Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə sözardı

post-img

Bu gün Azərbaycan elmi mühüm mərhələdən keçir. Müasir texnoloji innovasiyalar bütün texniki və humanitar sahələrə yeni  və strateji yanaşmanın zəruriliyini ortaya qoyur. Azərbaycanda bu sahənin əsas lakomativ qurumu AMEA və tərkibində olan institutlardır. Əlbəttə, AMEA və onunla ciddi əməkdaşlıq edən elmi-tədqiqat institutlarında müəyyən zaman kəsiyində inkişaf da olub, axsamalar da. Lakin problemlərin kökünə dərindən yanaşsaq görərik ki, Azərbaycan elmindəki müxtəlif illərdə qazanılan uğurlar və o cümlədən məhrumiyyətlər heç də öz-özünə baş verməmişdir. Burada mütləq şəkildə dövrün ictimai-siyasi vəziyyəti, rifahı və dövlət-elm münasibətlərinin səviyyəsinə nəzər salınmalıdır. Şübhəsiz ki, bu daha ədalətli yanaşma olar. İstənilən halda AMEA zamanın çətin sınağından çıxmağı uğurla bacarmışdır. Azərbaycanda ən böyük elm məbədi sayılan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi barədə Prezident sərəncamı, yubileyin yüksək səviyyədə təşkili və mötöbər qonaqların iştirakı ilə keçirilməsi AMEA-nın bundan sonrakı inkişafında yeni bir səhifə açdı. 

Yubileyin əhəmiyyətini artıran mühüm amillərdən biri də Prezident İlham Əliyevin tədbirə qatılması və proqram xarakterli çıxışı oldu.  Dövlət başçısı çıxışında Akademiyanın keçdiyi uzun və şərəfli yolu qeyd edərək, bu böyük  elm təşkilatının gələcəkdə ölkəmizin inkişafına verdiyi töhfələrin davamlı olacağına inamını ifadə etdi. Prezident İlham Əliyevin çıxışı dövlətin alim və ziyalı mühitlə  əlaqəsinin güclü və vacib olmasını göstərməklə yanaşı həm də  elmin yalnız tədqiqat meydanı deyil, həm də milli strategiyanın komponenti olduğunu sübut etdi. 

Dövlət başçısı xüsusi vurğuladı ki, elmə verilən dəyər, gələcəyə verilən dəyərdir. Elə təkcə bu fikir AMEA-nın 80 illik yubileyinin mahiyyətini açaraq elmi, elm qurumlarını inkişaf etdirməyin zərurliyini ortaya qoydu. 

Əlbəttə, Akademiyanın fəaliyyət tarixində görkəmli alimlər Yusif Məmmədəliyev, Zahid Xəlilov, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, İmam Mustafayev, Əziz Əliyev, Mirəli Qaşqay, Ziya Bünyadov və başqaları böyük zəhmətlər sərf ediblər. Amma akademiyanın tarixi yalnız nailiyyətlərdən ibarət olmayıb. Müəyyən dövrdə məhrumiyyətlər, çətinliklərlə də üz-üzə qalıb. Hətta 1990-cı illərin əvvəllərində qurumun ləğv edilməsinə cidd-cəhdlə çalışanlar da olmuşdu. 

Akademiyanın bağlanmasına, ləğv edilməsinə qarşı alimlər, tədqiqatçılar bağlanma deyil, yenilənmə və islahat təklif etmişdilər. Əks tərəfin arqumenti çox zəif idi. Onlar  Akademiyanı sovetlərə aid hesab edir və bağlanmasını təklif edirdilər. Lakin elmi məktəb nümayəndələri yaxşı anlayırdılar ki, bir yeri dağıtmaq asandır amma yenidən qurmaq isə müşkül, bəzən də mümkünsüzdür. Bu baxımdan, dövlət ağlı yenidən önə çıxaraq AMEA-nın qorunması, inkişafı və islahatlar aparmaq üçün konkret addımlar atdı, mühüm qərarlar qəbul edildi.   Çətin sınaqlara baxmayaraq AMEA qorundu, müasirləşdirildi, maddi-texniki bazası gücləndirildi. İstənilən böhranlı vəziyyətlərə baxmayaraq, Akademiyanın mövcudluğu və inkişafı milli strateji hədəf kimi qorunub saxlanıldı.

80 illik yubileydə dövlət başçısının, AMEA prezidentinin və digər tanınmış alim və ziyalıların səsləndirdiyi  fikirlərin ana xətti bu oldu ki,  elm dövlət siyasətində strateji sahə olmalıdır. Bu gün AMEA ölkənin əsas elmi idarəetmə və tədqiqat mərkəzidir. Tərkibində elmi-tədqiqat institutlarını birləşdirir, onları koordinasiya edir, o cümlədən yüzlərlə akademik və professorun, fəlsəfə doktorunun fəaliyyət göstərdiyi nadir təsisatdır. Bu baxımdan, AMEA-nın yubiley mərasiminin təntənəli şəkildə qeyd olunması və ölkə rəhbərinin və dünyanın nüfuzlu alimlərinin tədbirlə iştirakı həm də AMEA-da toplaşan yüzlərlə alimə, minlərlə tədqiqatçı üçün böyük mənəvi dəstək oldu. 

Beləlillə, AMEA-nın 80 illik yubiley tədbirləri  yalnız tarixi bir ölçüdə deyil, həm də gələcəyə yönəlik bir başlanğıcdır, desək yanılmarıq.Elmlər Akademiyası keçmişin elm irsini yaşadır, elmin dövlətçiliyə verdiği töhfəni nümayiş etdirir və gələcək nəsillər üçün bu sahədə motivasiya mənbəyi olmağı da üzərinə götürür. Prezidentin iştirakı və çıxışı bu mənada həm rəmzi, həm də praktik əhəmiyyət daşımaqla yanaşı həm də sübut etdi ki,  Azərbaycanda elm və inkişafı dövlətin diqqətindədir və bu həmişə də belə olacaqdır. 

Anar TURAN,

AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşı,

Milli Fikir və İnkişaf İctimai Birliyinin sədri

 

 

 

Elm