Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir.
Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuror Valeri Petrov görüşdə ölkələrimiz arasındakı yaxın dostluq münasibətlərindən, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın əhəmiyyətindən danışıb.
Dəvətə görə Baş hərbi prokurora minnətdarlığını bildirən Xanlar Vəliyev dövlətlərimiz arasındakı doğma münasibətlərin yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. O, dövlət başçılarının hazırda səmimi münasibətləri uğurla davam etdirdiklərini, xalqlarımız arasındakı bağlılığı vurğulayıb.
Hərbi prokuror Xanlar Vəliyev Rusiya sülhməramlılarının səmərəli fəaliyyətindən də söz açıb. Ardınca tərəflər arasında hər iki ölkənin qanunvericiliyi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, eləcə də digər cinayətlərin istintaq taktikası, ibtidai araşdırma prosesində ortaya çıxan problemlər, onların həlli yolları ilə bağlı müzakirələr aparılıb.
Nümayəndə heyəti, həmçinin Aleksandr Nevski adına Hərbi Universitetlə tanış olub, azərbaycanlı kursantlarla görüşüb.
XQ