“İlham Əliyev. İnkişaf - məqsədimizdir” – 135-ci kitab

post-img

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət et­məyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksi­mum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. 

AZƏRTAC xəbər verir ki, “İlham Əli­yev. İnkişaf - məqsədimizdir” çoxcildliyi­nin çapdan yeni çıxmış 135-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2024-cü il martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları za­manı “Euronews” televiziyasına müsahi­bəndə söyləyib. Müsahibənin tam mətni ilə çoxcildliyin yeni kitabında tanış olmaq mümkündür. 

Kitabda toplanmış materiallar 2024-cü ilin mart-aprel aylarını əhatə edir. 

Nəşrdə Azərbaycanın dövlət müstəqil­liyi dövründə ilk dəfə respublikamızın bü­tün ərazisində keçirilmiş prezident seç­kilərində qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevə göndərilmiş təb­rik məktubları verilib. 

Çoxcildliyin 135-ci kitabında dövləti­mizin başçısının Cənub Qaz Dəhlizi Məş­vərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivə­sində nazirlərin 2-ci iclaslarında iştirak edən bir sıra yüksəkvəzifəli şəxslər ilə görüşlərinə dair informasiyalar toplanıb. 

Prezident İlham Əliyev mart ayında, həmçinin Azərbaycana dövlət səfəri et­miş Qazaxıstan Respublikasının Prezi­denti Kasım-Jomart Tokayev ilə görüşüb, Azərbaycan-Qazaxıstan Ali Dövlətləra­rası Şuranın birinci iclasında çıxış edib, səfər çərçivəsində sənədlər imzalanıb, iki ölkənin prezidentləri birgə mətbuata bə­yanatlarla çıxışlar ediblər. Bütün bunlarla, eləcə də dövlət səfəri çərçivəsində Füzuli rayonuna gedən Qazaxıstan Prezidenti­nin orada Azərbaycan Prezidenti tərəfin­dən qarşılanmasına və iki ölkənin lider­lərinin Füzuli şəhərində iştirak etdikləri tədbirlərə, habelə birgə Şuşa şəhərinə səfərlərinə dair materiallarla yeni kitabda tanış olmaq mümkündür. 

Mart ayının mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi olub. Yeni nəşrə dövlətimizin başçısının Forumda çıxı­şının mətni və bu tədbirdə iştirak etmək üçün Azərbaycana gəlmiş beynəlxalq təşkilatların rəhbərləri, yüksəkvəzifəli şəxslərlə görüşləri haqqında məlumatlar da daxil edilib. 

Oxucu bu kitabda Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Türkiyə Respublikasının Prezident Administrasi­yasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin, Bolqa­rıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, NATO-nun Baş katibi Yens Stoltenberq, Konqo Respublikasının Prezidenti Deni Sas­su-Nqesso ilə keçirdiyi görüşlərə dair ma­teriallarla da tanış ola bilər. Dövlətimizin başçısının Rusiya Federasiyasına işgü­zar səfəri çərçivəsində Rusiya Prezidenti ilə, eləcə də iki ölkənin dövlət başçılarının Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin vete­ranları və işçiləri ilə birgə görüşlərinə dair informasiyalar da bu kitabda verilib. 

Yeni kitaba dövlətimizin başçısının 8 Mart - Beynəlxalq Qadınlar Günü münasi­bətilə Azərbaycan qadınlarına təbrikinin, Novruz bayramı münasibətilə Xankəndi şəhərində tonqal başından Azərbaycan xalqına müraciətinin və Ramazan bayra­mı münasibətilə Azərbaycan xalqına təb­rikinin mətnləri də daxil edilib. 

Aprel aynın mühüm hadisələrində biri ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” Foru­mu olub. Dövlətimizin başçısı Forumda iştirak edib və çoxsaylı sualları cavab­landırıb. Bu materialların bir qismi 135-ci kitaba daxil edib, həcm baxımından geniş olan Forumun materiallarının digər hissə­sinin isə 136-cı kitaba salınması nəzərdə tutulur. 

Bu nəşrdə, həmçinin dövlətimizin başçısının aprel ayında Hacıqabul, Qə­bələ rayonlarına, Gəncə şəhərinə səfər­ləri haqqında materiallarla da tanış olmaq mümkündür. 

“Azərnəşr” tərəfindən buraxılan 135-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏR­TAC) materiallarından istifadə olunub.

Son xəbərlər