Dünəndən soraq verən yaddaş karvanının daş kitabları
Gəncə tarixi abidələri ilə öz gözəlliyini 4 min illik bir zaman kəsiyində qoruyub saxlamaqdadır. Bu abidələr sırasında qədim şəhərdə yan-yana yerləşən Şah Abbas və Uğurlu xan karvansaraları xüsusilə seçilir.
Şah Abbasın 1606-cı ildə tikdirdiyi karvansaranın layihələndirilməsinə və inşasına Şərqin böyük memarlarından olan Şeyx Bəhaəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpicdən inşa olunan karvansara iki mərtəbədən ibarətdir. Bu tarixi bina “Şeytan bazar”ın günçıxan səmtində tikilib və ikimərtəbəli geniş kvadrat formalı həyəti var. Uğurlu Xan Karvansarası isə 1663–1664-cü illərdə tikilib.
Tarixi mənbələrə görə, Şərqdə karvansaralar yaşayış evləri və məscidlərdən sonra əsas yeri tutur və əsasən, 2 qrupa – şəhər və yol qırağında tikilən karvansaralara ayrılır. Şəhər karvansaraları bazarlara yaxın ərazidə ucaldılırdı. Bu, uzaq ellərdən gətirilən malların bazara daşınmasını asanlaşdırırdı.Yol qırağında tikilənlər isə karvan keçən yerlərdə, bir-birindən ən azı bir günlük məsafədə olurdu. Bu tarixi abidələr dünya xalqlarının ədəbiyyat və mədəniyyətinin yayılmasına da xidmət edirdi. Özü də çox qonaqlı-qaralı, haylı-küylü olurdu. Şah Abbas karvansarası da həmçinin. Təəssüf ki, bu abidə 1905-ci ildə ermənilərin Gəncədə törətdiyi qırğınlar zamanı yandırılıb və ciddi dağıntıya məruz qalıb.
Şərqin əsas ticarət yolu üstündə yerləşən Gəncə öz karvansaraları ilə səyyah və tacirləri hər zaman heyran qoyub, tarixçilər də bunu qələmə alıblar. Bu abidələr əsrlərlə mümkün qədər qorunub və genişləndirilib. Əvvəllər binanın yalnız Tün bazarına, yəni indiki Gəncə mehmanxanasına baxan hissəsi ikimərtəbəli, arxa hissəsi isə birmərtəbəli olub. Sonradan əlavə olaraq, 2-ci mərtəbəsi ucaldılıb.
Çoxəsrlik tarixə, ulu ənənələrə və zəngin bədii təsvir vasitələrinə malik olan Azərbaycan memarlığının özünəməxsus səciyyəvi xüsusiyyətləri Gəncədə Şah Abbas karvansarasının xarici quruluşunda olduğu kimi, daxili interyerində də özünü göstərib. İri tağları onu daha əzəmətli göstərir. Burada sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusvari yarıqlar düzəldilib. Bura pəncərəsizdir, daxili işıqlandırma üçün lampa və şamlardan istifadə olunub. Yuxarı qalxan pilləkən 44 pillədən ibarət olmaqla, karvansaranın daxili interyerində yerləşdirib. Memar gümbəzdə 8 guşəli ulduz formasında olan şəbəkəli naxış kompozisiyasını yaratmaqla ona xeyli gözəl milli görkəm verə bilib. Burada mərkəzdən kənarlara doğru yayılan həndəsi naxış elementləri kompozisiyaya, bir növ sərbəstlik verir. Maraqlı cəhət burasındadır ki, karvansaranın otaqlarının qapıları oval şəklində hörülən dalanla birləşir. Eləcə də bina bütün karvansaralar kimi 4 tərəfdən uca divarlarla əhatə edilib. Bununla da onun qala tikililəri tipində olduğu görünür.
Tikilinin darvazalarının birindən karvan girir, digərindən çıxırdı. Axşamlar böyük darvazalar qala qapıları kimi bağlanardı. Burada otaqların qızdırılması üçün buxarılar da qoyulub. Tarixi mənbələr göstərir ki, XVII əsrin sonu–XVIII əsrin əvvəllərində Gəncə karvansaraları arasında bu məkan ən nüfuzlu və qonaqpərvər yerlərdən biri hesab edilirdi.
Ötən əsrin 70-ci illərində Ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən, yenidən Şah Abbas və Uğurlu xan karvansaralarında rəssam Cavanşir Məmmədovun rəhbərliyi ilə kompleks bədii tərtibat, bərpa və abadlaşdırma işlərinə başlanılıb. Qeyd etmək lazımdır ki, bununla da Azərbaycanın milli-mənəvi dəyərlərinin üzə çıxarılması, bu tarixi abidələrin bərpa olunub xalqın istifadəsinə verilməsi sahəsindəki əməli addımlar atılıb. Bu dövrdə karvansarada “Azərbaycan miniatürləri”, “Məhsəti Gəncəvi” qadın yaradıcılığı muzeyləri yaradılıb. 1981-ci ildə Ulu öndər Gəncəyə növbəti tarixi səfəri zamanı burada görülən işlərə baxıb, onun məsləhətləri əsasında bədii tərtibat işlərinin 3 istiqamətdə həyata keçirilməsi reallaşdırılıb. Karvansarayın gümbəzinin tərtibatında “Əfşan” bədii üslubunda Azərbaycan xalqının məişət həyatı improvizə edilib. Tərtibat işlərinin 2-ci qolu isə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığını ehtiva edən və qədim İpək yoluna həsr edilən illüstrativ kompozisiyalardan ibarət olub.
Müasir dövrümüzdə Şah Abbas və Uğurlu xan karvansaraları ölkə başçısı İlham Əliyevin xüsusi göstərişi əsasında yenidən bərpa olunub. Burada 2012-ci ildən təmir-bərpa işləri aparılmaqla, Şah Abbas və Uğurlu xan karvansaralarının xarici görünüşünün yaxşılaşdırılması üçün yeni layihə həyata keçirilib. Şah Abbas karvansarasının yan və arxa hissələrində, eləcə də Uğurlu xan karvansarasında da 2-ci mərtəbə ucaldılıb. Karvansaraların təmiri və yenidən qurulmasında bu günə kimi 800 minə yaxın kərpicdən və dam örtüyü üçün 90 min kirəmitdən istifadə olunub. İki karvansaranın ümumlikdə 120 otağı, 900 kvadratmetr uzunluğunda dəhlizi, həmçinin 4 daxili və 3 xarici girişi var.
Qeyd edək ki, tarixi abidənin bərpası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında icra edilib. Ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, mərtəbələrarası örtüklərin bərpası tamamlanıb və kommunikasiya xətləri çəkilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.
...Düz 40 il əvvəl dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü qeyd olunub. Ondan sonra hər il bu bayram keçirilib və insanların diqqəti abidələrin və tarixi yerlərin qorunmasına yönəldilib. Özünəməxsus yubileylə əlaqədar inamla deyə bilərik ki, ölkəmizdə mədəni irsin qorunması prioritet olaraq qalmaqdadır. Gəncə memarlıq kompleksinə daxil olan karvansaralar bunun əyani nümunəsidir.
Anar BURCƏLİYEV
Gəncə