Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461 (Cild I); 2024, № 5 (I kitab), maddə 493; 2025, № 4 (I kitab), maddə 315, № 5, maddə 440, № 8, maddə 744) aşağıdakı dəyişikliklər edilsin:
1. 9-cu maddə üzrə:
1.1. 9.4-cü maddəyə “üstünlüyü” sözündən sonra “, bu Qanunun 9.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş hal istisna olmaqla” sözləri əlavə edilsin;
1.2. 9.5-ci maddə üzrə:
1.2.1. birinci cümləyə “arasında” sözündən sonra “notariat qaydasında təsdiq edilmiş” sözləri əlavə edilsin;
1.2.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi bu Qanunun 14-cü maddəsinə uyğun olaraq əlavə dövlət qeydiyyatına alınmalıdır.”.
2. 14-cü maddə üzrə:
2.1. 14.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14.1.5-ci maddə əlavə edilsin:
“14.1.5. ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə.”;
2.2. 14.2-ci maddədə “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə “özgəninkiləşdirilməsi” sözündən sonra “və ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi” sözləri əlavə edilsin.
3. 16.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“16.3. Bu Qanunun 14.1.2-ci və 14.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ipotekanın əlavə dövlət qeydiyyatına görə rüsumu ipoteka qoyan ödəyir, bu şərtlə ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Bu Qanunun 14.1.5-ci maddəsində nəzərdə tutulmuş halda dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödənilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2025-ci il

