Çıxış edən iştirakçılar bildiriblər ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib. Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunun aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaradıb. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını təşkil edən, ölkənin müstəqilliyini hüquqi cəhətdən təsdiqləyən fundamental sənəd kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu sənədin hər bir maddəsi Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışlarının təcəssümüdür. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Konstitusiyada təsbit olunan bütün müddəaların təmin olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin 2003-cü ildə ali vəzifəyə seçildiyi dövrdən başlayaraq qarşısına qoyduğu strateji hədəf Ali Qanunumuzun müddəalarının bütün ölkə ərazisində təmininə yönəlib, Vətən müharibəsi və ardınca antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib.
Sonda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş komitə əməkdaşlarına orden və medallar təqdim olunub. Təltif edilən əməkdaşlar dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

















