Xocalıya qayıdış Türkiyə mətbuatında

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qız­ları Arzu Əliyevanın Xocalıya səfəri Türkiyənin aparıcı media qurumları tərəfin­dən geniş işıqlandırılıb. 

Anadolu agentliyi, “TRT” televiziyası, “Milliyet”, “Sözcü”, “Star”, “Yeni Şafak” qəzetləri, “Haberler.com” və digər onlayn media qurumları dövlətimizin başçısının səfərinə diqqət ayırıblar. 

“Əliyev Xocalıya səfər etdi!”, “Azər­baycan bir daha belə acı yaşamayacaq”, “Ermənilərin soyqırımı törətdiyi Xocalıya azərbaycanlı ailələrin köçürülməsinə baş­lanıldı”, “Azərbaycan Prezidenti Xocalıda Ermənistana səsləndi”, “Əliyev xəbər­darlıq etdi: Ərazi iddiaları ilə bağlı yeni cəhdləri izləyirik”, “İşğaldan azad edilən Xocalıda yeni dövr: Azərbaycan ailələri qayıdırlar” və digər sərlövhələrlə yayımla­nan xəbərlərdə Prezident İlham Əliyevin Müstəqillik Gününü işğaldan azad edilən ərazilərdə, bu bölgələrə qayıdan keçmiş məcburi köçkünlərlə birlikdə qeyd etdiyi vurğulanır. 

Xəbərlərdə Azərbaycanın işğaldan azad edilən ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurd-yu­valarına qayıtmaları üçün həyata keçirilən Böyük Qayıdış proqramı haqqında məlu­mat verilib. Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində hə­yata keçirilən bərpa-yenidənqurma işləri, icra olunacaq yeni layihələr, o cümlədən əsaslı təmir edilən yaşayış kompleksi ilə tanış olublar. Dövlətimizin başçısı və bi­rinci xanım Xocalıya ilk qayıdan 20 ailəyə mənzillərin açarlarını təqdim ediblər. Ya­zılarda dövlətimizin başçısının Xocalıda həyata keçirilən işlər, o cümlədən yeni yaşayış binalarının inşası, fevralın 26-da Xocalıda xocalılılarla birlikdə təməli qoyu­lan Xocalı Memorial Kompleksinin yara­dılması barədə fikirləri diqqətə çatdırılıb. 

Məqalələrdə Prezident İlham Əliye­vin Xocalıda səsləndirdiyi fikirlərə istinad edilərək hər şeyin öz vaxtının olduğu, bi­zim doğma torpaqlarımıza qayıtmağımız, həm Vətən müharibəsi, həm də antiterror əməliyyatının xalqımızın gücünü, iradə­sini, əsgər və zabitlərimizin qəhrəmanlı­ğını bütün dünyaya sübut etməsi barədə fikirlərinə xüsusi yer verilib. Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikirlə­ri xüsusi vurğulanıb: “Onların qəhrəman­lığı, fədakarlığı sayəsində biz bu gün bu­radayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmiş­lər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də ki­fayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əl­bəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”. 

Yazılarda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı haqqında da məlumat verilib. Qeyd olunub ki, Azərbay­can Ordusunun keçirdiyi antiterror əmə­liyyatı nəticəsində bir çox ərazilər kimi, Xocalı da işğaldan azad edilərək əzəli sahiblərinə qaytarılıb.

Son xəbərlər